Naxçıvan Muxtar Respublikasında iqtisadi səmərəlilik baxımdan gəlirli sahələrdən olan üzümçülüyün elmi əsaslarla inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu sahəyə ildən-ilə dövlət qayğısı artırılır, fermer təsərrüfatları yaradılır, yeni üzüm bağları salınır. AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasında aparılan elmi-tədqiqat işləri bu baxımdan mühüm elmi-praktik əhəmiyyətə malikdir.
Bu günlərdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə elmlər doktoru Varis Quliyev və AMEA Genetik Ehtiyatlar İnstitutunun Meyvə bitkiləri şöbəsinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayevin müəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının üzüm genofondu və seleksiyası” monoqrafiyası üzümçülüyün inkişafına dəyərli töhfələr verə biləcək elmi əsər kimi diqqəti cəlb edir.
Monoqrafiya giriş və 6 fəsil olmaqla, 269 səhifədən ibarətdir. Kitabda üzümçülüyün dünya miqyasında, həmçinin Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında müasir vəziyyəti, əsas tədqiqat sahələri, aqrar sektorda əhəmiyyəti və gələcək inkişaf istiqamətləri öz əksini tapıb. Muxtar respublikamızda üzümün ekoloji problemləri təhlil edilib, həmin problemlərin həlli yolları göstərilib. Bununla bərabər, Naxçıvanda üzüm genofondunun ampeloqrafik tədqiqinin nəticələri, introduksiya olunmuş üzüm sortlarının biomorfoloji və aqrobioloji xüsusiyyətlərinin tədqiqi ilə bağlı geniş məlumatlar diqqəti cəlb edir. Bölgədə aparılan üzüm seleksiyasının əsas istiqamətləri, seleksiya yolu ilə alınmış iqtisadi əhəmiyyətli yeni sortların tədqiqinə əsaslanan yeni üzüm sort və formalarının ampeloqrafik təsviri də oxucuların marağına səbəb olacaq. Monoqrafiyanın sonunda əldə olunmuş elmi nəticələr, təkliflər yer alıb, elmi nəticələrin ümumiləşdirilməsində müvafiq cədvəllərdən, sxem, diaqram və histoqramlardan, fotoşəkillərdən istifadə edilib.
Qeyd edək ki, monoqrafiya bölgədə üzüm genofondunun kompleks tədqiqinə və seleksiya problemlərinə həsr olunmuş ilk elmi əsərdir. Yeni nəşrdə muxtar respublika ərazisində yayılan yabanı üzüm biotiplərinin – 92 aborigen, 23 introduksiya olunmuş üzüm sortunun, həmçinin seleksiya yolu ilə əldə edilmiş klon və formaların biomorfoloji, aqrobioloji xüsusiyyətləri, iqtisadi qiymətləndirmənin nəticələri öz əksini tapıb. Kitabda aborigen sortların morfogenetik analizlərinin nəticələri, yeni hazırlanmış üzümün ampeloqrafik rəqəmsal təyini üsulu və poliploid formaların alınması üçün metodikalar, həmçinin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmiş yeni sortların təsvirləri verilib.
Elmi əsər magistrlər, doktorantlar, elmi işçilər, üzümçülüklə məşğul olan fərdi təsərrüfat sahibləri, fermerlər üçün əsaslı elmi mənbə rolunu oynayır.
Rauf KƏNGƏRLİ