Fevral ayının 15-də muxtar respublikanın daha bir yaşayış məntəqəsində müasir tələblərə cavab verən yeni məktəb binasının sevinci yaşanıb. Belə ki, Şahbuz rayonunun Kolanı kənd tam orta məktəbi üçün inşa olunan bina istifadəyə verilib. Biz də o sevincli anlarında məktəbin müəllimləri ilə görüşdük, onları təbrik edib gələcək fəaliyyətlərində uğurlar arzuladıq, təəssüratlarını öyrəndik.
Məktəbin direktoru Rəqsanə Əsgərova deyir ki, 3 mərtəbədən ibarət olan 360 şagird yerlik binanın istifadəmizə verilməsi təhsilin inkişafına, bu sahədə çalışanlara dövlətimizin növbəti qayğısıdır. Təbii ki, belə qayğı pedaqoji kollektivin məsuliyyətini daha da artırıb.
Həmsöhbətim onu da diqqətə çatdırır ki, ötən dərs ilində məktəbi bitirən 20 məzunun 12-si ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim etmişdi. Abituriyentlərdən 6 nəfəri tələbə adını qazanıb ki, onlardan 1 nəfəri 600-dən çox bal toplayıb. Göründüyü kimi, bu nəticəni yüksək saymaq olmaz. Kollektiv çalışacaq 2016/2017-ci tədris ilinin yekunları elə olsun ki, bununla bizə göstərilən qayğı və etimada cavab verək.
“Tərəqqi” medalına layiq görülmüş tarix müəllimi Məhərrəm Əhmədov söhbətə qoşulur:
– Ulu öndər Heydər Əliyevin müdrik bir kəlamını tez-tez şagirdlərimə xatırladıram: “Həyat böyük prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”. Bu gün fəxrlə demək olar ki, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda belə təhsilə malik gənclər yetişdirmək heç də çətin deyil. Çünki təhsilin inkişafı prioritet vəzifələr sırasındadır. Bunun üçün həyata keçirilən tədbirlər hamımızı sevindirir. Kolanı kənd tam orta məktəbi üçün inşa edilən yeni bina da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Ucqar dağ kəndi üçün belə məktəb binası tikilməsi pedaqoji kollektivimizi yaxşı işləməyə, savadlı və vətənpərvər gənclər yetişdirməyə ruhlandırıb. Belə yüksək qayğıya biz ancaq bununla cavab verə bilərik.
Məktəbin coğrafiya müəllimi Şirin Orucov da öz razılığını bildirir:
– Kəndimizdə bundan əvvəl mövcud olan məktəb binası bugünkü tələblərə cavab vermirdi. Bu isə tədrisin səviyyəsinə öz təsirini göstərirdi. Bu vəziyyətdən biz müəllimlər də, valideynlər də daxilən narahatçılıq hissi keçirirdik. Artıq buna son qoyulub. Bu gün fəaliyyət göstərdiyimiz təhsil ocağının binası rayon mərkəzlərindəki, paytaxt şəhərimiz Naxçıvandakı məktəblərdən seçilmir. Zəngin maddi-texniki bazamız, laboratoriyalarımız, kitabxanalarımız, kompüter və elektron lövhəli siniflərimiz imkan verir ki, yüksək nailiyyətlər qazanaq. Yaradılan belə şəraitdə heç bir müəllimin pis işləməyə, heç bir şagirdin pis oxumağa haqqı yoxdur. Kollektivimiz adından dövlətimizə minnətdarlıq edir, daha yaxşı işləməyə çalışacağımıza söz veririk.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Nərminə İbrahimova deyir ki, yaşadığımız dövr yeni texnologiyalar əsridir. Bu gün muxtar respublikanın ən ucqar dağ və sərhəd yaşayış məntəqələrində belə texnologiyalardan istifadə etmək imkanları yaradılıb. Sevinirik ki, digər təhsil ocaqlarında olduğu kimi, bizim məktəbdə də bu vacib məsələ öz həllini tapıb. Binanın açılış günündə Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyi ilə interaktiv əlaqə yaradıldı, 209 məktəbin şagirdləri “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı” mövzusunda dərsi dinlədi. Yaşlı bir təhsil işçisi kimi demək istəyirəm ki, belə coğrafi mövqedə yerləşən bir kənddə informasiya texnologiyalarının tətbiq olunacağını düşünmək belə mümkün deyildi. Bu, reallıqdır, muxtar respublikanın sosial-iqtisadi inkişafının bəhrələridir; nəticə etibarilə intellektual səviyyəli gənclər yetişdirməyə yönələn dövlət siyasətidir. Bizə qalır ki, Ali Məclis Sədrinə minnətdarlığımızı bildirməklə qarşımıza qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün daha yaxşı işləyək.
Məktəbin tarix müəllimi Zakir Həsənov:
– Bu gün ölkəmiz müstəqildir, həyatın bütün sahələri bu qiymətli sərvətin bəhrələrini görür. Məktəbimiz üçün istifadəyə verilən bina da müstəqilliyin bəhrəsidir. Bir tarix müəllimi, bir ziyalı kimi qarşımızda duran vəzifələri yaxşı dərk edirəm. Bir vaxtlar təhrif olunmuş tariximizin araşdırılması, yeni nəşrlərin işıq üzü görməsi məni də ürəkdən sevindirir. Xüsusilə də “Naxçıvan tarixi” çoxcildliyinin nəşr edilərək istifadəmizə verilməsi tariximizin bugünkü məktəblilərə olduğu kimi öyrədilməsinə imkan verib. Kitabxanamızda tariximizlə bağlı digər nəşrlər də var. Çalışacağıq ki, qədim tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi yüksək səviyyədə şagirdlərə öyrətməklə bizə göstərilən etimadı doğruldaq.
Yeni məktəb binasının açılışında iştirak edən kənd sakinləri ilə də görüşdük. Onların da ürək sözlərini dinlədik. Kiminlə söhbət etdiksə, razılıqla danışdı, dövlətimizə Kolanıya göstərilən belə qayğı üçün minnətdarlığını bildirdi.
Muxtar Məmmədov