23 Dekabr 2024, Bazar ertəsi

Kompüter gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsində, məlumatların daha operativ əldə olunmasında vacib amillərdən biridir. Bu vasitə ilə uşaq, yeniyetmə və gənclər yaradıcı bacarıqlara yiyələnə, müxtəlif mövzularda araşdırma apara, kitablar, məqalələr oxuya, biliklərini artıra bilərlər. Bir sözlə, kompüter və yeni texnologiyalardan düzgün istifadə uşaq və gənclərin müxtəlif biliklərə yiyələnməsində, dünyagörüşlərinin inkişafında faydalıdır. Bəs Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi uşaq və gənclərin kompüterin faydalarından düzgün yararlanmaları üçün hansı işləri görür? Elə bu sualla mərkəzin direktoru Vüqar Rəsulova müraciət etdik.

Müsahibimiz bildirdi ki, hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı yeni texnologiyaların intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Elə mərkəzdə informatika elminin tədrisinin əsas məqsədi və vəzifəsi də insanları kompüterlərin müasir vəziyyəti ilə, eləcə də ən son informasiya-kommunikasiya texnologiyalarının imkanları, tətbiqi dairələri ilə tanış etmək, onlara həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 9 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin yaradılmasında məqsəd də elə bu yöndədir. Hazırda Şərur və Culfa şəhərlərində mərkəzin filialları fəaliyyət göstərir. Ötən dövrdə istər mərkəzin, istərsə də filialların maddi-texniki bazası möhkəmləndirilib, müasir avadanlıqlarla təchiz olunub. Görülən işlər mərkəzdə təhsil alan tələbələrin bu sahədə dərin biliklərə yiyələnmələrində mühüm rol oynayır.

Mərkəzdə olarkən direktor müavini Nəriman Sadıxovla da həmsöhbət olduq. O bildirdi ki, burada kompüter kursları ilə yanaşı, xarici dil kursları, həmçinin dövlət qulluğuna kadr hazırlığı üçün seminarlar da keçirilir. Mərkəzdə elektron lövhə vasitəsilə dövlət qulluğunda çalışan gənclər üçün peşəkar kadrlar tərəfindən açıq dərslər təşkil olunur. Bu da həmin gənclərin öz peşələri üzrə ixtisaslaşaraq daha böyük nailiyyətlər əldə etmələrinə imkan yaradır.
Nəriman Sadıxov onu da qeyd etdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr mərkəzdə praktik işlərlə təmin olunur, istehsalat təcrübələri keçirlər.
Mərkəzin ən böyük nailiyyəti onun kadrlarıdır. Böyük iş təcrübəsinə malik olan ixtisaslı müəllimlər mərkəzə müraciət edən tələbələrin yüksək səviyyədə təhsil almaları üçün səylə çalışırlar. Peşəkar müəllimlər tərəfindən tədris olunan dərslər, tələbələrin informasiya texnologiyaları haqda biliklərə yiyələnmələrinə imkan yaradır. Mərkəzin təcrübəli müəllimlərindən Zeynəb Mazan­ova deyir ki, hazırda tədris mərkəzində 151 tələbənin iştirakı ilə 56 qrup fəaliyyətdədir. Burada kompüter texnologiyası üzrə tədris olunan ofis proqramları – Microsoft windows, word, excel, powerpoint, kompüter qrafikası proqramları – Corel draw, photoshop, web, dizayn proqramları – HTML, CSS, javascript, animasiya proqramları – AutoCAD, 3D max, archicad və digərləri daxildir.
Zeynəb Mazanova onu da qeyd etdi ki, tədrisin sonunda tələbələrdən yazılı və şifahi imtahanlar götürülür. Birinci mərhələ elektron test variantlı, ikinci mərhələ isə şifahi üsulla aparılır. İmtahanlardan müvəffəqiyyət qazanan tələbələrə dövlət qeydiyyatından keçmiş şəhadətnamə verilir.
Burada olarkən sinif otaqlarına da baş çəkdik, tələbələrlə həmsöhbət olduq. Naxçıvan Dövlət Universitetinin II kurs tələbəsi Aysun İsmayılova dedi ki, XXI əsr texnologiya əsridir və bu dövrdə texnoloji yeniliklərdən uzaq durmaq mümkün deyil. Bu gün hər bir gənc çalışmalıdır ki, öz potensialını dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirsin. Bunun üçün də kompüter vasitəsilə araşdırmalar aparmalı, elm və biliklərə yiyələnməli, müasir texnologiya vasitələrinin sirlərini öyrənməyə səy göstərməli, əldə etdiyi biliklərdən və gənclər üçün yaradılan bu imkanlardan dövlətimizin inkişafı naminə istifadə etməlidir.
Digər müsahibimiz III kurs tələbəsi Ramin Yusufov bildirdi ki, müasir dövrdə heç bir sahəni kompüter texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Çünki bu texnologiya vasitəsilə vaxt itirmədən, daha dolğun və daha çox mənbədən istifadə etməklə məlumatlar almaq mümkündür. Eyni zamanda kompüter vasitəsilə adi mətn yazmaqdan tutmuş ən çətin əməliyyatlaradək hər bir işi daha tez görmək mümkündür. Bu isə vaxta qənaət etmək baxımından çox əhəmiyyətlidir. Buna görə də informasiya texnologiyalarına daha dərindən yiyələnmək lazımdır ki, bu bacarıq və vərdişlərdən gələcəkdə səmərəli istifadə edək.
İnformasiya-kommunikasiya texnologiyaları ölkəmizdə, eləcə də muxtar respublikamızda prioritet sahələrdən biridir. Son illərdə muxtar respublikamızda bu sahənin inkişafı ilə bağlı mühüm addımlar atılıb, müxtəlif layihələr həyata keçirilib. İnformasiya texnologiyalarının tədrisi ilə bağlı görülmüş işlər isə gənc nəslin bu sahədə bilik və bacarıqlarının təkmilləşməsində onlara qlobal dünyanın yeniliklərindən lazımınca yararlanmağa imkan verir. Buna görə də gənclərimiz bu texnologiyanın nailiyyətlərindən düzgün istifadə etməli, qazandıqları bilik və təcrübə ilə ölkəmizin ümumi inkişafına öz töhfələrini verməlidirlər.

Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR