23 Dekabr 2024, Bazar ertəsi

Martın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmə üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri haqda məruzə edib.

İsmayıl Hacıyev bölmənin fəaliyyəti haqqında geniş məlumat verərək Naxçıvan tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, təbii sərvətləri, flora və faunasının sistemli şəkildə öyrənildiyini bildirib. Hesabat ilində bir sıra nailiyyətlərin əldə olunduğunu nəzərə çatdıran İsmayıl Hacıyev qeyd edib ki, ötən il 6 prоblemi əhatə edən 7 mövzuda 81 mərhələdə 31 iş üzrə tədqiqatlar aparılıb. O, 76 mərhələ üzrə işlərin artıq tamamlandığını, bölmə əməkdaşları tərəfindən 3 tətbiqyönümlü patentin alındığını, 5 qrant layihəsinin həyata keçirildiyini bildirib.
Akademik bölmənin beynəlxalq əlaqələrinin genişləndi­rilməsi istiqamətində aparılan işlər haqqında da məlumat verərək ABŞ, Fransa, Almaniya, İngiltərə, İsveç, Bosniya-Hersoqovina, Türkiyə, Rusiya, Qazaxıstan, İran və digər ölkələrin elm və ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələrinin imzalandığını söyləyib.

Ötən il Seysmoloji Xidmət Mərkəzinin istifadəyə verildiyini deyən akademik bölmənin kitabxanasında 123 kitabın elektron variantının hazırlanaraq www.ameanb.nakhchivan.az saytında və kitabxananın daxili şəbəkəsində yerləşdirildiyini vurğulayıb.
İsmayıl Hacıyev bölmənin nəşriyyatçılıq fəaliyyəti və kadr hazırlığı məsələlərinə də toxunub. O deyib: “Hesabat ilində 3-ü xaricdə olmaqla, 23 monoqrafiya, biri xaricdə olmaqla, 14 kitab, 4 metodik vəsait, 137-si xaricdə olmaqla, 560 məqalə və konfrans materialı və 7-si xaricdə olmaqla, 15 tezis çap olunub. Elmi müəssisələrin alimləri impakt faktorlu jurnallarda 29 məqalə dərc etdirib, 26 beynəlxalq simpozium və konfransda məruzələrlə çıxış ediblər.
2016-cı ildə 7 əməkdaşa dosent elmi adı verilib, fəlsəfə doktorluğu üzrə 6 dissertasiya işi müdafiə edilib, elmlər doktorluğu üzrə isə 2 elmi iş Ali Attestasiya Komissiyasına təqdim olunub”.
Məruzə dinlənildikdən sonra müzakirə edilib, rəyasət heyətinin qərarı ilə hesabat qənaətbəxş hesab olunub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR