23 Dekabr 2024, Bazar ertəsi

Aqillər kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab edirlər. Bu, səbəbsiz deyil. Çünki insanlar ən yüksək keyfiyyətləri, əsl təhsili yalnız mütaliə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir. Böyük şəxsiyyətlərin həyatlarına nəzər yetirdikdə, onların hərtərəfli inkişafında mütaliənin əhəmiyyətli rol oynadığını aydın şəkildə görmək mümkündür. Bütün istiqamətlərdə inkişafın ancaq elmi əsaslarla mümkün olduğu müasir dövrdə hər kəsi düşündürən məsələlərdən biri də cəmiyyətimizdə mütaliə mədəniyyətinin inkişaf səviyyəsidir. Etiraf edək ki, biz hər sahədə çox böyük məsafələr qət etsək də, mütaliə mədəniyyətinin inkişafı sahəsində lazımi irəliləyişə nail ola bilməmişik. Xüsusən, gənclərdə mütaliəyə marağın aşağı düşməsi təhlükəli bir tendensiyanın xəbərçisidir. Onu da deyək ki, belə bir vəziyyət təkcə bizdə deyil, əksər dünya ölkələrində mövcuddur.

Bu məqamda keçmiş ittifaq dönəmini xatırlatmaq istərdim. Doğrudur, həmin dönəmin neqativ halları çox idi və bütün bunları haqlı olaraq tənqid edirik. Ancaq o dövrdə bir sıra məsələlər var idi ki, bu gün də bizim üçün nümunədir. Məsələn, həmin dövrdə insanlar daha çox mütaliə etməyə çalışırdılar. O zaman kitabxanalar ən yaxşı istirahət guşələrindən biri sayılırdı. İnsanların əksəriyyəti gərgin işdən sonra asudə vaxtını kitabxanalarda və ya evdə kitab oxumaqla keçirmək istəyirdi. Halbuki senzuranın tüğyan etdiyi həmin illərdə dünya ədəbiyyatının bir sıra nümunələrini əldə etmək mümkün deyildi. Sovet ideologiyasına uyğun elmi və bədii ədəbiyyatdan başqa heç bir kitabı, elmi əsəri tapa bilmirdik. Amma bütün bu çatışmazlıqlara baxmayaraq, insanlar həvəslə oxumağa kitab axtarır, bir-birinə yeni çapdan çıxmış kitabların müjdəsini verirdilər. Hörmət və rəğbət bəslədiyimiz insanlara kitab hədiyyə etmək isə artıq ənənə halını almışdı.
Bu gün isə biz nəyin şahidi oluruq? Senzura olmasa da, dövlət tərəfindən insanların kitab oxumağı, mütaliə etməyi üçün hər cür şərait yaradılsa da, oxucunun hərtərəfli biliyə sahib olması üçün dünyanın əksər qabaqcıl elm və ədəbiyyat xadimlərinin əsərləri muxtar respublikamıza gətirilsə də, nədənsə mütaliəyə həvəs əvvəlki kimi deyil. Əvvəllər ölkədə, o cümlədən qədim diyarımızda Azərbaycan dilində kitab azlıq təşkil edirdisə, indi belə problem birmənalı şəkildə yoxdur. Muxtar respublikamızın istənilən kitabxanasında müxtəlif sahələrə aid ədəbiyyat tapmaq mümkündür. Hansı ki bir vaxtlar biz bu əsərlərə, sözün həqiqi mənasında, həsrət qalmışdıq, onların heç biri tərcümə olunmamışdı və yaxud ölkəyə girişinə qadağa qoyulmuşdu. Vaxtilə insanlar dünya ədəbiyyatı ilə yaxından tanış olmaq üçün rus dilini öyrənmək məcburiyyətində qalırdılarsa, bu gün cəmiyyətimizin xeyli hissəsi nəinki dil öyrənməyə cəhd etmir, tərcümə olunmuş əsərləri belə, oxumaq istəmir.
Bu fikirləri deyərkən muxtar respublikamızda gündəlik mətbuatı, müxtəlif elmi və bədii əsərləri oxuyan insanları da yada salmaq istərdim. Təbii ki, bu gün elə insanlarımız da var ki, özünü mütaliədən ayrı təsəvvür edə bilmir. Bu gün muxtar respublikamızda təqdirəlayiq intellektual səviyyəli zümrə formalaşıb. Amma həqiqət acı olsa da, deməliyik ki, bu insanların sayı muxtar respublikamızın gələcək inkişafının qarantına çevriləcək sosial bazanın formalaşması üçün kifayət etmir.
Belə olan halda sual yaranır: hər cür şəraitimiz olduğu halda, xüsusən bəzi gəncləri mütaliədən ayıran səbəblər nədir? İlk olaraq internetdən, mobil rabitədən düşüncəsizcə istifadə məsələsi ağla gəlir. Son zamanlar gənc­lərin sosial şəbəkələrə aludəçiliyi daha da artıb. Bəzi gənclərimiz sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edərək Vətənimizi tanıtmaq, oxuduqları kitablar, keçdikləri dərslər ətrafında diskussiyalar aparmaq əvəzinə, əhəmiyyətsiz işlərlə məşğuldurlar. Hətta yol keçərkən əlindəki telefona başı qarışdığı üçün, az qala, maşın altında qalmaq təhlükəsi ilə üzləşən bir çox gənc nəinki mütaliədən, yəqin ki, ailə üzvləri ilə ünsiyyətdən də uzaqlaşır. Bu gün müsbət xüsusiyyətləri ilə yanaşı, həm də, necə deyərlər, çirklənmiş xəbər mənbəyi sayılan sosial şəbəkələr, xüsusilə gənclərimizin informasiya mənbəyinə çevrilib. Bu kor-koranə bağlılıq mütaliə etmək, kitab oxumaq kimi daha dəyərli mənbələrdən məlumat almaq istəyini xeyli azaldıb. Gənclərimizin intellektual təbəqəsi isə məlumatları daha çox elektron informasiya vasitələrindən almağa üstünlük verir, hətta bədii və elmi ədəbiyyatı da kompüter vasitəsilə oxuyurlar. Təbii ki, elektron məlumat mənbələrinin çoxalmasını qınaq obyektinə çevirmək fikrindən uzağam. Çünki bu, zamanın tələbidir. Lakin bu da bir faktdır ki, məlumat mənbələrinin çoxalması insanlarımızın fəaliyyətini və düşüncə imkanlarını fərqli məcrada bölüb, beyinlərin daha çox yüklənməsinə və yorulmasına gətirib çıxarıb. Onsuz da informasiya yükünün çox olduğu bu dövrdə, üstəlik, kitabların da kompüterdən oxunması, əslində, sağlamlıq nöqteyi-nəzərdən zərərlidir. Halbuki nəfis tərtibatla çap olunmuş çox dəyərli kitablar var ki, onları oxuyanda həm ardıcıllıq qorunur, həm də bu, insana xüsusi zövq verir.
Gənclərimizi mütaliədən ayıran səbəblərdən biri də milli mentalitetimizə uyğun olmayan xarici serialların və bəzi filmlərin izlənilməsidir. Bu, gənclərimizin elmə, oxumağa həvəsini azaltmaqla yanaşı, yersiz əyləncələrə, səmərəsiz həyat tərzi keçirmələrinə maraq oyadır. Gənc­lərimiz bir şeyi anlamağa çalışmalıdırlar ki, onların taleyini heç də həmin seriallar, filmlər müəyyənləşdirməyəcək. Onların gələcəyinə yalnız yaxşı kadr kimi yetişmək üçün mütaliə etmək faydalı ola bilər. Yəni biz özümüzün və Vətənimizin gələcəyi naminə oxumalı, öyrənməli, yenilikləri mənimsəməli, mütaliə mədəniyyətimizi inkişaf etdirməliyik. Dahilər yurdunun böyük alimlər, yazıçılar, tədqiqatçılar, siyasətçilər, sərkərdələr şəcərəsinin davamı mütləq olmalıdır. Bu isə yalnız elm və təhsillə mümkündür.
Hər bir məsələdə bizə doğru yolu göstərən ümummilli liderimiz Heydər Əliyev mütaliə mədəniyyətinin inkişafında da çox əhəmiyyətli tövsiyələr verib. Dahi şəxsiyyət deyib: “Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir...” Məlum səbəblərdən kitab çapının azaldığı illərdə – 1995-ci ildə öz şəxsi kitabxanasından 300 nüsxədən çox qiymətli kitabı Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına hədiyyə edən ulu öndərimiz həmişə gənclərə mütaliə etməyi, biliklərini artırmağı tövsiyə edib. Onun Milli Kitabxananın fonduna bağışladığı kitab kolleksiyasının tərkibinə nəzər salarkən oradakı çoxsahəlilik və yüksək mütaliə mədəniyyəti diqqəti cəlb edir. Həmin kitabların içərisində incəsənətə, mədəniyyətə, arxitekturaya, Azərbaycan tarixinə, coğrafiyasına, ədəbiyyatşünaslığa, milli adət və ənənələrimizə, kənd təsərrüfatına, İslam dininə və müxtəlif dinlərə, dünya ölkələrinin tarixinə və ictimai həyatına, Qarabağın tarixinə və probleminə dair Azərbaycan, rus və dünya klassiklərinin və müasir yazıçıların əsərlərinə, uşaq ədəbiyyatı nümunələrinə və digər nəşrlərə rast gəlmək olur. Ulu öndərin bütün elmlərə vaqif olduğunun hər birimiz dəfələrlə şahidi olmuşuq və bir sıra xarici jurnalistlərin Ona verdikləri – “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz. Bu qabiliyyət Sizdə haradandır?” – sualına dahi rəhbər cavab verirdi ki, hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır.
Çox maraqlı bir fakta da toxunmaq istərdim. Tibb işçilərimiz sağlam həyat tərzi üçün haqlı olaraq idmanın əhəmiyyətini vurğulayırlar. Ancaq araşdırmalar zamanı o da məlum olub ki, təkcə idman deyil, ədəbi mütaliə də insan ömrünü uzadır. Bu bəyanatla 3 min 500 nəfərdən çox oxucu üzərində təcrübə aparmış ABŞ-ın Yale Universitetinin alimləri çıxış ediblər. Tədqiqatçılar bildiriblər ki, ömrü uzatmaq üçün gündə, heç olmasa, yarım saat sevimli ədəbiyyatın mütaliəsinə vaxt ayırmaq lazımdır. Qeyd edilir ki, kitabsevərlər mütaliə sevgisi hesabına ömürlərini ən azı iki il uzadırlar. Yəni mütaliə mədəniyyətimizin inkişaf etdirilməsi hər baxımdan bizə fayda verdiyi kimi, sağlamlığa da xeyirlidir. Belə olan halda niyə mütaliədən uzaqlaşmalıyıq?


Rauf Kəngərli

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR