Muxtar respublikada yaradılan müasir təhsil infrastrukturu tədrisin hərtərəfli təşkilinə imkan verir. Xüsusilə yeni texnologiyaların tətbiqi şagirdlərə keçirilən dərsləri daha yaxşı qavramağa şərait yaradır.
Yanvar ayında təhsil müəssisələrində qarşıya qoyulan vəzifələrin icrası diqqətdə saxlanılmış, Bəhruz Kəngərli Muzeyi və Xatirə Muzeyi, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə ümumtəhsil məktəbləri arasında əlaqə yaradılaraq distant dərslər keçirilmişdir. Bu dövrdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində, Naxçıvan Müəllimlər İnstitutunda və orta ixtisas təhsili müəssisələrində çalışan elmi dərəcəli müəllimlər tərəfindən ümumtəhsil məktəblərində 213 saat nümunəvi dərslər tədris olunmuşdur.
Muxtar respublikada şagirdlərin biliklərinin yoxlanılmasında test-sınaq imtahanları mühüm əhəmiyyət daşıyır. Ötən ay ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə test-sınaq imtahanları keçirilmişdir. Həmçinin Azərbaycan Respublikası məktəblilərinin fənn olimpiadalarının rayon mərhələsi keçirilmiş, 202 şagird respublika mərhələsinin yarımfinalında iştirak etmək hüququ qazanmışdır. Bu dövrdə VII–XI sinif şagirdləri arasında “Torpaq uğrunda ölən varsa, Vətəndir” mövzusunda inşa yazı müsabiqəsinin, “Şəhidlər ölməz, hər zaman anılar” adlı şeir müsabiqəsinin yekun mərhələsi olmuş, qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Muxtar respublikamızda peşə təhsilinin inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlərin nəticəsidir ki, yanvar ayında peşə təhsili müəssisələrini 4 ixtisas üzrə 233 müdavim bitirmiş, peşə məktəblərinə 465 müdavim cəlb olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti