23 Dekabr 2024, Bazar ertəsi

Beşminillik şəhərsalma mədəniyyətinə malik olan Naxçıvan torpağı görkəmli elm, ədəbiyyat, siyasət, hərb xadimlərinin vətəni kimi böyük şöhrət qazanmışdır. Naxçıvan torpağının unudulmaz övladları olan Nəsirəddin Tusinin, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Məhəmməd Tağı Sidqinin, görkəmli siyasət və dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin adları tarixə qızıl hərflərlə yazılmışdır. Dahilər yurdunun tarixdə iz qoymuş övladlarından biri də tanınmış dramaturq, folklorçu alim, pedaqoq Məmmədhüseyn Təhmasibdir. Bu görkəmli elm xadimi 75 illik mənalı ömrünün böyük bir hissəsini ədəbi-bədii yaradıcılığa, elmi fəaliyyətə həsr etmişdir. Məmmədhüseyn Təhmasib xalqımızın şifahi ədəbiyyat xəzinəsinin, folklorumuzun məşhur bilicilərindən biri idi. O, bu gün həm xalq ədəbiyyatı nümunələrinin toplayıcısı, həm də folklor nəzəriyyəçisi kimi tanınır.

 1907-ci ildə dünyaya göz açan Məmmədhüseyn Təhmasib kiçik yaşlarından böyük qardaşı, Azərbaycanın görkəmli səhnə ustası Rza Təhmasibin təsiri ilə teatr mühitinə maraq göstərmiş, hətta Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin tamaşasında Cəlal rolunu oynamışdır. O, Bakı Darülmüəllimində təhsil almış, sonra o zamanlar Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsinə daxil olmuş, 1933-cü ildə burada ali təhsilini başa vurmuş, iki il müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1935-ci ildə keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında folklor üzrə laborant kimi işə başlamış, 1945-ci ildə “Mövsüm və mərasim nəğmələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elə həmin ildə gənc kadr kimi yeni təşkil edilən Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə müdir təyin olunmuş, ömrünün sonunadək bu vəzifədə işləmiş, Azərbaycan elminə böyük töhfələr vermişdir. Kitab şəklində nəşr olunmuş dissertasiya işində alimin Azərbaycan şifahi xalq ədəbiyyatında geniş yayılmış səməni sözü və səməni mərasimi, Simurq quşu, Xızır İlyas, nağıllarımızdakı Div surəti haqqında düşüncələri, keçən əsrin 40-cı illərində söylənmiş fikirləri elmiliyi ilə seçilir. Ötən əsrin qırxıncı illəri ifadəsini ona görə vurğulayırıq ki, o dövrdə repressiyalar zahirən başa çatsa da, bu proses ideoloji sahədə hələ də davam etməkdə idi. Sovet rəhbərliyi SSRİ xalqlarının dini və milli dəyərlərinin, ümumiyyətlə, onların milli mədəniyyətinin öyrənilməsində maraqlı deyildi. Buna baxmayaraq, o dövrdə Məmmədhüseyn Təhmasibin başçılığı ilə Azərbaycan folklorçuları xeyli miqdarda xalq yaradıcılığı nümunəsini: nağıllarımızı, dastanlarımızı, bayatılarımızı, lətifələrimizi toplamış, tədqiq və nəşr etdirmişlər. Bu toplama və nəşrlər içərisində görkəmli folklorçu alimimizin toplayıb tərtib etdiyi və nəşrə hazırladığı 17 qoldan ibarət “Koroğlu” dastanı xüsusilə diqqəti cəlb edirdi. Milli məsələlərə çox həssas və qısqanc yanaşan dövlətin ideoloji rəhbərliyi bu dastanı sovet cəmiyyətinin mənəvi aləminə uyğunlaşdırıb çap etdirməyi tədqiqatçı qarşısında bir vəzifə kimi qoymuşdu. Ona görə də Məmmədhüseyn Təhmasibin böyük zəhmət bahasına toplayıb redaktə etdiyi “Koroğlu” dastanı da ideoloji buxovlardan qurtula bilməmişdi. 1949-cu ildə akademiyanın vitse-prezidenti akademik Heydər Hüseynov bu əsəri yüksək qiymətləndirmiş, onun təcili olaraq rus dilinə tərcümə olunub Moskvada nəşr edilməsini tapşırmışdı. Lakin Moskvada “Epos Narodov SSSR” nəşriyyatının rəhbəri Arfa Avetisovna Petrosyan əsərin çapına mane olaraq hətta öz erməni xislətini göstərərək azərbaycanlı alimlərdən bu dastanın çap edilməsinə qarşı mənfi rəy almağa nail olmuş, onun işıq üzü görməsinə imkan verməmişdi.

Görkəmli elm xadimi Azərbaycan dastan nəzəriyyəçiliyinin əsasını qoyanlardan biridir. Heç də təsadüfi deyildir ki, Məmmədhüseyn Təhmasib bu sahədə tədqiqatlarını bir yerə toplayaraq ümumiləşdirmiş və “Azərbaycan xalq dastanları (orta əsrlər)” mövzusunda sanballı doktorluq dissertasiyası yazıb müdafiə etmiş (1964) və həmin tədqiqat işi 1971-ci ildə monoqrafiya şəklində nəşr edilmişdir. Bu əsərdə Azərbaycan dastanları Türk dünyası kontekstində tədqiq olunmuş, dastanların qədim mifoloji kökləri araşdırılmışdır. Müəllif dastan terminologiyasını da nəzərdən qaçırmamış, ayrı-ayrı söz, termin və ifadələrin işlənmə məqam və mənalarını üzə çıxarmış, bu məfhumların etimoloji xüsusiyyətlərini təhlil etmişdir.
Məmmədhüseyn Təhmasib Azərbaycanşünaslıqda dastan sözünün tarixi inkişafı, semantik məzmunu, mənşəyi haqqında geniş araşdırma apararaq folklorşünaslıqda bir nəzəriyyəçi alim nümunəsi göstərmişdir. Həmin araşdırma nəticəsində aydın olur ki, bu leksik vahid Şərq dillərində çoxmənalı söz olaraq bacarıq, məharət, hiylə, eyni zamanda musiqi havası, melodiya və sair mənaları bildirir.
Alim müxtəlif məna çalarlarına malik olan dastan sözü haqqında yazır: “Klassik­lərimiz bu sözü əhvalat, hekayə, macəra, tərifnamə, tərcümeyi-hal, hətta tarix mənalarında işlətmişlər. Eyni zamanda bu söz rəvayət, hətta xalq romanı, xalq kitabı mənalarını da daşımışdır. Şifahi ədəbiyyatımızda dastan bəzən böyükhəcmli mənzum macəra, bəzən tərifnamə, bəzən isə hətta əsli olmayan yalan mənasında işlənmişdir. Nəhayət, dastan aşıq ədəbiyyatının ən çox yayılmış bir janrının adıdır”.
Qeyd edək ki, şifahi ədəbiyyatımızın qədim dövrdə yazıya alınmış bu nümunəsi 1939-cu ildə Məmmədhüseyn Təhmasibin redaktorluğu ilə Həmid Araslı tərəfindən Bakıda nəşr edilmişdir. 1940-cı illərin sonu, 50-ci illərin əvvəlində Sov.İKP MK-nın rəhbərləri sırasına soxulmuş A.Mikoyan Stalində bu dastanda, guya gürcü xalqının təhqir olunduğu barədə rəy yarada bilmiş, buna görə də göstəriş əsasında dastanın Azərbaycanda tədqiqi qadağan olunmuşdu. Bu dastan ancaq 1950-ci illərin sonlarında bəraət almış və Bakıda (tərtib edən Həmid Araslı, redaktoru Məmmədhüseyn Təhmasib), həm Moskvada (V.V.Bartoldun tərcüməsi) yenidən nəşr edilmişdi.
Tanınmış alim 1966-cı ildə “Dədə Qorqud boyları haqqında” adlı monoqrafiya həcmli bir neçə silsilə məqalə nəşr etdirmişdir. Əsərdə bu oğuz qəhrəmanlıq eposunun Səlcuqlar dövrünün məhsulu olduğunu iddia edənlərə Məmmədhüseyn Təhmasib qəti şəkildə etiraz edərək göstərmişdir ki, bu cahanşümul eposun, doğrudan da, X-XI əsrlərdən çox-çox öncələrə aid olduğunu bir çox dəlillərlə sübut etmək mümkündür. Məlumdur ki, oğuz eposu, oğuznamələr yalnız “Kitabi-Dədə Qorqud”dan ibarət deyil. Bu boylar, ümumiyyətlə, Azərbaycan eposunun orta mərhələsinin, oğuz eposunun isə son mərhələsinin məhsuludur. Daha qədim mərhələlərin oğuz eposu isə bir tərəfdən, ibtidai əsatir eposu nümunələrindən, digər tərəfdən isə real hadisələrlə səsləşən tarixi əfsanələrdən ibarətdir. Bunlardan ən maraqlısı əsatiri eposdur. Bu əsərə görə oğuz qəbilələrinin eponimi, yəni cəddi-qədimi Oğuz xan, yaxud Oğuz xaqandır.
Müəllif dastanda işlənən Oğuz onomastik vahidinin tarixinə, formalaşmasına, inkişaf yoluna da toxunur. Məlumdur ki, oğuz sözünün mənşəyi haqqında bir neçə mülahizə, fikir vardır. Oğuz onomastik vahidini bəziləri öküz totemi ilə bağlayır, bəziləri oğuz sözünün ox/ok leksik vahidindən törədiyini irəli sürür, üçüncü fikrə görə isə oğuz işıq, od, yaxud işığın, odun hamisi deməkdir. Müəllif oğuz sözünün mənşəyi haqqındakı mülahizələrə münasibət bildirərək yazır: “Bizcə, bu izahların üçü də düzdür. Bunlar ona görə bir-birindən fərqlidirlər ki, hərəsi bu surətin inkişafının bir mərhələsini izah edir. Birincisi, yəni ən qədimi bu sözün qəbilələr şəklində də izahıdır ki, bunun, doğrudan da, belə olduğunu üç oğuz, doqquz oğuz və sair qəbilə birləşməsi adlarının mövcudiyyəti göstərir. Məlumdur ki, üç oğuz üç qəbilədən, 9 oğuz isə 9 qəbilədən ibarət birləşmələr deməkdir. İkinci mərhələdə, yəni əsrlər keçdikdən sonra bu ellərin başbilən dastançıları sözə əsatiri boyalar çəkmiş, onu birləşmənin təşəkkülündə iştirak etmiş olan əsas etnik ünsürlərin, yəni dörd qəbilənin ən əsas totemlərinin əlamətləri ilə bəzəmiş, özlərinə cəddi-qədim, yəni eponim düzəltmişlər. III mərhələdə totemə olan etiqad aradan qalxmış, tək Allaha meyil qüvvətlənmişdir. Bu dövrdə artıq ata bir sıra başqa mənaları ilə birlikdə həm də əngin səma, dərin zülmət, qaranlıq gecə demək olan Qara xana çevrilmişdir ki, ondan törəyib onu məhv edən övlad olar, fəcr olar, işıq olar”.
2000-ci ildə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyinin beynəlxalq miqyasda qeyd edilməsi dastana görkəmli dövlət xadiminin verdiyi böyük qiymət kimi qədirbilən xalqımız tərəfindən alqışlanmışdır.
Azərbaycan teatr və kinosunun inkişafında da Məmmədhüseyn Təhmasibin mühüm xidmətləri olmuşdur. O, XX əsrin 30-cu illərinin sonlarında kənd həyatından bəhs edən “Nəbi” kinossenarisini (1939) yazmışdır. Ancaq həmin əsərin işıq üzü görməsi mümkün olmamışdır. Bu ssenari əsasında Georgi Mdiviani 1940-cı ildə “Kəndlilər” filmini çəkmişdir. 1940-cı illərin əvvəllərində Məmmədhüseyn Təhmasibin iki əsəri – “Bahar” Gəncə Dram Teatrında və “Aslan yatağı” pyesi Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
Görkəmli dramaturq folklor motivləri əsasında “Çiçəklənən arzular” (1951) kino-pyesini yazmış, amma əlverişli şərait olmadığını düşünərək ortaya çıxarmamışdır. 1935-ci ildə yazdığı “Çiçəkli dağ” alleqorik pyesi 1954-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
“Kəlilə və Dimnə”nin motivləri əsasında yazdığı “Hind nağılı” pyesi (1955) və “Gülən gözlər” komediyası (1957) yenə həmin teatrda səhnə təcəssümünü tapmışdır. Bunların ardınca müəllif kino sahəsində də qələmini sınamış, kinodramaturgiyamızın tarixinə yeni səhifələr yazmışdır. Bir-birinin ardınca “Yeniliklə köhnəliyin mübarizəsi”, “Bir qalanın sirri” və “Onu bağışlamaq olarmı?” filmlərinin (1959-1960) ssenarisini yazmış və bu əsərlər dramaturqa Azərbaycan kinosu sahəsində böyük şöhrət qazandırmışdır. Onu da qeyd edək ki, “Bir qalanın sirri” filmi “Çiçəkli dağ” pyesinin motivləri əsasında yazılmışdı. “Onu bağışlamaq olarmı?” filmi isə “Bahar” pyesi əsasında ekranlaşdırılmışdır. Məmmədhüseyn Təhmasib 1960-cı illərin əvvəllərində Sabit Rəhmanın ssenarisi əsasında çəkilmiş “Koroğlu” filminin ədəbi məsləhətçisi olmuşdur. XII əsrdə yaşamış görkəmli Azərbaycan şairi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Rübailər aləmində” (1968) pyesi də Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuş və əsər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Qeyd etmək lazımdır ki, qədirbilən xalqımız görkəmli elm xadimi, dramaturq və pedaqoq Məmmədhüseyn Təhmasibi unutmamış, onun ədəbi və elmi irsinin öyrənilməsinə, təbliğinə həmişə qayğı ilə yanaşmışdır. Təsadüfi deyildir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə muxtar respublikamızda böyük elm fədaisinin anadan olmasının 110 illiyi geniş şəkildə qeyd olunur.
Naxçıvan torpağının yetirməsi olan Məmmədhüseyn Təhmasib xalqımızın qəlbində böyük müəllim, sənətkar və alim kimi daim yaşayacaqdır.

Əbülfəz Quliyev
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR