Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov açaraq bildirib ki, muxtar respublikada təhsilin keyfiyyətinin yüksəldilməsinə göstərilən dövlət qayğısı gündən-günə artır. Müasir tələblərə cavab verən yeni məktəb binaları inşa olunur, təhsil müəssisələrinin maddi-texniki bazaları gücləndirilir. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin vətənpərvər ruhda yetişmələrinə də böyük diqqət göstərilir. Bunun əyani ifadəsidir ki, məktəblərdə hərbi kabinələr yaradılıb, onların maddi-texniki bazası gücləndirilib. Həyata keçirilən tədbirlərin, yaradılan şəraitin nəticəsidir ki, Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri “Şahin” hərbi-idman oyunlarının respublika mərhələsində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika çempionatında, “Sərhəd” hərbi-idman oyunlarının respublika mərhələsində uğurla iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxışında bildirib ki, muxtar respublikamızda təhsilə göstərilən diqqət və qayğının nəticəsində qazanılan uğurların sayı hər il daha da artmaqdadır. Bu gün muxtar respublikada fəaliyyət göstərən məktəblərin şagirdləri ölkə səviyyəli tədbirlərdə, müxtəlif müsabiqələrdə fərqlənirlər.
Qeyd olunub ki, Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünə həsr olunmuş “Sərhəd” hərbi-idman oyunlarında bu il 27 sərhədyanı rayonun 141 məktəbindən 705 şagird iştirak edib. Final mərhələsinin yekunlarına görə, Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin “Şimşək” komandası birinci yerə layiq görülüb.
Məmməd Qəribov bu uğura görə kollektivi təbrik edib.
Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Salayeva və məktəbin hərbi rəhbəri Novruz Novruzov çıxış edərək “Sərhəd” hərbi-idman oyunlarının gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.
Qalib olan “Şimşək” komandasına diplomlar və kubok, komandanın üzvlərinə və hərbi rəhbərə hədiyyələr təqdim olunub.
Fatma BABAYEVA