Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında ali təhsil müəssisəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynovun “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı (1924-2014-cü illər)” kitabının təqdimat mərasimi keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdəki çıxışında vurğulayıb ki, universitet Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən monoqrafiya muxtar respublikada həyata keçirilən aqrar islahatlardan, xalq təsərrüfatının, yerli iqtisadiyyatın inkişafına xidmət edən dövlət siyasətinin uğurlarından bəhs edir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə kənd təsərrüfatı sahəsində genişmiqyaslı islahatların aparılması, müstəqillik illərində muxtar respublikada kənd təsərrüfatı sahəsində mühüm nailiyyətlər əldə edilməsi monoqrafiyada öz əksini tapıb.
Təqdimat mərasimində universitetin Ümumi tarix kafedrasının dosenti İsmayıl Zeynalov çıxış edərək bildirib ki, dörd fəsildən ibarət monoqrafiyada müxtəlif tarixi mərhələlərdə muxtar respublikada kənd təsərrüfatının heyvandarlıq, quşçuluq kimi sahələrinin, habelə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, meyvəçiliyin inkişafı, əkinəyararlı sahələrin genişləndirilməsi və məhsuldarlığının ildən-ilə artırılması, maddi-texniki bazanın gücləndirilməsi statistik göstəricilər əsasında araşdırılıb. Yeni tədqiqat əsəri muxtar respublikanın kənd təsərrüfatı tarixinin öyrənilməsi baxımından mühüm elmi dəyər kəsb edir.
Azərbaycan tarixi kafedrasının dosenti Sevinc Abbasova monoqrafiyanın “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı (1991-2014-cü illər)” adlanan dördüncü fəsli barədə danışıb. Qeyd edib ki, bu fəsildə müstəqilliyin ilk illərindən etibarən regionda ictimai-siyasi sabitlik şəraitində kənd təsərrüfatının müxtəlif sahələrindəki dirçəliş elmi əsaslarla, real faktlarla tədqiq olunub.
Təqdimat mərasiminin sonunda müəllif çıxış edərək tədbirin təşkilatçılarına, monoqrafiyanın ərsəyə gəlməsində xüsusi əməyi olanlara minnətdarlığını bildirib.
Mehriban Sultan