23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri üzrə 2016-2017-ci tədris ilində tam orta təhsil səviyyəsində  qızıl və gümüş medala layiq görülmüş məzunlara medallar təqdim edilib. 

Təqdimat mərasimində ­çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov bildirib ki, muxtar respublikamızda bütün sahələrlə yanaşı, təhsil sahəsində də ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi yüksək diqqət və qayğının nəticəsində ilbəil yeni təhsil müəssisələrinin tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması, ümumtəhsil məktəblərinin ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmini, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı işlər aparılır.
Təhsil naziri bildirib ki, hər cür qayğı ilə əhatə olunmuş məktəblilərin, xüsusən də buraxılış siniflərini bitirən məzunların biliyinin yekun qiymətləndirilməsinin aparılması və nəticələrə uyğun olaraq təltif olunması diqqətdə saxlanılan məsələlərdəndir. Tam orta təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların fərqlənmə attestatı, qızıl və ya gümüş medallarla təltif olunması da bu gün gənclərimizə göstərilən dövlət qayğısından xəbər verir. “Təhsil haqqında” Qanunun 19.8-ci maddəsinə uyğun hazırlanmış qaydalara əsasən, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələr ilə yanaşı, nümunəvi davranışı ilə fərqlənən, respublika fənn olimpiada­larının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülən məzunlar qızıl və ya gümüş medalla təltif olunurlar.

Muxtar respublika rəhbərinin təhsilə göstərdiyi qayğı nəticəsində bu il də məzunlarımızın bir qrupu təltifə layiq görülüb. Belə ki, 2016-2017-ci tədris ilinin yekunlarına görə ümumtəhsil məktəblərini ümumi orta təhsil bazası üzrə bitirən 3720 məzundan 79-u fərqlənmə attestatına, tam orta təhsil bazası üzrə 2973 məzundan isə 113-ü fərqlənmə attestatına, 6-sı gümüş medala, 15-i qızıl medala layiq görülüblər. Muxtar respublikamızda yaradılmış şərait nəticəsində qabaqcıl təhsil mühiti formalaşıb, şagirdlərin təhsilə marağı artıb. Bunu son illər ali və orta ixtisas təhsili məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələrində qeydə alınan irəliləyişlər bir daha göstərir.
Vurğulanıb ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, son illər məktəbi yüksək qiymətlərlə bitirən məzunlardan 86-sı qızıl, 69-u isə gümüş medala layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda 500-700 bal intervalında nəticə göstəriblər.
Sonra qızıl və gümüş medalların təqdimatı olub.
Məmməd Qəribov qızıl və gümüş medallarla təltif olunan, fərqlənmə attestatına layiq görülən və ümumilikdə, 2016-2017-ci tədris ilində məktəbi bitirən bütün məzunları təbrik edib, qarşıdan gələn ikinci mərhələ qəbul imtahanlarında onlara uğurlar arzulayıb.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin məzunu, qızıl medala layiq görülmüş Tunay Rzayev göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirib.
Qeyd edək ki, görüşdə tam orta təhsil səviyyəsində 113, ümumi orta təhsil səviyyəsi üzrə isə 79 fərqlənmə attestatı verilib.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR