Fevralın 8-də AMEA Naxçıvan Bölməsində “Naxçıvanın muxtariyyəti: tarix və müasirlik” mövzusunda keçilən interaktiv dərsdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvanın muxtariyyəti məsələsi XX əsrin 20-ci illərində bölgədə baş vermiş ictimai-siyasi hadisələrin nəticəsində meydana çıxıb. Qədim diyara muxtariyyət statusunun verilməsi zəruri tarixi-siyasi, coğrafi amillərdən irəli gəlib. Naxçıvanın muxtariyyət qazanması onun Azərbaycanın tərkibində qalmasına, inkişaf etməsinə əhəmiyyətli hüquqi-siyasi zəmin yaradıb. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda respublikamızın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələri imzalanıb. Beynəlxalq Moskva və Qars müqavilələri Naxçıvanın ərazisinin toxunulmazlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edib. Həmin sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil olunması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin edilib.
Qeyd olunub ki, Naxçıvan Azərbaycanın böyük dövlətçilik ənənələrinə malik olan qədim diyarıdır. X əsrdə burada “Naxçıvan şahlığı”nın, XII əsrdə isə Atabəylər dövlətinin yaranması da bunu təsdiq edir. Bundan əlavə, XVIII əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına əsaslı töhfələr verib. XX əsrin əvvəllərində həmin dövlətçilik ənənələrinin əsasında 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası yaradılıb. Bu respublika qədim diyarın düşmənlərdən müdafiəsi və ərazisinin qorunub saxlanılması üçün əhəmiyyətli rol oynayıb. Bu mənada, Naxçıvanın muxtariyyət qazanması həm də tarixboyu yaranan dövlətçilik ənənələrinin davam etdirilməsinə rəvac verib. Həmin dövlətçilik ənənələrini yaşadan naxçıvanlılar 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında Naxçıvan Muxtar Respublikasının yaradılması üçün böyük səy göstəriblər. Əhali qədim diyarın Azərbaycanın tərkibində saxlanılması üçün istər hərbi, istərsə də siyasi-diplomatik sahələrdə fədakarlıqla mübarizə aparıb.
“Ulu öndər Naxçıvanın muxtariyyət qazanmasını dövlətçilik tariximizdə böyük nailiyyət kimi qiymətləndirib. Türk dünyasının böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə qədim diyarın toxunulmazlığı istiqamətində mühüm tədbirlər həyata keçirib”, – deyən akademik İsmayıl Hacıyev vurğulayıb ki, həmin illərdə Naxçıvanda qəbul edilən tarixi qərarlar həm də Azərbaycan dövlətçiliyinin formalaşması, onun tərəqqisi, milli iqtisadi strategiyanın müəyyənləşdirilməsi, diplomatik münasibətlərin qurulması kimi əhəmiyyətli məsələlərdə mühüm rol oynayıb. Akademik bildirib ki, 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif Talıbov Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Ötən dövrdə Ali Məclis Sədrinin rəhbərliyi ilə bölgənin üzləşdiyi problemlər müəyyənləşdirilib və onların həllinə başlanılıb. İqtisadiyyatın dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilib, yeni iş yerləri yaradılıb. İrimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri genişlənib, tarixə, mədəniyyətə, təhsilə, elmə qayğının yeni mərhələsi başlanıb, sənaye və kənd təsərrüfatının inkişafına diqqət artırılıb, ümumi daxili məhsulun həcmi ilbəil yüksəlib. Nəticədə, Naxçıvan hazırda çiçəklənən bir diyara çevrilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə keçilən interaktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil müəssisəsində izlənilib.
Səbuhi Həsənov