23 Dekabr 2024, Bazar ertəsi

Qədim diyarımız qışın qar sevincli, qar ətirli günlərinin sehrinə düşüb. Yurdumuz öz gözəlliyinin yeni çalarlarına qovuşub. Uşaqlar qartopu oynamaqları üçün əllərinə düşən fürsətdən, necə deyərlər, o ki var istifadə edirlər. 

Sərhəd bölgəmiz Heydərabad qəsəbəsində fəaliyyət göstərən uşaq bağçasında bunun bir daha şahidi oluram. Bağçanın həyətində tərbiyəçi müəllimin nəzarəti altında qartopu oynayan uşaqların şən gülüşləri ətrafa yayılıb. Bağçanın həyətinə daxil olduğumuzu görən uşaqlar bir anlığa öz oyunlarına ara verirlər. Salamlaşırıq. Çoxdankı tanışlar kimi bizimlə söhbətə girişirlər.
– Kim qarın gözəlliyi haqqında şeir deyə bilər? – deyə soruşuram.

Bir qədər düşünən uşaqlardan biri daha zirək çıxır:

Qar yağır, elə bil ki, göydən ağ ulduz yağır
Torpağın sinəsinə,
Torpaq qar yorğanına bürünüb yatır yenə.

Daha bir uşaq qabağa keçir:

Qar yağır... insan kimi sevinir ana torpaq.
Sevinir ki, məhsulu yenə də bol olacaq.

– Şeiri kim yazıb?
– Asim Yadigar, – deyə xorla cavab verirlər. Digər uşaqlar da səs-səsə verərək şeir söyləmək istəyirlər...
...Bir vaxtlar bəzi kəndlərimizdə fəaliyyət göstərən uşaq bağçalarını yadıma salmağa çalışır, fəaliyyət göstərdiyi dövrün tələblərinə belə cavab verməyən həmin məktəbəqədər təhsil müəssisələrinin yerləşdikləri binaları gözlərim önünə gətirirəm. Müqayisə aparmağa dəyməz. Hətta heç bir baxımdan. Muxtar respublikamızda indiki uşaq bağçalarının binaları orta məktəb binalarından seçilmir.
Bağçanın müdiri Aksana Həsənova bakılıdır, hərbçi həyat yoldaşı ilə bir neçə ildir ki, Sədərək rayonunun mərkəzi Heydərabad qəsəbəsinə gəliblər. Deyir ki, bu qəsəbəyə ayaq basanda gözlərimə inana bilmədim. İnana bilmədim ki, sözün həqiqi mənasında, düşmənlə bir addımlıqda belə gözəl, yaraşıqlı qəsəbə salına, yeni infra­struktur yaradıla. Elə götürək bu uşaq bağçasını. 2013-cü ilin oktyabr ayında istifadəyə verilən bağça zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada müxtəlif yaş qrupunda olan uşaqların məktəbəqədər tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması üçün hərtərəfli şərait yaradılıb. Binada metodist, valideyn və yataq otaqları, yeməkxana, tədbirlər, oyun və şənlik zalları, mətbəx, ərzaq anbarı, camaşırxana və fərdi qazanxana yaradılıb.
144 yerlik bağçada körpələr, orta, 2 böyük və məktəbəhazırlıq olmaqla, 5 qrup fəaliyyət göstərir.
Binanın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Hər bir ölkənin gələcəyini təmin etmək üçün, ilk növbədə, uşaqların hərtərəfli böyüməsinə ciddi diqqət yetirmək lazımdır. Bu mənada uşaqların məktəbəqədər tərbiyəsinin düzgün təşkili, onların hərtərəfli təhsil alması vacib məsələlərdəndir. Bu gün Heydərabad qəsəbəsində istifadəyə verilən uşaq bağçasında da gələcəyimiz olan uşaqlar tərbiyə olunacaqdır... Məktəbəqədər təhsil uşaqların intellektual inkişafında, məktəbə hazırlanmasında, bacarıq və vərdişlərin formalaşdırılmasında mühüm rol oynayır. Ona görə də ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir, məktəbəqədər təhsil müəssisələrində lazımi şərait yaradılır, uşaq bağçaları dövlətimiz tərəfindən ərzaq və lazımi avadanlıqlarla təmin olunur. Heydərabad qəsəbə uşaq bağçası da müasir avadanlıqlarla təmin edilmiş, uşaqların sağlam böyüməsi üçün hərtərəfli şərait yaradılmışdır. Yaradılan şərait intellektli və bacarıqlı gəncliyin yetişməsinə imkan verəcəkdir”.
Tərbiyəçi müəllim Ruhiyyə Zamanova deyir ki, bugünkü uşaq sabahın məktəblisi, sonra tələbəsi və nəhayət, gələcəyimizin idarəedicisidir. Ona görə də onlar bu gün elə tərbiyə edilməlidirlər ki, sabahkı nəticə istədiyimiz kimi olsun. Yəni uşaqlara yurda bağlılıq, vətənpərvərlik, düzlük, xeyirxahlıq kimi müsbət keyfiyyətlər aşılanmalıdır.
Digər tərbiyəçi müəllim Elnarə Abdullayeva da həmkarı ilə razılaşır, öz fikirlərini bizimlə bölüşür:
– Aqillər çox düzgün deyiblər: uşaq nə qədər əzizdirsə, tərbiyəsi ondan da əzizdir. Biz də sevinirik ki, muxtar respublikamızda bu əziz olan balaların düzgün tərbiyəsi üçün hərtərəfli şərait yaradılır. Heydərabad qəsəbəsində inşa olunan bu bağça sərhəd bölgəsinin sakinlərinə böyük dövlət qayğısının ifadəsidir.
Bağçadakı otaqları gəzir, məşğələlərin gedişi ilə maraqlanırıq. Uşaqlara ilkin vərdişlər öyrədilir. Onlar şəkillər çəkir, müxtəlif fiqurlar düzəldir, şeir və nağıllar söyləyir, əyləncəli oyunlara cəlb olunurlar. Kollektivin tapşırılan vəzifələri layiqincə yerinə yetirmək səyləri gözümüzdən qaçmır. Hər bir uşağa fərdi yanaşılır, onların kollektivçilik ruhunda formalaşmalarına səy göstərilir. Pianino və mebel avadanlıqları ilə təchiz edilmiş tədbirlər və şənliklər zalına daxil oluruq. Buradakı uşaqlar nağıl aləminə düşüblər. Tərbiyəçi müəllim onlara “Qoçaq oğlan” nağılını danışır. Uşaqlar diqqət kəsiliblər. Aksana müəllimə deyir ki, sərhəd bölgəsində yaşayan uşaqlara qəhrəmanlıq, qoçaqlıq, torpaq sevgisi, düşmənə nifrət hissləri aşılamaq daha çox ustalıq tələb edir. Çünki onlar uşaq olsalar da, çox şeydən xəbərdardırlar.
Zalın pəncərəsindən qarşıdakı dağın yamacında görünən əsgər postlarına baxıram. Uşaqların nəzərlərini həmin ünvana yönləndirir və əsgərlərimizin nə üçün orada dayandıqlarını soruşuram. Nicat adlı uşağın cavabı qəlbimi qürurla doldurur:
– Onlar bizi qoruyurlar, Sədərəyi qoruyurlar ki, düşmənlər torpağımıza girə bilməsinlər. Heç girə də bilməzlər. Çünki bizim güclü ordumuz var.
Fəridə Həşimli əsgərlərimizə həsr olunmuş mahnıları çox sevdiyini söyləyir. Deyir ki, bağçada, rayonda keçirilən tədbirlərdə “Sıravi Əhməd”, “Marş irəli, Azərbaycan əsgəri” mahnılarını oxuyur və bizi də bu mahnılardan birinə “qonaq edir”:

Vətən məni yetişdirib bu ellərə yolladı
Bu torpağa qurban deyib, Allaha ismarladı...
Boş oturma, çalış dedi, xidmət eylə vətənə.
Südüm sənə halal olmaz sən baş əysən
düşmənə...

Yadıma Ali Məclis Sədrinin sözləri düşür: Gələcəyimizi təmin etmək üçün uşaqlar vətənpərvər və sağlam böyüdülməlidirlər... Qarşılaşdığımız bu və bunun kimi mənzərələr göstərir ki, gələcəyimiz etibarlı əllərdə olacaq.


Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR