Aprelin 9-da Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Naxçıvan şəhərində magistratura və rezidenturaya qəbul imtahanının birinci mərhələsini və Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanlarını keçirib.
Magistratura və rezidenturaya qəbul imtahanı Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbin, Azərbaycan dili fənnindən test imtahanı isə 7 nömrəli tam orta məktəbin binalarında aparılıb. İmtahanlar saat 1300-da başlanıb. Magistratura və rezidenturaya qəbul imtahanlarının müddəti 2 saat 30 dəqiqə, Azərbaycan dili fənnindən test imtahanının müddəti isə 45 dəqiqə olub. İmtahanlarda iştirak etmək üçün magistraturaya 346, rezidenturaya 50, Azərbaycan dili fənnindən isə 24 nəfər qeydiyyatdan keçib.
İmtahanlara 45 nəzarətçi müəllim, 6 imtahan rəhbəri cəlb olunub.
Məlumat üçün bildirək ki, imtahanlara ərizələrin qəbulu internet vasitəsilə martın 10-dan 28-dək aparılıb. İmtahanların keçirildiyi binalar əvvəlcədən yoxlanılıb, zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Nəticələr yaxın günlərdə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdiriləcək.
Fatma Babayeva