23 Dekabr 2024, Bazar ertəsi

Təhsil insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müstəsna rol oynayan mühüm sahədir. Hər bir ölkənin, cəmiyyətin inkişafında təhsilin rolu böyükdür. Bu gün özünün inkişaf dövrünü yaşayan ölkəmizdə əsas strateji vəzifə sosial-iqtisadi inkişafın təmin olunması və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Dinamik inkişafın davam etdirilməsində, müasir və güclü iqtisadiyyatın qurulmasında insan kapitalı ən mühüm vasitə olub ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
Ölkəmizdə təhsilin inkişafında misilsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyev xalqın hərtərəfli tərəqqisində təhsilin xüsusi rolunu yüksək qiymətləndirərək demişdir: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.
Dahi şəxsiyyətin dəyərli ideyaları bu sahədə islahatların əsas istiqamətlərini müəyyənləşdirmiş, təhsil sisteminin inkişaf proqramına çevrilmişdir. Ümummilli liderimizin təhsil sahəsində müəyyənləşdirdiyi strateji xətt muxtar respublikamızda da uğurla davam etdirilir, gənc nəslin hərtərəfli təhsil alması, peşə sahibi olması və vətənpərvər ruh­da böyüməsi üçün ardıcıl tədbirlər ­görülür.

Təhsilin ilk pillələri sayılan məktəbəqədər təhsil müəssisələrinin, ümumtəhsil məktəblərinin müasir tələblər səviyyəsində qurulması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində 1995-2016-cı illər ərzində muxtar respublikada, ümumilikdə, 20 uşaq bağçası, 72 min 864 şagird yerlik 187 ümumtəhsil məktəbi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Yeni təhsil müəssisələri müasir istilik sistemi, tədris sinifləri, idman zalları, zəngin kitabxana fondu və digər avadanlıqlarla təchiz olunmuşdur. Təhsil müəssisələrində şagirdlər pulsuz dərsliklərlə təmin edilmiş, pedaqoji kadr hazırlığı diqqətdə saxlanılmışdır.
Muxtar respublikada təhsilin səviyyəsinin daha da yüksəldilməsi, texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır.
Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası üzrə də ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası bu kateqoriyadan olan uşaqların təhsilə cəlbinin davamlılığını təmin etmiş, layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiyası üçün əlverişli şərait yaratmışdır.
Təhsilin inkişafında zərurətə çevrilən informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə məqsədilə təhsil ocaqları müasir kompüter dəstləri, elektron lövhələr və digər texnoloji avadanlıqlarla təmin edilir. Muxtar respublikanın ümumtəhsil məktəblərində 1 yanvar 2017-ci il tarixə 600-dən çox elektron lövhə, 4001 dəst kompüter quraşdırılmış, hər 12 şagird bir dəst kompüterlə təmin olunmuşdur. Ümumtəhsil məktəblərində istifadə­də olan kompüterlərin 87 faizi internetə qoşulmuşdur.
Muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı bu sahənin inkişafına geniş imkanlar yaratmış, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılmışdır.
Muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı öz bəhrəsini vermiş, tədrisin keyfiyyəti yüksəlmişdir. Əgər 1995-1996-cı tədris ilində ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 1301 nəfəri ali təhsil müəssisələrinə qəbul üçün sənəd vermiş və onlardan 401 nəfəri müxtəlif ali təhsil ocaqlarına daxil olmuşdursa, 2015-2016-cı tədris ilində ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 2469 nəfəri ali məktəblərə sənəd vermiş, 1538-i tələbə adını qazanmışdır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199-u ölkə­nin müxtəlif ali hərbi məktəblərinə qəbul olmuşdur.
2015-2016-cı tədris ilində muxtar respublikanın ümumtəhsil məktəbi məzunlarından 500-700 arası bal toplayanların sayı 338 nəfər təşkil etmişdir. Müqayisə üçün 1995-1996-cı tədris ilində 500-700 arası bal toplayanların sayı cəmi 5 nəfər olmuşdur.
Muxtar respublikada 500-700 intervalında bal toplamış məzunlarla görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Təhsil sahəsində həyata keçirilən tədbirlər keyfiyyət əmsalının artımı ilə yadda qalır. Bu tədbirlərin, çəkilən zəhmətin bir məqsədi var: o da ölkənin və xalqın sabahına cavabdeh olan bilikli və savadlı gənc­lər yetişdirməkdir”.
Təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilmiş, Kəngərli rayonunun Qıvraq qəsəbəsində uşaq bağçası binasının, Şərur şəhərində 1020 şagird yerlik 2 nömrəli, Naxçıvan şəhərinin Tumbul kəndində 376 şagird yerlik 13 nöm­rəli, Şərur rayonunun Çəmənli kəndində 380 şagird yerlik, Şahbuz rayonunun Kolanı kəndində 360 şagird yerlik olmaqla, ümumilikdə, 2136 şagird yerlik dörd tam orta məktəb binasının tikintisi başa çatdırılmışdır. Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Ərəbyengicə, Ordubad rayonunun Üstüpü, Culfa rayonunun Dizə kəndlərində məktəb binalarının tikintisi, Şərur rayonunun Ələkli və Qarahəsənli, Babək rayonunun Payız və Gərməçataq kənd­lərində məktəb binalarının yenidən qurulması hazırda davam etdirilir.
Bu gün bir-birinin ardınca istifadəyə verilən maddi-texniki bazaya malik müasir təhsil ocaqları təh­silin keyfiyyətinin yüksəldilməsinə, yüksək­ixtisaslı kadr potensialının artırılmasına, ən əsası, muxtar respublikamızın dinamik inkişafına yeni üfüqlər açmaqdadır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR