23 Dekabr 2024, Bazar ertəsi

Bu gün muxtar respublikada Naxçıvana dair əlyazma kitablarının zəngin xüsusiyyətləri, onların müəllifləri, xəttatları, miniatürçü rəssamları, nəqqaş-müzəhibləri və bədii cild ustalarının yaratdığı sənət əsərləri barədə araşdırmalar aparılır. Ötən günlərdə AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun şöbə müdiri, dosent Səbuhi İbrahimovun “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” adlı yeni monoqrafiyası işıq üzü görüb. 

Bu monoqrafiyada müəllif AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda və bir sıra ölkələrin kitabxanalarında mühafizə olunan türkdilli, ərəbdilli və farsdilli əlyazmalara müraciət edib. Akademik Teymur Kərimlinin məsləhətçiliyi, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin elmi redaktorluğu, filologiya üzrə elmlər doktoru, professor Sənan İbrahimov və filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun rəyi ilə “Elm və təhsil” nəşriyyatında çap olunan bu kitab Naxçıvana dair əlyazma mətnlərinin qaynaqları, təsvir prinsipləri, filoloji-tekstoloji təhlilinə əsaslanan ilk monoqrafiyadır. Nəşrdə Əbu Bəkr ibn Xosrov əl Ustadın “Munisnamə”, Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabəd-Dümü” kitabları, Əsədi Tusinin “Gərşaspnamə” epopeyası, Məhəmməd Tağı Sidqinin “Dilimiz və məktəbimiz” məktubu, Məmməd Səid Ordubadinin “Qanlı sənələr”, Türkiyə Cümhuriyyətinin Osmanlı arxivində saxlanan “Naxçıvan sancağı” adlı əlyazmalar və digər əsərlər elmi cəhətdən təhlil olunur. Bununla bağlı bəzi suallara cavab tapmaq üçün AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun şöbə müdiri, dosent Səbuhi İbrahimova müraciət etdik:

– Naxçıvana dair əlyazma kitablarının əsas xüsusiyyətləri nələrdir?

– Dünyanın bir çox ölkələrinin muzey və kitabxanalarında saxlanılan qiymətli əsərlər Naxçıvana dair əlyazma kitablarının zəngin xüsusiyyətlərindən xəbər verir. Bu günə qədər gəlib çatan Naxçıvana dair əlyazma mətnlərini, əsasən, üç qrupa – adi, orta və yüksək səviyyədə tərtib olunmuş kitablara bölmək olar. Naxçıvana dair əlyazmaların zəngin xüsusiyyətlərindən hesab edilən kitab mədəniyyətinin yaranması və onun tərtib edilməsinin əsas səbəblərindən biri Naxçıvanda xəttatlıq sənətinin inkişafı olub.
Məlum olduğu kimi, orta əsrlərdə Azərbaycan – türk, ərəb və fars dillərində olan əsərlərin hamısı ərəb əlifbası ilə yazılırdı. Nəstəliq xəttinin geniş yayılmasına baxmayaraq, Naxçıvan xəttatları nəsx, süls, reyhani, tövqi, rüqə, mühəqqəq, təliq və sair xətlərdən də istifadə ediblər. Naxçıvan xəttatları həm də daha iti yazılan və kağızda az yer tutan şikəstə xəttinə də üstünlük veriblər. Naxçıvanda nəfis əlyazma kitablarının yaranmasında xəttatlarla yanaşı, miniatürçü rəssamlar, nəqqaş-müzəhiblər və bədii cild ustaları iştirak ediblər. Qərb ustalarının hazırladıqları cildlərdən fərqli olaraq, Naxçıvanda əlyazma kitablarının kötüyü hamar, qapaqları səhifələrlə eyni ölçüdə olub.
Cildçilik sənəti Şərqdə geniş yayılmışdı və həmin təcrübədən Naxçıvanda da istifadə olunurdu. Təbəqədən və maye qızıldan istifadə etməklə hazırlanan naxışlı dəri cildlər Naxçıvanda çox idi. Orta əsrlərdə yaranıb bu günə qədər gəlib çatan Naxçıvana dair əlyazma kitablarının əksəriyyətinə başqa ölkələrin kitabxanalarında, muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək olar. Bu kitabların ən nəfis nümunələri Hindistan, İran, Misir, İngiltərə, Fransa, Amerika, İtaliya, Vatikan, Almaniya və başqa ölkələrin dövlət kitabxanalarında saxlanılır. Nəsirəddin Tusinin, təxminən, dünyanın 75 ölkəsinin muzey və kitabxanalarında 2400-dən artıq müxtəlif əlyazma əsərləri mühafizə olunur. Bütün bunlarla yanaşı, Naxçıvana dair əlyazmaların bir qismi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda mühafizə edilir. Ölkəmizdə, təxminən, 25 mindən artıq əlyazma vardır. Dünya kitabxanalarında saxlanılan Naxçıvana dair əlyazmaların mikrofilm və fotosurətləri çıxarılıb və Naxçıvana gətirilib.

– Naxçıvanda əlyazma kitab mədəniyyətinin formalaşmasında ictimai-siyasi münasibətlərin rolu olubmu?

– Bildiyiniz kimi, VIII əsrin birinci yarısında Azərbaycanın digər bölgələri kimi, Naxçıvanda da ictimai-siyasi münasibətlər, mədəni həyat kökündən dəyiş­məyə başladı. Ərəb xilafətinin hakimiyyəti və İslam mədəniyyətinin yayılmasından sonra başqa əqidələr tənəzzülə uğradı. ­XX əsrin əvvəllərinədək Naxçıvanda ən geniş yayılan əlyazma kitablar müqəddəs “Qurani-Kərim” və onun izahları, təfsirləri oldu. XII-XIII əsrlərdə, Naxçıvan Atabəylər dövlətinin 30 illik dövrdə mərkəzi olan zaman Azərbaycan xəttat və sənətkarlarının hazırladığı “Qurani-Kərim”in təfsiri indi Paris Milli Kitabxanasında saxlanılır. Bu təfsiri Naxçıvanda məşhur tarixçi Məhəmməd ibn Cərir Təbəri yazmışdı. Həmin kitab nəinki Naxçıvan, ümumiyyətlə, Azərbaycan əlyazma kitab mədəniyyətinin ilk nəfis nümunəsidir.
Digər bir əlyazma kitabı haqqında isə K.İ.Çaykin məlumat verir: “Əli bin Əhməd əl-Əsədi ət-Tusi (hicri 456-458/miladi 1064-1066-cı illər ərzində) Naxçıvanda vəzir Məhəmməd bin İsmail Hüsninin və onun qardaşı İbrahimin sifarişi ilə “Çərşaspnamə” adlı bir poema yazmış və onu buranın hakimi Əmir Əbu Duləf Dəyraniyə təqdim etmişdi”. XIII əsrdə elmi əsərlər yazıldığı halda, XIV əsrdə həm də ədəbi-bədii əsərlər yazılır. XIV əsrin əvvəllərində Naxçıvanda elmi şəhərcik yaradılaraq onun içində müalicə mərkəzi, elmi idarələr, rəsədxana, zəngin kitabxana fəaliyyət göstərib.
Həmin dövrdə öz yaradıcılıq istedadı ilə bütün Şərq dünyasında tanınan görkəmli alim Məhəmməd Naxçıvani yaşamışdır. Onun ədəbi-bədii yaradıcılıq intibahı hesab edilən “Dəstur əl-katib fi təyin əl-məratib” əsəri bütün Şərq aləmində Məhəmməd Naxçıvaniyə böyük şöhrət qazandırmışdır. XIV əsrdə kitabların Azərbaycan dilində yazılması nəinki Naxçıvan üçün, həm də bütün Azərbaycan üçün əhəmiyyətli idi. XVI əsr Səfəvilər imperiyasının əsasını qoyan görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin yaratdığı dövlətin ədəbi-bədii yaradıcılıq nümunələrindən danışmamaq mümkün deyil.

– İslam mədəniyyətinin bir qolu olan miniatür sənəti əlyazma kitablarda öz əksini necə tapıb?

– XVI əsrdə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvanda da miniatür sənəti özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoydu, bu da, öz növbəsində, Naxçıvanda bədii tərtibatlı əlyazmaların inkişafına təkan verdi. Həmin vaxtda şifahi xalq yaradıcılığı nümunələri, aşıq yaradıcılığı, nağıllar və dastanlar yazıya köçürülüb əbədiləşdirilir, xalçaçılıq, toxuculuq, memarlıq və sair sənət sahələrindəki ənənəvi bədii təsvirlər, naxışlar, həndəsə və bitki ornamentləri əks etdirilirdi.
XVIII əsrdə Azərbaycanda olduğu kimi, Naxçıvanda da şifahi xalq ədəbiyyatı, yazılı ədəbiyyat və aşıq ədəbiyyatının bir-birilə qovuşduğu dövr adlanır. Lakin Naxçıvanda əlyazma nümunələri azalır. XIX əsrdə Naxçıvana dair əlyazma tarixinin yaranması və inkişafı, demək olar ki, daha da yaxşılaşmağa doğru yönəlib. Bu dövrdə Naxçıvanda kitablar daşbasma üsulu ilə çap edilməyə başlasa da, texnikanın çox zəif tətbiqi, kitab çapının mövcud ehtiyacları ödəyə bilməməsi, əlyazma kitabının yaşamasını zəruri edir, bir çox kitablar əlyazma kitabları şəklində köçürülüb çoxaldılırdı. Nəinki Naxçıvanda, Azərbaycanda nəfis, qiymətli əlyazma kitablarının son yaradıcısı Əbdülqəni Nuxəvi olub. Nəticə etibarilə Naxçıvana dair əlyazmalar mətnşünaslıq nümunəsi kimi İslam mədəniyyətinin yaradılmasında ərəb xilafətinə daxil olan xalqlar, o cümlədən Azərbaycan və başqa türkdilli xalqlar böyük xidmətlər göstəriblər. Bu həqiqəti ərəb alimi ibn Xəldun qeyd edib. Müsəlman xalqlarının ziyalıları, o cümlədən Naxçıvan mütəfəkkirləri ərəb alimləri ilə yanaşı, apardıqları məhsuldar elmi və ədəbi fəaliyyəti nəticəsində çoxtərəfli zəngin mədəni irs yaradılıb. Bu zəngin irsin yaradılmasında Naxçıvanın elm-sənət adamlarının da xüsusi əməyi olub.

– Maraqlı müsahibə üçün sağ olun!

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR