Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti bu gün muxtar respublikamızda da uğurla davam etdirilir. Bunun nəticəsidir ki, muxtar respublikada istedadlı gənclərin üzə çıxarılması, gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual potensialının inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilir.
Təbii ki, keçirilən tədbirlərdə bütün kateqoriyalardan olan gənclərin iştirakı diqqət mərkəzində saxlanılır. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun iş planında nəzərdə tutulmuş tədbirlər çərçivəsində gənc alimlərlə əlaqələrin inkişafı və bu sahədə layihələrin həyata keçirilməsinə də böyük önəm verilir.
Məhz bu amil nəzərə alınaraq Gənclər Fondu Təhsil Nazirliyi ilə birlikdə muxtar respublikamızın tam orta məktəblərində gənc alimlərin nümunəvi dərslərinin keçilməsi üçün qrafik hazırlayıb. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin gənc alimlərinin – doktorant və dissertantlarının iştirakı ilə müxtəlif fənlər üzrə nümunəvi dərslərin keçilməsi ayda iki dəfə və muxtar respublikanın bütün bölgələrini əhatə etməklə tədris ilinin sonuna qədər davam edəcəkdir. Bu cür dərslərin keçilməsi gənc alimlərlə əlaqələrin artırılması, birgə tədbirlərin həyata keçirilməsi, eyni zamanda məktəblərdə təhsil alan şagirdlərin elmə həvəsləndirilməsinə müsbət təsir göstərəcəkdir.
İlk nümunəvi dərs martın 10-da Naxçıvan şəhərindəki 13 nömrəli tam orta məktəbdə keçilib. AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının kiçik elmi işçisi, doktorant Turac Süleymanovanın kimya fənni üzrə keçdiyi dərs şagirdlər tərəfindən maraqla qarşılanıb. Slaydlar vasitəsilə keçilən dərsdə şagirdlərə azot yarımqrupu elementləri mövzusunda ətraflı məlumat verilib. Şagirdlər dərsdə fəal iştirak edib, onların sualları cavablandırılıb.
Qeyd edək ki, bu cür dərslərin keçilməsi məktəblilərin elmə marağının artırılması, elmi araşdırmalar üzərində işləməyə həvəsləndirilməsi, dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılmasına xidmət edir.
Xəbərlər şöbəsi