Xatirə Muzeyində bu mövzuda interaktiv dərs keçilib
Naxçıvan şəhərindəki Şəhidlər xiyabanının qarşısında dayanmışam. Xəyalımda ötən əsrin 80-ci illərinin sonlarında başlayan hadisələri canlandırıram. Gözlərim önündən 20 Yanvar hadisələri keçir. Bir il sonra belə faciəni Azərbaycanın qədim torpağı Xocalı da yaşadı. Xalqımızın qəhrəmanlıq tarixinin belə səhifələri çoxdur. Bu səhifələrə ölkəmizin müstəqilliyi, azadlığı uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan eloğullarımızın mənfur düşmənə qarşı mübarizəyə qalxdığını bütün dünyaya bəyan edən faciələr yazılıb.
Yaxınlıqda yerləşən Xatirə Muzeyinə daxil oluram. Giriş otaqda “Erməni vəhşiliyi – Xocalı faciəsi” və “XX əsrin faciəsi” adlı guşələr yaradılıb. Burada akademiklər Cəlal Əliyev və Budaq Budaqovun “Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı”, İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, həmçinin Tatyana Çaladzenin “Qarabağ genosidi: sənədli xronika” və digər kitab, jurnal, qəzet materialları özünə yer alıb. Şəkillərə həyəcansız baxmaq olmur. Bu şəkillərin hər biri xalqımızın azadlıq uğrunda mübarizəsinin bir anını əks etdirməklə bugünkü gənclərdə vətənpərvərlik hisslərini gücləndirir, bu mübarizədə canından keçən qəhrəman övladlarımıza sevgi və ehtiram duyğularını artırır. Ona görə də bu muzey hər bir yurdsevər azərbaycanlı üçün müqəddəs bir ünvandır.
Muzeyi gəzirəm, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş sənət əsərlərinə, onların şəxsi əşyalarına, fotoşəkillərinə, keçdikləri şərəfli döyüş yollarını əks etdirən sənədlərə, eksponatlara baxıram. Bütün bunlar bizi bir anlığa keçmişə qayıtmağa, düşünməyə, başımıza zaman-zaman gətirilən faciələrdən nəticə çıxarmağa sövq edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1997-ci ildə imzaladığı Sərəncamla “Şəhidlər muzeyi” adı ilə yaradılaraq 500 eksponatla fəaliyyətə başlayan, 8 avqust 2000-ci il tarixdən “Xatirə Muzeyi” adlandırılan bu mədəniyyət müəssisəsində hal-hazırda 2000-dən artıq eksponat var. Xronoloji ardıcıllıqla qurulan muzeyin ekspozisiyasında Azərbaycanda baş verən qırğınlara və törədilən etnik qarşıdurmalara ilk dəfə hüquqi-siyasi qiymət verən ümummilli lider Heydər Əliyevin 1918-ci il 31 mart, 1990-cı il 20 yanvar, 1992-ci il 26 fevral faciələri ilə bağlı imzaladığı sərəncamların surətləri yer alıb.
Muzeydəki növbəti guşənin qarşısında dayanmışam. Burada 1918-1920-ci illərdə erməni daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələri əks etdirən material, fotoşəkil və sənədlər sərgilənir. 1918-1920-ci illərdə erməni daşnakları hücum edərək yaşayış məntəqələrimizi talayır, əhalini isə xüsusi amansızlıqla qətlə yetirirdilər. Həmin illərdə təkcə Bakı şəhərində 70 min insan qətlə yetirilmişdi. Andranikin başçılıq etdiyi erməni quldur dəstələri Naxçıvan mahalına da hücum etmişdilər. Yaycı kəndi tamamilə yandırılmış, əhaliyə divan tutulmuş, Naxçıvanda 73 min 727 nəfər qətlə yetirilmişdi.
