AMEA Naxçıvan Bölməsində Türkiyənin tanınmış dilçi-alimi, professor Ahmed Bican Ercilasunla görüş keçirilib.
Görüşdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Ahmed Bican Ercilasunun Türk dünyasının tanınmış dilçi-alimlərindən biri olduğunu deyib. Qeyd edib ki, alim uzun illər ərzində türk dili və ədəbiyyatına işıq tutan dəyərli elmi əsərlər ortaya qoyub.
Türkiyəli professor “Oğuznamə”nin tarixi ilə bağlı aparılan araşdırmalardan danışıb. O, “Kitabi-Dədə Qorqud” dastanındakı boyların “Oğuznamə”nin bir parçası olduğunu söyləyib.
Sonra professor bölmə əməkdaşlarının suallarını cavablandırıb.
Akademik İsmayıl Hacıyev tədbir çərçivəsində “Naxçıvan tarixi”, Azərbaycan və ingilis dillərində “Naxçıvan Abidələri Ensiklopediyası” və bölmə haqqında kitabları türkiyəli qonağa hədiyyə verib.
A.B.Ercilasun isə “Türk Kağanlığı və Türk Bengü Taşlar” kitabını bölmənin rəhbərinə təqdim edib.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi