23 Dekabr 2024, Bazar ertəsi

İyunun 5-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində təbiətşünas-alim, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov açaraq bildirib ki, böyük alim, Azərbaycanda ekologiya elminin banisi, akademik Həsən Əliyev Azərbaycanın müasir tarixinin ən parlaq simalarından biridir. Görkəmli akademikin 110 illik yubileyi münasibətilə təşkil olunmuş “Həsən Əliyev-110” mövzusunda elmi konfransın Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Günündə keçirilməsi isə böyük ekoloq-alimin təbiətin müdafiəçisi kimi fəaliyyətinə verilən yüksək dəyərin nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 7 fevral tarixli Sərəncamı ilə akademik Həsən Əliyevin 110 illik yubileyi ölkə səviyyəsində qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən muxtar respublikada da müxtəlif tədbirlər keçirilir. Gənclərin və tələbələrin Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyaları təşkil edilir, Naxçıvan şəhərindəki görkəmli alimin adını daşıyan küçədə yenidənqurma işləri aparılır. “Həsən Əliyev-110” mövzusunda elmi konfrans da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən keçirilir.

Qeyd olunub ki, akademik Həsən Əliyev təbiətşünas və coğrafiyaçı, torpaqşünas və ekoloq-alim kimi nəinki Azərbaycanda, eyni zamanda dünya miqyasında tanınmış elm xadimidir. O, Azərbaycan elminə layiqli töhfələr vermiş, əsasən, torpaqşünaslıq, ekologiya, botanika, biocoğrafiya, meşəşünaslıq, bitkiçilik, təbii ehtiyatların qorunub saxlanması, səmərəli istifadəsi kimi fundamental problemlərlə bağlı tədqiqatlar aparmışdır. Akademik Həsən Əliyevin əsərlərində qeyd olunan ekoloji problemlər və onların həlli yolları bütün dövrlər üçün öz aktuallığını saxlamaqdadır. Azərbaycanın bütün ərazilərində mühüm tədqiqatlar aparan akademik Həsən Əliyev muxtar respublikamızın da ekologiyası ilə dərindən maraqlanıb, bu qədim diyarın zəngin təbiətini tədqiq edib, təbiətin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə olunması ilə bağlı təkliflər verib. Sevindirici haldır ki, bu gün görkəmli alimin Naxçıvan ekoloji mühiti, zəngin təbiətinin qorunması ilə bağlı arzuları reallığa çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızda sağlam ekoloji mühitin yaradılması həyata keçirilən müxtəlif istiqamətli tədbirlərin tərkib hissəsinə çevrilib. Naxçıvanda hər il yeni yaşıllıq zolaqları, meyvə bağları salınır, meşəsalma və meşəbərpa işləri aparılır, fauna və floramızın qorunması və zənginləşdirilməsi diqqətdə saxlanılır. Bunun nəticəsində bir vaxtlar yaşıl örtük sahəsi ümumi ərazinin bir faizini təşkil etməyən muxtar respublikada bu gün 12 faizdən çox ərazi yaşıllıqlara bürünüb.
Ömrünü Azərbaycan təbiətinin qorunmasına və zənginləşdirilməsinə həsr etmiş ­akademik Həsən Əliyevin xatirəsi muxtar respublikada əbədiləşdirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı yaradılıb, 2009-cu ildə parkın ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Həmçinin “Araz” Elm-İstehsalat Birliyinə və Naxçıvan şəhərindəki küçələrdən birinə akademik Həsən Əliyevin adı verilib.
Akademik Həsən Əliyevin fəaliyyətinin gələcək nəsillər üçün əsl tərbiyə və nümunə məktəbi olduğunu söyləyən Rəhman Məmmədov keçirilən konfransın da akademik Həsən Əliyev irsinin, onun yaratdığı məktəbin elmi cəhətdən öyrənilməsi və təbliğin­də mühüm rol oynayacağına inandığını ­bildirib.
Elmi konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək deyib ki, akademik Həsən Əliyev çətin, lakin şərəfli ömür yolu keçib. Alimlərə örnək olan bu ömrün yarım əsrdən çoxu ölkəmizdə coğrafiya, torpaqşünaslıq elmlərinin inkişafına, ətraf mühitin mühafizəsinə və ekologiya məsələlərinə həsr edilib. Onun monoqrafik əsərləri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Həsən Əliyev dünyanın bir sıra ölkələrində keçirilən müxtəlif konfranslarda, seminar və simpoziumlarda iştirak edib.
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov diqqətə çatdırıb ki, təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili Həsən Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil edib. Azərbaycan təbiətinin, xüsusilə meşələrin qorunması, mühafizəsi və bərpası onun əsas vəzifələrindən biri idi. Həsən Əliyevin uzun illər rəhbərlik etdiyi Təbiəti Mühafizə Komitəsi meşələrin mühafizəsi və bərpası, həmçinin respublikanın ayrı-ayrı rayonlarında yaşıllaşdırma üzrə böyük tədbirlər həyata keçirib. Görkəmli alim, akademik Həsən Əliyevin təbiətin mühafizəsinə dair başladığı, həyata keçirdiyi işlər indi də davam etdirilir.
Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin direktoru Bəhruz Məmmədov çıxış edərək bildirib ki, alimin elmi-ictimai fəaliyyəti çoxşaxəli olub. O, təbiət elmləri sahəsində bir çox elmi-tədqiqat institutlarına rəhbərlik edərək elmin aktual problemlərinin həlli üçün böyük səy göstərib. Akademikin təşəbbüsü ilə Botanika İnstitutunun əməkdaşları tərəfindən axtarış-tədqiqat işləri aparılaraq nadir abidə ağacların, unikal meşəliklərin olması müəyyən edilib. Elmi fəaliyyətinin əsas istiqamətini meşə torpaqlarının öyrənilməsinə yönəldən və bu sahədə ilk olaraq meşə torpaqları laboratoriyası yaradan görkəmli ­akademikin tövsiyələri əsasında torpaqlardan səmərəli istifadə olunması prosesi həyata ­keçirilməkdədir.
Sonda tədbir iştirakçıları akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş sərgiyə baxıblar.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR