Seyid Səbri Mirsadıq oğlu Əsədli (1896-1974) Naxçıvan torpağının yetişdirdiyi tanınmış yaradıcı ziyalılardan biri olmuşdur. O, maliyyəçi-iqtisadçı kimi ömürboyu ixtisasına uyğun istiqamətlərdə işləməyə üstünlük versə də, Naxçıvanın ədəbi-mədəni mühitində özünəməxsus müəyyən iz buraxa bilmişdir.
S.Səbri 7 avqust 1896-cı ildə Naxçıvan şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atası Mirsadıq kişinin özü təhsilsiz olsa da, oğlu Səbri yeddi yaşına çatanda onu Naxçıvan şəhər məktəbinə qoymuşdur. Səbri məktəbdə oxuya-oxuya həm də qəzet-jurnal satmaqla məşğul olurmuş. 15 yaşında atasını itirən Səbri ailəsini maddi cəhətdən təmin etmək üçün 1920-ci ilədək ən ağır işlərdə çalışmışdır. Arxiv sənədlərindən aydın olur ki, 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra S.Səbri Naxçıvan Xalq Maarif Komissarlığında kuryer (1920-1922), Naxçıvan Şəhər Məhkəməsində iş icraçısı (1922-1923), Naxçıvan şəhər Duzdağ mədəni işçiləri məktəbində müəllim (1924-1925), Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsində iqtisadçı (1925-1927) vəzifələrində işləmişdir.
1927-ci ildə S.Səbri Bakı Dövlət Universitetinə təhsil almağa göndərilir. 1931-ci ildə buranı bitirən S.Səbri 1931-1932-ci illərdə ikiillik Bakı Plan İqtisad İnstitutunun İqtisad-maliyyə fakültəsində təhsilini davam etdirərək mühasib-iqtisadçı ixtisasına yiyələnir.
Ali orta təhsil aldıqdan sonra S.Səbri artıq bir mütəxəssis kimi əmək fəaliyyətinə başlayır. Arxiv sənədlərində onun institutu bitirdikdən vəfatınadək müxtəlif idarə və təşkilatlarda inspektor, iqtisadçı, mühasib, baş mühasib, müfəttiş vəzifələrində işləməsi göstərilmişdir.
S.Səbri 1974-cü ildə 80 yaşında vəfat etmişdir.
Harada işləməsindən asılı olmayaraq, S.Səbri bədii yaradıcılıqla da məşğul olmuş, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni mühitində özünəməxsus iz buraxan bir ziyalı və yaradıcı şəxs kimi tanınmışdır.
“Şərq qapısı” qəzetinin ilk müxbirlərindən biri olan S.Səbri məqalələrini nəinki təkcə bu qəzetdə, həmçinin Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc etdirmişdir. Araşdırmalar nəticəsində S.Səbrinin “Şərq qapısı” qəzetinin 1925-1926-cı illərdəki nömrələrində “S.S.”, “Səbri”, “Seyid Səbri” imzaları ilə çap olunan xeyli məqaləsini aşkara çıxara bilmişik. Həmin illərdə işıq üzü görən “Darülmüəllimində”, “Axşam texnikumu lazımdır”, “Hansı vasitələrlə qəzetəmiz intişar tapar”, “Tazə həkim”, “İt boğuşdurmaq”, “Su işçilərinin yaxşılarından istifadə etməli”, “Oğurluq”, “Məhkəmədə”, “Kooperativ lazımdır”, “Bu gün” məqalələrinin əsas mövzusu maarif və mədəniyyətin təbliği, gerilik, xurafat və nadanlığın tənqidi, bəzi neqativ hallar və şəhər həyatı ilə bağlı problemlər olmuşdur. Bu məqalələrin təhlili göstərir ki, o, fəal bir müxbir kimi öz dövrü üçün aktual məsələləri gündəmə gətirmiş və oxuculara təqdim edə bilmişdir.
S.Səbrinin bizə çatan əlyazmalarının içərisində “Sözə baxmaq ədəbdəndir”, “Söhbət”, “Yapma-boyalı adətlər”, “Gözəl tədbirlər” kimi felyetonları da vardır. “Xalqdan pul alaraq dövlət qanununu pozan” və “xaltura ilə məşğul olan” taksi və dövlət maşınlarının sürücülərini, əməlləri Naxçıvanda su qıtlığına gətirib çıxaran bacarıqsız məmurları, tüfeyliləri, milli toy ənənələrini pozub şənlik məclislərini “hərrac bazarına” çevirənləri tənqid atəşinə tutan bu felyetonlarının mövzusu, kompozisiya və süjeti, bədiilik səviyyəsi, ümumi və konkret faktlı olması, müəllifin ictimai fakt və hadisələri seçib mətnə daxil etməsi və onları müqayisələndirməsi, satirik və yumoristik gülüşdən istifadəsi göstərir ki, o, bu janrın tələblərini yaxşı bilmişdir.
AMEA Naxçıvan Bölməsinin təməli hesab etdiyimiz “Naxçıvanı Tədqiq və Tətəbbö” Cəmiyyəti 1925-ci ildə yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən tapıb aşkara çıxardığımız iclas protokollarından və S.Səbrinin “Şərq qapısı”nda dərc etdirdiyi bəzi məqalələrindən aydın olur ki, o da cəmiyyətin ən fəal üzvlərindən biri olmuşdur. S.Səbri burada əsas diqqətini üzvlərdən tələb olunan “xalq ədəbiyyatına, ölkənin yaşayışı, iqtisadi-ictimai üsuluna, asari-ətiqəyə, cümhuriyyətdə olan cürbəcür ləhcə və lüğətlərə dair məlumatları toplamağa” yönəltmiş, eyni zamanda Naxçıvanın “asari-ətiqəsini” və cəmiyyətin gördüyü işləri təbliğ etməyə səy göstərmişdir. “Quyulu dağ”, “Ordubad qəzasında asari-ətiqə”, “Tədqiq və Tətəbbö Cəmiyyətində” adlı məqalələri onun bu istiqamətdə necə səmərəli fəaliyyət göstərməsini nümayiş etdirir.
S.Səbri qurumun elmi-təşkilati işlərində də fəallıq göstərmişdir. Əlimizə gəlib çatan protokollardan məlum olur ki, 1925-1928-ci illərdə keçirilən 6, 7, 9 və 30-cu iclaslara katiblik etmək S.Səbriyə həvalə olunmuşdur.
Məhz onun qələminin sayəsində biz cəmiyyətin iclaslarında baxılan və müzakirə olunan Xaraba Gilanda qazıntı işlərinin planlaşdırılması, professor Modinin Naxçıvandan Təbrizə yola salınması, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay münasibətilə Naxçıvanda nəzərdə tutulan tədbirlərdə oxunulacaq məruzələrin hansı mövzuda olmasının müəyyənləşdirilməsi, Sankt-Peterburqdan olan professor A.A.Millerin Qızılburunda apardığı qazıntı işlərinin nəticələrinə aid məruzəsi, Möminə xatın məqbərəsindən muzey kimi istifadəyə dair təkliflərin verilməsi, türkoloji qurultay münasibətilə oxunulacaq məruzələrin vaxtı və mövzularının dəqiqləşdirilməsi haqqında geniş məlumatlar ala bilirik.
Bir sıra arxiv sənədləri və digər tədqiqat materialları S.Səbrinin 1920-1940-cı illərdə Naxçıvan teatrında bir aktyor kimi fəaliyyət göstərdiyini də təsdiq edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Dövlət Dram Teatrının 1932-1935-ci illərə aid şəxsi heyətin əmr kitabları və əməkhaqqı cədvəllərində S.Səbrinin adına tez-tez rast gəlmək olur. Məsələn, 1933-cü ilə aid əməkhaqqı cədvəlində 17 noyabrda U.Şeksprin “Otello”, 11 dekabrda isə “Əsli və Kərəm” tamaşalarındakı iştirakına görə S.Səbriyə əməkhaqqı yazılmışdır.
S.Səbrinin 1934-cü ildə C.Cabbarlının “Yaşar” pyesində kənd şura katibi, 1936-cı ildə isə “Od gəlini”ndə məzarçı rollarını ifa etməsi haqqında da məlumatlar vardır. Yuxarıda adını çəkdiyimiz əmr kitabında S.Səbrinin 1935-ci ildə teatrın yaradıcı heyətinin tərkibinə daxil edilməsi və teatrda “axşamlar işləməklə aktyor təyin olunması” haqqında əmrlərə də rast gəlinir.
S.Səbrinin Naxçıvan teatrında göstərilən tamaşalarda ona tapşırılan rolları necə ifa etməsi bizə bəlli deyil. Yəqin ki, o, bu teatrda peşəkar yox, həvəskar bir aktyor kimi öhdəsinə düşən vəzifəni yerinə yetirə bilmişdir.
Teatr sənəti ilə bağlılığı S.Səbrini dramaturgiya sahəsində də qələmini sınamağa sövq etmişdir. Əvvəlcə o, “Cəhalət pərdəsi” (1926), “Qızıl Naxçıvan” (1936) kimi səhnəciklər, konsert proqramları üçün kupletlər və meyxanalar (1933-1936), sonralar isə “Azadlıq günəşi” (1963), “Qansoranlar” (1968), “Kimdir müqəssir?” (1970) kimi nisbətən irihəcmli pyeslər yazmışdır.
S.Səbrinin bədii irsinin digər hissəsini lirik və satirik şeirlər, bəhri-təvil və meyxanalar təşkil edir. Onun bədii əsərlərinin heç birinin mətbu variantına rast gəlməmişik. Avtoqrafları AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda mühafizə olunan bu əsərlər vətən, məhəbbət, təbiət gözəllikləri, maarif və mədəniyyətin təbliği, cəhalət və mövhumatın ifşası, zülm və zorakılığa etiraz mövzusundadır. Həmin əsərlərin bir çoxunun çap olunması nəzərdə tutulub.
Beləliklə, əldə etdiyimiz bütün fakt və materiallar onu göstərir ki, XX əsrin əvvəllərində Naxçıvan ədəbi-mədəni mühitində yetişən və respublikada mətbuat və teatrın inkişafına öz töhfələrini verən, eyni zamanda bədii əsərləri ilə oxucuların dünyagörüşünün maarifçilik istiqamətində formalaşmasına və bəzi ictimai eybəcərliklərin islahına çalışan S.Səbrinin ədəbi-ictimai fəaliyyəti və yaradıcılıq yolu tədqiq olunmağa layiqdir.
Fərman Xəlilov
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru,
filologiya üzrə elmlər doktoru