Beşinci ixtisas qrupu üzrə ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əvvəlki ilin məzunları üçün qəbul imtahanı, ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsi və eksternat qaydasında buraxılış imtahanı keçirilib.
İmtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Lənkəran, Xaçmaz, Göyçay və Şirvanda 52 imtahan mərkəzində təşkil olunub və ümumilikdə, 26 min 709 abituriyentin öz bilik səviyyəsini təsdiqləmək üçün şərait yaradılıb.
Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 17 min 928 nəfər əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4886 nəfər əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada istirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan 914 nəfər IX sinif, 2981 nəfər isə XI sinif şagirdi iştirak edib.
İmtahanların idarə olunması üçün 188 imtahan rəhbəri, 2182 nəzarətçi-müəllim ayrılıb.
İmtahanlarda iştirak edən şagirdlər imtahana buraxılış vərəqəsini internet vasitəsilə iyunun 30-dan etibarən əldə ediblər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunub. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.
Naxçıvan şəhərində bu imtahanlar 1, 7 və 14 nömrəli tam orta məktəblərdə, ümumilikdə, 79 zalda keçirilib. İmtahanlarda 1785 nəfər iştirak edib. İmtahanlara 164 nəzarətçi, 12 rəhbər, 3 ümumi rəhbər və 12 mühafizə işçisi cəlb olunub.
Nəticələr yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.
Fatma BABAYEVA