Naxçıvan Müəllimlər İnstitutunda keçilən ustad dərsi bu mövzuya həsr edilib
Bu günlərdə Bakı Elm-Təhsil Mərkəzinin rəhbəri, pedaqogika üzrə elmlər doktoru, professor Fərahim Sadiqov Naxçıvan Müəllimlər İnstitutunda “Təhsilin müasir problemləri və yeni yanaşmalar” mövzusunda ustad dərsləri keçib. İnternet və kompüter sistemlərindən, innovativ texnologiyalardan istifadə olunmaqla keçilən ustad dərsində magistrlər, dissertantlar, doktorantlar, gənc müəllimlər və pedaqoji kollektivin üzvləri iştirak ediblər.
İnstitutun rektoru, Əməkdar elm xadimi, professor Oruc Həsənli Fərahim Sadiqovun geniş pedaqoji fəaliyyəti, ölkəmizdə pedaqoji kadrların yetişdirilməsi sahəsindəki təcrübəsi barədə məlumat verib.
Fərahim Sadiqov öz ustad dərsində təhsilimizin yeni müstəqillik mərhələsini, yeni yanaşma tərzini geniş şəkildə şərh edib. Ulu öndərimiz Heydər Əliyev hər bir cəmiyyətin, ölkənin inkişafında təhsilin əhəmiyyətini önə çəkib və yeni təhsil strategiyasının hazırlanmasını tövsiyə edib”, – deyən professor diqqətə çatdırıb ki, hazırda bu strategiya milli-mənəvi dəyərlərimiz baxımından təhlil edilərək yeni baxışlar müstəvisindən tətbiq olunur.
Professor yeni islahatın tələbləri baxımından dərslik və dərs vəsaitlərinin təkmilləşdirilməsinin pedaqoji prosesdə tətbiqi metodlarından, müəllim-şagird münasibətlərinin yenidən qurulmasının vacibliyindən və qarşıya çıxan problemlərin aradan qaldırılması yollarından da söhbət açıb.
Təhsilin mahiyyətini, məzmununu, forma və növlərini, fasiləsiz təhsil sistemini qabaqcıl beynəlxalq təcrübədəki təhsil örnəkləri ilə müqayisəli şəkildə izah edən alim təhsil qanunundakı yeniliklər haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə son təhsil direktivlərindən biri olan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilin modernləşdirilməsində əsas rol oynayır.
Qeyd edilib ki, Azərbaycan Respublikasında həyata keçirilən təhsil siyasəti onun həm milli, həm də ümumbəşəri dəyərlər əsasında inkişafını özündə şərtləndirir. Bunun üçün təhsilə, ilk növbədə, dövlətin qayğısı zəruri hesab olunur. Ölkəmizdə təhsilin inkişafına qayğı prioritet vəzifələr sırasında olduğundan bu istiqamətdə keçirilən tədbirlər daimi xarakter alıb. Bu da yeni nailiyyətlər qazanılmasında başlıca amildir.
Dərsdə mövzu ilə bağlı trafaretlər nümayiş etdirilib və slaydlar vasitəsilə bir sıra qabaqcıl dünya ölkələri ilə Azərbaycan təhsil sistemi müqayisə olunub.
Xəbərlər şöbəsi