Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən muxtar respublikada “Gələcəyin İKT sahəsindəki toxumları” adlı ikinci proqram-layihə həyata keçirilib.
İyunun 1-də bu münasibətlə “Naxçıvan” Universitetində keçirilən tədbirdə diqqətə çatdırılıb ki, cari ilin mart ayında şirkətin baş vitse-prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşdə böyük ehtiram əlaməti olaraq, Ali Məclis Sədrinin təhsil aldığı orta məktəbin bir qrup şagirdinin Çinə ekskursiya etməsini təklif edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri isə 2017-ci ildə “Huawei”nin yay təlim məşğələlərində iştirak edəcək tələbələrin sayının artırılmasını və Naxçıvan Müəllimlər İnstitutunun informatika ixtisası üzrə təhsil alan tələbələrin də təlimlərə cəlb edilməsini daha məqsədəuyğun hesab edib. Ötən il təşkil edilmiş yay təlim məşğələlərində Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetindən 6 tələbə iştirak etmişdirsə, bu il Naxçıvan Müəllimlər İnstitutunda təhsil alan tələbələr də layihəyə cəlb olunub və “Huawei” şirkətinin yay təlim mərkəzində təcrübə keçəcək tələbələrin sayı artırılaraq 12-yə çatdırılıb.
“Huawei” Şirkətinin Bakı şəhərində yerləşən baş ofisinin direktoru Çao Zeyol proqram-layihə haqqında tələbələrə ətraflı məlumat verib. O bildirib ki, 40 tələbənin qatıldığı proqram-layihə çərçivəsində komissiya üzvləri informasiya-kommunikasiya texnologiyaları sahəsində biliyə malik olan və ingilis dilində kifayət qədər özünü təqdimetmə bacarığı olan ən yaxşı 12 tələbəni seçərək Çin Xalq Respublikasına istehsalat təcrübəsinə göndərəcək. İkihəftəlik proqram çərçivəsində tələbələr əvvəlcə Pekinə gedərək Çin mədəniyyəti ilə tanış olacaqlar. Daha sonra onlar “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən baş qərargahında informasiya-kommunikasiya texnologiyalarının öyrənilməsi və istehsalı üzrə təlimlərdə iştirak edəcəklər.
İlkin mərhələdə muxtar respublikanın 3 ali təhsil ocağından birinci mərhələdən keçmiş 20 tələbənin seçilmiş mövzular üzrə təqdimatı dinlənilib və ən yaxşı 12 tələbə seçilib.
Dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan “Huawei” şirkəti Azərbaycanda fəaliyyətinə Naxçıvandan başlayıb. Şirkət tərəfindən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 2014-cü ildə Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində 150 yerlik Distant Tədris Mərkəzi qurulmuş, 2015-ci ildə “Naxçıvan” Univeristetində İKT mərkəzi istifadəyə verilmiş, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinə iki böyükölçülü monitor-planşet hədiyyə edilmişdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və struktur bölmələrində praktiki işlərlə təmin olunur, istehsalat təcrübələri keçirlər. Tələbələrin müxtəlif layihələr vasitəsilə xaricə göndərilmələrinin təmin olunması da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti