“Naxçıvan” Universitetinin konfrans zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Universitetin rektoru, professor İsmayıl Əliyev çıxışında məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor ali təhsil ocağının fəaliyyəti barədə məlumat verərək bildirib ki, bu gün “Naxçıvan” Universiteti, sözün əsl mənasında, inkişaf mərhələsini yaşayır. İsmayıl Əliyev ali təhsil ocağının bu gün dünyanın bir çox nüfuzlu universiteti ilə əməkdaşlıq etdiyini bildirərək deyib ki, 2014-2015-ci tədris ilinə qədər 11 ixtisasın olduğu “Naxçıvan” Universitetində bu il artıq 15 ixtisas üzrə kadr hazırlığı aparılır. Bu il universitetdə bakalavr pilləsi üzrə 188 tələbə məzun olur. Sevindirici haldır ki, gənclərimiz intellektual və yaradıcılıq potensiallarını daim artırır, təhsildə uğurlar qazanır, müxtəlif dövlət orqanlarında, icra strukturlarında, özəl bölmədə geniş təmsil olunurlar.
Ali təhsil ocağının tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli məzunları təbrik edib, muxtar respublikada təhsilə göstərilən qayğıdan danışıb. Tədbirdə valideynlər və məzunlar çıxış edərək universitetdə yaradılan şəraitə və gənclərə göstərilən qayğıya görə minnətdarlıq ediblər.
Sonra universitetin ictimai və mədəni həyatında fərqlənən bir qrup məzun mükafatlandırılıb.
Tədbirin bədii hissəsində tələbələrin ifasında səslənən maraqlı musiqi nömrələri, rəqslər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Nuray ƏSGƏROVA