Hazırda dünyanın bir çox yerlərində tükənməkdə olan nadir bitkilərin qorunması üçün dövlət qoruqları və xüsusi mühafizə olunan təbii ərazilər mövcuddur. Lakin bioloji müxtəlifliyin qorunmasında və inkişaf etdirilməsində əsas missiyanı Nəbatat bağları həyata keçirir. Bu qəbildən olan bağlar həm də turizmin inkişafında mühüm rol oynayır. Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələri haqda tanıtım çarxlarında Nəbatat bağları haqda məlumatlar daha dolğun əksini tapır. Nəbatat bağlarının ən qədim nümunələrinə Çində və Aralıq dənizi sahili ölkələrində rast gəlinir. Meyvə ağacları, tərəvəzlər, dərman istehsalında lazım olan bitkilər bu bağlarda becərilir.
Muxtar respublikamızda Nəbatat bağının yaradılması 1972-ci ilə təsadüf edir. Belə ki, həmin il Azərbaycan Elmlər Akademiyasının təşəbbüsü və Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı ilə Babək rayonu ərazisində 10 hektar torpaq sahəsi ayrılıb, bu sahə suvarma suyu ilə təchiz edilib, uzun illər çəkilən zəhmətin nəticəsində bugünkü Nəbatat bağı ərsəyə gəlib. İndi bu bağ hər kəsin zövq aldığı yaşıl məkan olmaqla yanaşı, həm də bu sahədə tədqiqat aparan alimlərin baş çəkdiyi ünvandır. AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun nəzdində fəaliyyət göstərən Nəbatat bağında indi dünyanın bir çox guşələrindən gətirilmiş bitkilər yetişdirilir.
Bu bağ füsunkarlığı ilə insanları özünə cəlb edir. Ötən günlərdə biz də həmin bağda olduq, burada görülən işlərlə maraqlandıq. İncə zövqlə əkilmiş bitkilərin yaratdığı ecazkar gözəllik bizi heyran etdi. AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayevlə birlikdə bağı gəzdik. Ərazidə irəlilədikcə ağacların kölgəsində baş-başa verən bitkilərin arasında insan özünü dünyanın başqa bir əsrarəngiz guşəsində hiss edir.
Müsahibim söhbət zamanı dedi ki, Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov tərəfindən Gürcüstanın Batumi Nəbatat bağından əvvəlki illərdə xeyli sayda ağac və kol toxumları gətirilərək introduksiya edilib. Nəbatat bağında muxtar respublikamızın bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılır. Bağda Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıq dənizi ölkələrinin, Cənub-Şərqi Asiyanın, Orta Asiyanın, Uzaq Şərqin, Qafqazın zəngin flora nümunələri vardır. Hazırda muxtar respublikanın iqlim şəraitinə uyğunlaşa biləcək müxtəlif növlər üzərində elmi-tədqiqat işləri aparılır. Əsas məqsədlərdən biri də Naxçıvanda botanika ilə məşğul olan və bitkilər aləmi ilə maraqlanan hər kəsi buraya cəlb etmək, onu elmi-tədqiqat işlərinin mərkəzi etməkdir. Müsahibimiz bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Nəbatat bağında inzibati bina tikilib istifadəyə verilib.Yaradılan gözəl şərait elmi işçilərin daha rahat şəkildə işləmələrinə imkan yaradıb.
Ötən müddət ərzində aparılan yenidənqurma işləri nəticəsində bağın sahəsi də artırılaraq 13,2 hektara çatdırılıb, ərazisi işıqlandırma sistemi ilə təchiz edilib, ağaclardan yaradılan xiyabanların gəzinti yollarına çınqıl örtüyü verilib. Həmçinin “Ultra Sera” tipli son texnologiyaya malik istixana yaradılıb. Bu istixananın ən əsas özəlliklərindən biri də havalandırma sistemlərinin avtomatikliyi, rütubət və bu məkanlar üçün vacib olan elementlərin müasir avadanlıqlar vasitəsilə tənzimlənməsidir. İstixana xüsusi formada qurularaq, istiliyin daxildə akkumulyasiya edilməsi üçün hesablanıb və bu da sərf ediləcək enerji itkisinə müəyyən dərəcədə qənaət edilməsinə imkan verib. Buradakı əkin işləri də tamamlanıb.
Nəbatat bağında olan istixanaya daxil olduğun ilk andan bitkilər, güllər, çiçəklər aləminə düşürsən. Burada bir çox nadir, sitrus, Hind-Çin, Afrika, Avstraliya, Ərəbistan və digər müxtəlif mənşəli bitkilər olmaqla, 10 bölmə yaradılıb, 100-ə yaxın bitki əkilib-becərilir. Bura müxtəlif ölkələrdən xeyli sayda ağac-kol və dekorativ bitki növləri gətirilib, əkilərək sınaqdan keçirilir.
Bağda xarici ölkələrdən gətirilən bitkilərlə yanaşı, həm də nadir bitkilər, Qırmızı Kitaba daxil edilmiş 43 geofit bitki yetişdirilir. Burada çox sayda ağaclar, kollar, çiçəklər, yerli və xarici floralara mənsub olan bitki növləri toplanıb. Nəbatat bağında indiyədək respublikanın müxtəlif yerlərindən gətirilmiş ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik olan bitkilər əkilərək introduksiya olunub. Bunlardan mədəni üzüm, daryarpaq iydə, gümüşü iydə, vənyarpaq ağcaqayın, İran meliyası, qaraağac, həqiqi püstə, Şərq platikladusu, adi zirinc, meyer dəvəayağı, santalin yovşanı, süpürgəvarı sabunağacı, Qafqaz dağdağanı, nalbənd qaraağac, Suriya hibiskusu, robur palıdı, gürcü doqquzdonu, yunan qozu, qara qoz, boz qoz, Şərq çinarı və başqalarını qeyd etmək olar. Son dövrlər məhv olmuş hesab edilən botta zarəvəndi tapılaraq kolleksiyaya daxil edilib. Bundan əlavə, Gürcüstan, Türkiyə və Rusiya botanika bağlarından gətirilən 68 ağac, kol və dekorativ bitki növü də introduksiya edilənlər siyahısındadır.
Teyyub Paşayev onu da qeyd etdi ki, Nəbatat bağında geniş ictimaiyyət üçün məlumatlandırıcı yığıncaqlar və tədris kursları da təşkil edilir, burada tələbə və şagirdlərə əyani şəkildə dərslər keçilərək botaniki biliklər haqqında ətraflı məlumat verilir. Bundan başqa, hər həftənin şənbə günü Naxçıvan şəhərində yerləşən təşkilatlar Nəbatat bağına ekskursiya edirlər. Bağın muxtar respublikada tətbiq olunan muzey günlərinin qrafikinə salınması, müxtəlif təşkilatların kollektivlərinin bura ilə tanışlığı onun həm də bir muzey kimi qorunub saxlanılması, zənginləşdirilməsi baxımından əhəmiyyətli olduğunu göstərir. Qeyd edək ki, Nəbatat bağı təbiət gözəlliklərini duymaq, belə gözəlliklərin qədrini bilməklə yanaşı, şagird və tələbələrdə təbiət elmlərinə marağın artırılması, Bioresurslar İnstitutunun elmi fəaliyyətinin tanıdılması, bu istiqamətdə tədbirlərin keçirilməsi, alimlərin təcrübəsindən yararlanmaq kimi maraqdoğuran digər fəaliyyətlərin reallaşdırılması üçün də son dərəcə əhəmiyyətlidir. Nəbatat bağında Avropa və Aralıq dənizi florası, nadir bitkilər genofondu, gülçülük, dərman bitkiləri və meyvə genofondu sahələri yaradılıb. Nadir bitkilər genofondu sahəsində xeyli sayda nadir, endemik və məhv olmaq təhlükəsi altında olan bitki becərilir. Təcrübə sahəsində yumşaq və bərk buğdanın müxtəlif sortları üzərində tədqiqat işləri aparılır.
Naxçıvan sakinləri və muxtar respublikanın qonaqları bağa gələrək öz istirahətlərini mənalı keçirə bilərlər. İstixanada becərilən seresis, aqava, maldili, vaşinqtoniya, cırtdan nar, kağız gülü, araukoriya, portağal, limon, mimosa, dağ mavi gözü, çimli daşdələn, zəncəfil və digər bitkilər insanı heyran edir, floranın sehrinə salır. Əminliklə demək olar ki, bu bağ gələcəkdə əhalinin tez-tez baş çəkəcəyi ən sevimli ünvanlardan biri olacaq.
Nail ƏSGƏROV