Muzeyin guşələrində xalqımızın zəfər dastanının, Şərqdə ilk demokratik respublikanın tarixini əks etdirən nümunələr də var. Doğma diyarımız Naxçıvanın taleyini həll edən 1921-ci il 16 mart tarixli Moskva, 1921-ci il 13 oktyabr tarixli Qars müqavilələrinin surətləri muzeyin digər bir guşəsindədir.
Birinci və İkinci Dünya müharibələrində Azərbaycanda baş verən hadisələr haqqında məlumat və materiallar xalqımızın cəsarətini özündə əks etdirir. İkinci Dünya müharibəsi illərində azərbaycanlıların həm ön cəbhədə, həm də arxa cəbhədə hünər və dözümü bütün dünyaya məlumdur. Bu müharibədə 700 mindən artıq azərbaycanlı döyüşüb. 300 min azərbaycanlı həlak olub, 2000 döyüşçü medal və ordenlərlə təltif edilib. 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Üç Sovet İttifaqı Qəhrəmanı Naxçıvan torpağının yetirməsidir.
Muzeydə Qəzənfər Əkbərov, Abbas Quliyev və Nəcəfqulu Rəfiyevin doğma yurddan minlərlə kilometr uzaqda göstərdikləri igidliyi özündə əks etdirən sənədləri, ordenləri, fotoşəkilləri və şəxsi əşyaları var.
Burada nümayiş etdirilən bir şəklə baxıram. Bu, 1990-cı ildə Sədərəkdə könüllülərdən ibarət özünümüdafiə dəstəsinin fotoşəklidir. Bu, sadə, cansız bir fotoşəkil yox, xalqın qeyrətinin, vətən sevgisinin rəmzidir. Bu fotoşəkildəki insanların çoxu yaşamır bu gün. Onlar öz ölümləri ilə ölümsüzlüyə qovuşublar.
Torpağımız uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar xalqımızın övladlarıdır. Cəbhədəki şücaətinə görə 213 döyüşçü Milli Qəhrəman adına layiq görülüb. Onlar arasında naxçıvanlılar da var və bu qəhrəmanlar haqqında muzeydə ətraflı məlumat almaq olar.
...Gələcək nəslin azad, suveren yaşaması üçün onlar öz canlarından keçiblər. Xalqımız bu qəhrəman övladlarını unutmur, unutmayacaq da.
Bütün bunlar barədə Xatirə Muzeyində keçilən açıq dərslərdə, təhsil müəssisələri ilə yaradılan interaktiv əlaqə zamanı ətraflı məlumat verilir. Məqsəd isə ondan ibarətdir ki, bugünkü gənclik Vətənə, dövlətə, müstəqilliyimizə sadiq ruhda böyüsün, xalqımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik adlı yüksək məqama ucalanların keçdikləri şərəfli ömür yollarını öyrənsin.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək Tədbirlər Planı”na əsasən, dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəbləri və Heydər Əliyev adına Hərbi Liseylə Xatirə Muzeyi arasında interaktiv əlaqə yaradılaraq bir dərs saatı Xocalı faciəsinin 25-ci ildönümünə həsr olundu. Dərsdə muzeyin bələdçisi Rəqsanə Kərimova bildirdi ki, muzey gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Burada Azərbaycan torpaqlarında, o cümlədən Xocalıda ermənilər tərəfindən törədilən soyqırımı və onun qurbanlarının faciəli qətlini əks etdirən sənəd və materiallar, habelə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən Vətən övladlarının keçdiyi şərəfli həyat yolunu əks etdirən zəngin eksponatlar nümayiş etdirilir.
Rəqsanə Kərimova Xocalı faciəsi, bu faciənin törədilməsi səbəbləri, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsində ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri, 25 il ərzində Xocalı faciəsinin dünyanın bir sıra parlamentlərində tanınması üçün Azərbaycan dövlətinin və diasporlarının fəaliyyəti barədə danışıb.
Qeyd edək ki, Xatirə Muzeyində keçilən interaktiv dərsi muxtar respublikanın 225 təhsil müəssisəsindən izləyiblər.
Muxtar Məmmədov