Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində fənn olimpiadaları qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən təhsil naziri Məmməd Qəribov bildirib ki, hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitə təhsildir. Ona görə də ölkəmizin bütün regionlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. İlbəil təhsil müəssisələri üçün yeni binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması, ümumtəhsil məktəblərinin ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsirini göstərib. Hər il olduğu kimi, bu il də muxtar respublikamızda məktəb binalarının tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi təhsildə uğurlarla nəticələnir. Belə ki, 2016-cı ildə Naxçıvan Dövlət Texniki Kolleci, Ordubad Texniki Peşə və Sürücülük Məktəbi, eyni zamanda Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey və 4498 şagird yerlik 13 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə, 17 təhsil müəssisəsi üçün binalar tikilib və ya əsaslı şəkildə yenidən qurularaq şagird və müəllimlərin istifadəsinə verilib.
Qeyd olunub ki, bu il Naxçıvan şəhərində 3 və 13 nömrəli, Şərur rayonunda Çəmənli, Şahbuz rayonunda Kolanı kənd tam orta məktəbləri binalarının istifadəyə verilməsi, Şərur şəhər 2 nömrəli tam orta məktəb üçün binanın tikintisi və ya yenidən qurulmasının davam etdirilməsi də bu qayğının bariz nümunəsidir. Təhsilə göstərilən qayğının nəticəsidir ki, 2015-2016-cı dərs ilində tam orta məktəbi bitirən məzunlardan 14-ü qızıl, 13-ü isə gümüş medallara layiq görülüb. Medallara layiq görülmüş məzunlar onlara göstərilən etimadı doğruldaraq qəbul imtahanlarında uğur əldə ediblər. Belə ki, onların 12-si 600-650, 15-i isə 650-700 intervalında bal toplayıblar. Ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1538-i, yəni sənəd verənlərin 62 faizi tələbə adını qazanıb. Ali məktəblərə qəbul olan məzunların 338-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplayıb.
Diqqətə çatdırılıb ki, muxtar respublikamızda təhsilə göstərilən qayğı gənclərin ilbəil daha böyük uğurlara imza atmasına şərait yaradır. Elə ötən il muxtar respublika məktəblilərinin fənn olimpiadasında qazanılan nailiyyətlər də bundan xəbər verir.
Təhsil naziri vurğulayıb ki, bu olimpiada muxtar respublikada ilk dəfə olaraq keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat, Azərbaycan dili və xarici dil fənləri üzrə keçirilən olimpiadada VII-XI sinif şagirdləri iştirak ediblər.
Fənn olimpiadasının dekabr ayının 11-də keçirilən rayon (şəhər) mərhələsində 1018 nəfər iştirak edib. Bu mərhələdə qalib olmuş 211 şagird cari il fevral ayının 11-də Naxçıvan şəhərində keçirilən final mərhələsinə qatılıb. Həmin mərhələdə 106 şagird qalib gəlib. Onlardan 32-si I yer, 34-ü II yer, 40-ı isə III yerləri tutub.
Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Xəbərlər şöbəsi