“Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə Naxçıvan Dövlət Universitetinin üç müəllimi “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” qızıl medalı ilə təltif olunub.
Universitetin Tibb fakültəsinin dekanı, dosent Elsəvər Əsədov bitki mənşəli arıçılıq məhsullarının biokimyəvi, bioekoloji xüsusiyyətləri, keyfiyyət göstəriciləri sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, o cümlədən elmi-publisistik kitablarına, dərs vəsaitlərinə və ölkədə biologiya elminin inkişafına göstərdiyi xidmətlərə, həmin fakültənin Tibbi klinik fənlər kafedrasının dosenti, tibb üzrə elmlər doktoru İsa Abdullayev kəskin destruktiv pankreatitlərin kriodestruksiyası, müalicəsi, peritonitlərin kompleks müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları, həmin kafedranın dosenti Gültəkin Əliyeva isə izoimmunizasiya fonunda gedən xroniki toksoplazmozun hamiləliyin başa çatmamasında etioloji rolu sahəsində apardıqları uğurlu elmi tədqiqatlara görə “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” qızıl medalına layiq görülüblər. Mükafat komissiyası alimlərin elmi-publisistik kitablarını və ölkədə tibb elminin inkişafına göstərdikləri xidmətləri də nəzərə alıb.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov son illər səhiyyə xidməti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, muxtar respublikada peşəkar həkimlərin işlərinin layiqincə qiymətləndirilməsindən danışaraq universitet müəllimlərinin qazandığı bu uğuru Naxçıvanda səhiyyə sisteminə göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Tibb elmləri doktoru İsa Abdullayev mükafata layiq görülənlər adından minnətdarlıq edib.
Sonra “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” qızıl medalı və diplomlar müəllimlərə təqdim olunub.
Səadət Əliyeva