23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 14 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin əlli illik yubileyi geniş qeyd olunur. Bu təhsil ocağı fəaliyyət göstərdiyi 50 il ərzində özünəməxsus inkişaf yolu keçmiş, müasir təhsil tariximizdə möhtəşəm uğurları ilə iz qoymuşdur.

Vaxtilə keçmiş SSRİ məkanında olan 20 muxtar respublika arasında yalnız Azərbaycanın bu ayrılmaz guşəsində ali məktəb yox idi. Bu da Kreml siyasətinin ikili standartlarının nəticəsi idi. 1939-1954-cü illərdə fəaliyyət göstərmiş Naxçıvan Dövlət Müəllimlər İnstitutu ikiillik təhsil verir və natamam (o zaman V-VII siniflər) məktəblər üçün kadrlar hazırlayırdı. Elə muxtar respublikalar var idi ki, oradakı ali məktəblərin sayı Azərbaycan SSR-dəki ali təhsil ocaqlarının sayından, bəlkə də, çox idi.
Naxçıvanlı ziyalıların bu faktları ozamankı mərkəzi hökumətə şikayət məktubları vasitəsilə çatdırması, nəhayət, 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının yaradılması ilə nəticələndi. İlk 5 ildə filialda üç ixtisas – tarix, riyaziyyat, dil-ədəbiyyat olmaqla, əyani və qiyabi şöbələrdə 102 tələbə təhsil aldı. Daha sonra təhsil ocağında Coğrafiya fakültəsi yaradıldı.

Filial indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun yerləşdiyi binada fəaliyyətə başladı. Həmin bina isə 1950-ci illərdə inşa olunmuş, Naxçıvan şəhər 1 nömrəli orta məktəbin istifadəsinə verildiyi üçün yararsız bir hala düşmüşdü.
1969-cu ildə Azərbaycan KP MK-nın I katibi vəzifəsinə təyin olunan ulu öndər Heydər Əliyev Naxçıvan filialının müstəqil Pedaqoji İnstituta çevrilməsi və şəhərin şimal-qərbində hərbi hissələr yerləşən indiki əraziyə köçürülməsini təşkil etdi.
Naxçıvan Dövlət Universiteti 1972-1999-cu illərdə özünün ikinci inkişaf mərhələsinə qədəm qoydu. Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu kimi fəaliyyət göstərdi. İqtisadiyyat, bir qədər sonra Tibb, İncəsənət kimi yeni fakültələr yaradıldı. 1974-cü ilin 4 oktyabrında ölkə başçısı, görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının yaradılmasının 50 illiyi ilə əlaqədar diyarımıza gələrkən buradakı ali təhsil ocağında da oldu, Naxçıvan Dövlət Universitetinin kollektivi ilə görüşüb mühüm tapşırıqlar verdi.
1990-cı ildə mövcud Pedaqoji İnstitut Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Dövlət Universitetinə çevrildi. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1992-ci ildə iki dəfə Naxçıvan Dövlət Universitetində olması, universitetin 25 illik yubileyində iştirak etməsi, milli ali təhsilin inkişafı ilə bağlı verdiyi tapşı­rıq və tövsiyələr kollektivi yeni nailiyyətlərə ruhlandırdı.
1999-cu ildə universitet üçün altı­mərtəbəli indiki rektorluq korpusu istifadəyə verildi. Azərbaycan Respublikasının Prezidenti Heydər ­Əliyev korpusun açılışında iştirak edərək geniş nitq söylədi, kollektiv qarşısında mühüm vəzifələr qoydu. Bu illər ərzində universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işləri təkcə bununla müqayisə etmək kifayət edər ki, sovet dövründə bu ali məktəb üçün yalnız bir üçmərtəbəli tədris korpusu və dördmərtəbəli tələbə yataqxanası inşa olunmuşdu.
AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı İsa Həbibbəylinin on yeddi ilə yaxın Naxçıvan Dövlət Universitetinin rektoru olduğu dövrdə burada təhsil strategiyasının uğurlu tətbiqi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edildi. Həmin illərdə universitet Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qarşıya qoyduğu vəzifələrin icrası sayəsində əhəmiyyətli uğurlara imza atdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2004-cü ildə beşmərtəbəli elektron kitabxana binasının açılışında iştirak etdi, kollektiv qarşısında ətraflı nitq söylədi. Dövlət başçısının “Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2007-ci il ­ 31 mart tarixli Sərəncamı ilə bu yubiley dövlət səviyyəsində qeyd olundu. Yubiley tədbirində şəxsən iştirak edən ölkə başçısı universitet əməkdaşlarını müxtəlif fəxri adlarla təltif etdi.
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Saleh Məhərrəmovun universitetə rəhbərlik etdiyi son beş ildə isə ali təhsil ocağı yeni uğurlara imza atmışdır. Bu gün Naxçıvan Dövlət Universitetində bakalavr, magistr, doktorantura və rezidentura səviyyələri üzrə kadr hazırlığı həyata keçirilir. Tədris bazasının daha da möhkəmləndirilməsi məqsədilə ali təhsil ocağında yeni fənn kabinələri və laboratoriyalarının qurulması, yaxud mövcud olanların zənginləşdirilməsi istiqamətində də işlər görülmüşdür. Memarlıq və mühəndislik fakültəsində 3 fizika laboratoriyası, Pedaqoji fakültədə isə texnologiya müəllimliyi ixtisası üzrə yeni kabinə qurulmuşdur.
Universitetdə 10 fakültə, əlavə olaraq magistratura üzrə dekanlıq, xarici tələbələrlə iş üzrə dekanlıq və 47 kafedra fəaliyyət göstərir, bakalavr səviyyəsində 56, magistratura səviyyəsində isə 41 ixtisas üzrə mütəxəssis hazırlanır.
Bu gün universitetdə təhsil Bolonya sistemi əsasında aparılır. Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbələrin akademik mobilliyi əsas yerlərdən birini tutur. Naxçıvan Dövlət Universitetində bir sıra tədbirlər, o cümlədən tələbə mobilliyi uğurla həyata keçirilir. Yeni təhsil standartlarına keçidlə əlaqədar tədbirlər 2013-cü ildən başlayaraq bakalavriat səviyyəsində tədrisin kredit sistemi ilə təşkili qaydalarında islahatlar aparılmış və bir çox yeniliklərə imza atılmışdır.
Universitetdə “Elektron universitet” layihəsinin həyata keçirilməsinə başlanmışdır. 2015-ci ildə Naxçıvan Dövlət Universitetində Cənubi Koreya Respublikasının qrant layihəsi əsasında “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi uğurla reallaşdırılmışdır.
2015-ci ildə istifadəyə verilən Baytarlıq ixtisası tələbələri üçün universal laboratoriya, universitet xəstəxanası üçün diaqnostika, stomatologiya, göz, cərrahiyyə anesteziologiya və reanimasiya, sterilizasiya, fizioterapiya kabinələri, laboratoriya universitetimizə hədiyyə olunmuşdur.
Naxçıvan Dövlət Universitetinin dünya ölkələrinin aparıcı universitetləri ilə əlaqələrinin genişləndirilməsi təhsilimizin dünya təhsil sisteminə inteqrasiyasını sürətləndirir, bu sahədə aparılan məqsədyönlü islahatların uğurla həyata keçirilməsinə zəmin yaradır. Universitet dünyanın müxtəlif qabaqcıl ali təhsil ocaqları ilə geniş əlaqələrə malikdir.
Naxçıvan Dövlət Universiteti Avropa Şurasının TEMPUS proqramının 5 layihəsinin iştirakçısıdır. Universitetin beynəlxalq sferada tanınması burada təhsil alan dünyanın müxtəlif ölkələrinin vətəndaşlarının sayının artmasına səbəb olub. Hazır­da bu ali təhsil müəssisəsində təhsilin bakalavr pilləsində 185, magistraturada 57 nəfər xarici vətəndaş təhsil alır. Onlar Türkiyə, İran, Gürcüstan, Koreya, Banqladeş, Nigeriya və digər ölkələrin vətəndaşlarıdır.
Tədrisin keyfiyyətinə, maddi-texniki bazanın formalaşmasına, mütəxəssis hazırlığına göstərilən diqqət və qayğının nəticəsidir ki, Naxçıvan Dövlət Universiteti iki dəfə – 2014-cü ildə 799 balla və 2017-ci ildə 827 balla Azərbaycan ali təhsil müəssisələri içərisində birinci yerə layiq görülmüşdür. Bütün bunlar universitetin dünyaya inteqrasiya yolu ilə gedərək müasir tələblərə cavab verən pedaqoji kadr hazırlığı istiqamətində əhəmiyyətli uğurlar qazandığını bir daha təsdiqləyir.

Nadir HÜSEYNBƏYLİ
Abbas HACIYEV
Naxçıvan Dövlət Universitetinin əməkdaşları

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR