Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində müəllim və şagirdlər üçün ustad dərsi keçilib.
Dərs başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova bildirib ki, ustad dərslərin keçilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır. Qeyd edilib ki, budəfəki ustad dərsi rəsm fənnindən “Plakat janrında sülh” mövzusundadır.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nizami Alıyev, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllimi Əlövsət Allahverdiyev, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli müəllim və şagirdlərə plakat janrı haqqında məlumat veriblər. Bildirilib ki, plakat təşviqat, reklam, məlumat, yaxud tədris vəsaiti kimi yaradılır, çox zaman ictimai yerlərdə asılır. Plakat qrafikanın geniş yayılmış növüdür. Mətn və təsvir arasında üzvi vəhdətin olması plakatın əsas şərtidir. Plakat orta əsrlərdə meydana gəlib, əvvəl Qərbi Avropada, sonralar isə Rusiyada yayılıb. Plakatlar bəzən reklam xarakteri də daşıyır. XIX əsrin sonlarında bu janr Fransada geniş inkişaf edib.
Qeyd olunub ki, XX əsrin başlanğıcında demokratik hərəkat və sülh uğrunda mübarizə ilə bağlı siyasi plakatlar meydana gəlib. Xüsusilə Fransa və Almaniyada Birinci Dünya müharibəsi illərində sülh mövzusunda təşviqat plakatları geniş yayılıb. Sonralar xalqların irtica və faşizm uğrunda mübarizəsində plakatdan geniş istifadə edilib ki, bu da janrın populyarlaşmasına səbəb olub. İkinci Dünya müharibəsində isə antifaşist müharibədən sonra sülhü müdafiə mövzusunda plakatlar yaradılıb. Plakat janrından bu gün də geniş istifadə edilir.
Vurğulanıb ki, Azərbaycanda da görkəmli rəssamlarımız Əzim Əzimzadənin, Qəzənfər Xaliqovun, Oqtay Sadıqzadənin, Elmira Şahtaxtinskayanın və başqalarının bu janrda diqqətəlayiq əsərləri var. Bu gün də rəssamlarımız bəşəriyyətin bəlası olan separatizm, terrorizm, narkomaniya, müharibə mövzularında plakatlar yaradırlar.
Ustad dərsdən sonra müəllim və şagirdlər üçün sülh mövzusunda plakat çəkilib və onların sualları cavablandırılıb.
Əli Rzayev