Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən ali təhsil ocaqlarında “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə həyata keçirilir. Həmin proqram-layihə çərçivəsində Naxçıvandan olan 12 tələbə Çinin “Huawei” şirkətində istehsalat təcrübəsində olub.
Dünən təcrübəni uğurla başa vuran tələbələrlə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində görüş keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin müavini Rəşad Həsənov çıxış edərək bildirib ki, nazirlik ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti arasındakı əməkdaşlığın davamı olaraq muxtar respublikada “Gələcəyin İKT sahəsindəki toxumları” adlı ikinci proqram-layihə reallaşdırılıb. İyunun 1-də “Naxçıvan” Universitetində yay düşərgəsində iştirak edəcək tələbələrin seçim turu təşkil edilib. 40 tələbənin qatıldığı proqram-layihə çərçivəsində komissiya üzvləri informasiya-kommunikasiya texnologiyaları sahəsində hərtərəfli biliyə malik olan 12 ən yaxşı tələbəni seçiblər. İyul ayının 13-25 tarixlərində həmin tələbələr Çin Xalq Respublikasının “Huawei” şirkətinə istehsalat təcrübəsinə yollanıblar.
Qeyd edilib ki, proqram çərçivəsində əvvəlcə Pekində Çin mədəniyyəti ilə tanışlıq olub, “Çin səddi” və “Saray Muzey Kompleksi” tarixi yerləri ziyarət edilib, Çinin əyləncəli rəsm sərgisinə baxılıb. Sonra təcrübəçi tələbələr Şenjen şəhərinə yola düşüblər. Naxçıvanlı tələbələr “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən baş ofisinin Treninq Mərkəzində müasir texnologiyaların öyrənilməsi və istehsalı üzrə təlimlər keçiblər. İnformasiya-kommunikasiya texnologiyalarının daha təkmil öyrənilməsi məqsədi daşıyan təcrübə kursu şirkətin ayrı-ayrı peşəkar mütəxəssisləri tərəfindən aparılıb, tələbələrə sertifikatlar və hədiyyələr təqdim olunub.
İstehsalat təcrübəsi haqda slaydların nümayiş etdirildiyi görüşdə Çinin “Huawei” şirkətində təcrübə keçən tələbə heyətinin qrup rəhbəri Elvin Nəcəfov, Pərviz Babayev, Əhməd Heydərli, Fatma Həsənova və başqaları çıxış edərək göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə və təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Çinin “Huawei” şirkəti ilə tanışlıq onlarda unudulmaz təəssürat yaradıb. Bu şirkətin ən müasir istehsal imkanlarına malik olduğunu qeyd edən tələbələr gələcək fəaliyyətlərində təşəbbüskar, çalışqan və məsuliyyətli olacaqlarını, dövlətimizin göstərdiyi qayğıya daha yaxşı təhsil almaqla cavab verəcəklərini bildiriblər.
Görüşdə Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək diqqətə çatdırıb ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı Sərəncam ilə ali təhsil ocaqlarının bir sıra ixtisasları muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Nazirlik tərəfindən müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin təcrübə qazanmaları üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
“Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətinə 2002-ci ildə Naxçıvandan başladığını və ötən dövrdə yaxşı əlaqələrin qurulduğunu tələbələrin diqqətinə çatdıran Rövşən Məmmədov bildirib ki, əməkdaşlığın ən yüksək səviyyədə davam etdirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində mümkün olub. Əminliklə demək olar ki, Çinin “Huawei” şirkətində istehsalat təcrübəsi keçən və sertifikat alan tələbələr bu təcrübədən layiqincə yararlanacaq, Naxçıvanın gələcək iqtisadi inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər.
Səbuhi HÜSEYNOV