Naxçıvan Muxtar Respublikasında elmin inkişafına göstərilən dövlət qayğısı, elm və təhsil müəssisələri üçün yaradılmış şərait müxtəlif elm sahələrinin inkişaf etdirilməsinə hərtərəfli imkan yaradıb. Bu sahənin diqqət mərkəzində saxlanılması elm adamlarının məsuliyyətini artırmaqla yanaşı, elmi-tədqiqat müəssisələrində müxtəlif istiqamətlər üzrə aparılan tədqiqatların elmi və praktik nəticəliliyini də şərtləndirir. Yola saldığımız 2016-cı il bu baxımdan AMEA Naxçıvan Bölməsinin əməkdaşları üçün uğurlu olub.
Bölmədən aldığımız məlumata görə, ötən ilin elmi-tədqiqat işləri 23 monoqrafiya, 15 kitab, 4 metodik vəsait, 560 elmi məqalə və konfrans materialı, 15 tezis olmaqla, 617 elmi əsərdə öz əksini tapıb (2015-ci ildə 571 əsər olub). Əsərlərdən 3 monoqrafiya, 1 kitab, 137 elmi məqalə və konfrans materialı, 7 tezis olmaqla, 148-i xaricdə çap edilib. Bölmə üzrə çap olunan məqalə və tezislərdən 14-ü arxeologiya, 4-ü etnoqrafiya, 6-sı epiqrafika, 17-si yeni və ən yeni dövr tarixi, 13-ü dilçilik, 3-ü folklorşünaslıq, 4-ü ədəbiyyatşünaslıq, 10-u sənətşünaslıq, 39-u kimya, 6-sı fizika, 5-i iqtisadiyyat, 17-si botanika, 2-si meyvəçilik, 2-si biokimya, 2-si torpaqşünaslıq, 1-i bitkiçilik, 2-si zoologiya, 1-i mətnşünaslıq, 3-ü astrofizika sahəsi üzrə nəşr olunub. İmpaktfaktorlu məqalələrin 14-ü kimya, 2-si fizika, 2-si iqtisadiyyat, 6-sı botanika, 1-i biokimya, 2-si torpaqşünaslıq, 2-si astrofizika sahəsi üzrə olub.
Məlumatda qeyd olunur ki, ötən il 21 nəfərin 29 elmi məqaləsi impaktfaktorlu jurnallarda nəşr edilib. Bu rəqəm 2015-ci ildə 23 olub. Bununla yanaşı, bölmə əməkdaşları 1 beynəlxalq, 4 respublika səviyyəli qrant layihələrində iştirak edərək qalib gəliblər. Bölmənin 48 əməkdaşı respublikada və xaricdə 25 beynəlxalq simpozium və konfransda məruzələrlə çıxış edib.
Xəbərlər şöbəsi