23 Dekabr 2024, Bazar ertəsi

“Göy yerə zəng eyləyir” kitabında uşaqlara həsr olunmuş şeirlər toplanıb


Naxçıvanda yaşayıb-yaradan və ədəbi aləmdə öz imzası ilə yaxşı tanınan İbrahim Yusifoğlunun bu yaxınlarda növbəti kitabı nəşr olunub. “Göy yerə zəng eyləyir” adlı 250 səhifəlik kitabda uşaq ədəbiyyatı mövzusunda qələmə alınmış 300-dən çox şeir, üç poema və iki mənzum pyes toplanıb. 

İbrahim Yusifoğlunun uşaqlar üçün yazdığı şeirlərin ümumi ruhunu ifadə etmək baxımından Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılovanın bu yaxınlarda nəşr olunan “Naxçıvan ədəbi mühiti: uşaq ədəbiyyatının inkişaf istiqamətləri və problemləri” monoqrafiyasında yazdığı bu fikirlərini xatırlatmaq istərdik: “İbrahim Yusifoğlunun kiçik oxucu­larına ünvanladığı əsərlərlə tanış olduqca, onların içərisində təbiət mövzusuna daha çox üstünlük verildiyi göz qabağındadır. Onun balaca qəhrəmanı sanki təbiətin sehrkar qoynunda səyahətə çıxmışdır. Burada hər çiçəyin özünəxas bənzətmələrlə ifadə olunması, onların öz ətri ilə uşaqlara tanıdılması, təbiət gözəlliklərinin uşaqlara sevdirilməsi müəllifin uşaq aləminə yaxşı bələd olmasından irəli gəlir”.

Şərur rayonunda fəaliyyət göstərən “Şərur” ədəbi birliyinə rəhbərlik edən İbrahim Yusifoğlunun bu günədək uşaqlar üçün bir neçə kitabı nəşr olunub. “Futbolçu, topçu, gopçu”, “Arpaçayın uşaqları”, “Azərbaycan vətənimdir”, “Vətən nəğməsi”, həmçinin “Seçilmiş əsərləri”nin ikinci cildi tamamilə uşaqların dünyasına həsr olunmuş şeirlərdən ibarətdir. Bundan əlavə, İbrahim Yusifoğlunun Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” ilə bağlı hazırlanan “Müntəxəbat” dərsliyində, “Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası”nda, muxtar respublikamızda nəşr edilmiş “Uşaqlar və Günəş” almanaxında, “Uşaq ədəbiyyatı” üçcildliyində şeirləri dərc edilib.
2012-ci il 19 oktyabr tarixində keçirilən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun çıxışında uşaq ədəbiyyatı məsələsinə toxunarkən dediyi bu fikirləri xatırlatmaq istəyirəm: “Uşaq ədəbiyyatı uşaq səviyyəsinə enənə ədəbiyyat yox, uşaqlar üçün ədəbiyyat olmalıdır.
Uşaq ədəbiyyatı uşağın formalaşmasında mühüm rola malikdir. Bu ədəbiyyat böyüməkdə olan gənc nəslin etik və estetik tərbiyəsinə istiqamət verməli, onları xalqımızın malik olduğu milli dəyərlər, qəhrəmanlıq, düzlük, əməksevərlik və vətənpərvərlik ruhunda tərbiyə etməlidir”.
İbrahim Yusifoğlunun qələmə aldığı nümunələr də məhz bu baxımdan diqqəti çəkir. O, şeirlərini uşaq səviyyəsinə endirmir. Uşaqlar üçün ədəbiyyat yaradır. Beləliklə də, uşaqları öz ədəbiyyatı səviyyəsinə qaldırır, müxtəlif mövzulu şeir­ləriylə balaca və yeniyetmə oxucu­lara ölkəmizin, xalqımızın milli-mənəvi dəyərlərini təbliğ edir, onların öz dünyalarına xitab etməyi bacarır.
“Naxçıvanam – gözəlliklər məskəniyəm”, “Şirin-şəkər nəvələr” başlıqlarında toplanmış şeirlər, həmçinin “İydəli dərənin uşaqları”, “Novruz adətlərimiz”, “Nəzakət, hörmət, dostluq” poemaları, “Pəhləvanın bağında”, “Ceyranbulaq nağılı” mənzum pyesləri istər uşaq ədəbiyyatımızın zənginləşməsi, istərsə də azyaşlı oxucuların bədii ədəbiyyatla qismən təminatı baxımından böyük əhəmiyyətə malikdir. Bunun üçün də bu qəbildən olan kitablar müəyyən çevrə ilə məhdudlaşmamalı, əlaqədar qurumların ədəbi-tənqidi süzgəcindən keçirilərək daha artıq tirajla nəşr olunub geniş oxucu kütləsinin ixtiyarına verilməli, bağça və məktəb kitabxanalarında öz yerini almalıdır.
Sonda “Göy yerə zəng eyləyir” kitabı münasibətilə müəllifi təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

Elxan Yurdoğlu

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR