İqlimə düzəlişlər
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov qeyd edir ki, bu kiçik dağlıq ərazidə hər şey – bitki və heyvanat aləmi, təbii zona toplumu (yarımsəhralar, çöllər, alp çəmənlikləri, meşələr) və hətta “Naxçıvan iqlimi” çox fərqlidir.
Həqiqətən, bu termini ilk olaraq iqlimşünas İvan Fiqurovski (1865-1940) təklif etmişdir. Tbilisi, Bakı və Gəncədə işləyərkən alim Qafqazın iqlim rayonlaşması problemi ilə məşğul olmuş və Naxçıvan üçün əsas meteoelementlərin paylanmasını bir sıra səbəblər: onun coğrafi vəziyyətinə görə Xəzər dənizinə və Qara dənizə yaxınlığı, dağ silsilələrinin yamaclarında və Cənubi Qafqaz yaylasının vadilərində yerləşməsi; 600 metrdən 3904 metrədək hündürlükdən tökülən gur şəlalələr; havanın hərarətinin qışda -39° C-dən yayda +45° C-dək dəyişməsini ekstremal amplituda üzündən qeyri-adi hadisə olduğu nəticəsinə gəlmişdir. Sadalananlara İran səmtindən əsən qumsal küləkləri, intensiv Günəş radiasiyasını və yağıntıların çox az miqdarda olmasını da əlavə etsək, “Naxçıvan iqlimi” haqqında tam təsəvvür əldə edə bilərsiniz. İqlim isə Tariyel Talıbovun rəhbərlik etdiyi institutun öyrəndiyi landşaftlara, torpağa, həm də təbii ehtiyatlara təsir edir.
– Bizim fauna və floramız Azərbaycan Respublikasının biomüxtəlifliyinin 60 faizini təşkil edir, həm də özünün nadirliyi ilə fərqlənir, – deyə akademik öz fikrini davam etdirdi.
– Bəbirləri siz daha harada görə bilərsiniz? Biz isə öz bəbirlərimizi tamamilə tanıyırıq. Onların fotomonitorinqini keçirmiş, videoya çəkmişik. Pişiklər ailəsindən olan nisbətən kiçik vəhşi heyvanlar da ərazimizdə vardır: vaşaq, meşə pişiyi, çöl pişiyi, mamul kimi yırtıcı heyvanlar çox nadir hesab olunurlar. Dırnaqlıların yerli növləri – muflonlar, bezoar keçiləri (yeri gəlmişkən bunlar bəbirlərin əsas qida obyektləridir) də vardır. Burada Xəzər uları (dağ hind toyuğu), gözəl kəklik, səhra kəkliyi, boz kəklik də yayılmışdır. 2001-ci ildən başlayaraq bu heyvanların və digər quşların ovlanmasına qadağa qoyulmuşdur.
– Biz öz təbiətimizi sevir və ona qayğı göstəririk, – sözləri ilə direktor söhbətinə davam etdi: – Muxtar respublikanın ərazisinin dörddə bir hissəsini xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir, Avropa ölkələrində qəbul edilmiş bu norma 8-10 faizdir. Naxçıvan Muxtar Respublikasında bir neçə yasaqlıqlar, 2003-cü ildə yaradılan Şahbuz qoruğu və Zəngəzur (keçmiş Ordubad) Milli Parkı mövcuddur. Qış aylarında bu ərazilərə duz gətirilir, qoruqdakı heyvanlar yedizdirilir. İnstitut parkların, yasaqlıqların himayəsində olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir.
Söhbətimiz institutun Nəbatat bağında davam etdi. Burada, 13 hektarlıq ərazidə Azərbaycan Respublikasında Qırmızı kitabın nəşrindən əvvəl hazırlanan Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabına daxil olan nadir və nəsli kəsilməkdə olan bitkilər təqdim olunur. Əlbəttə, bu məsələdə əsas məqsəd Naxçıvanın nadir florasını kağız üzərində deyil, canlı təbiətdə qorumaqdan ibarətdir. Bu məqsədlə 2 hektara yaxın ərazidə aborigen bitkilər: həmin qorunan ərazilərdən gətirilmiş və respublikanın özünəməxsus yaşıl genofondunu təşkil edən ağaclar, kollar, otlar əkilmişdir. Bunun ardınca digər regionlardan, əvvəlcə cənub regionlarından gətirilmiş bitkilərin introduksiyasına (yerli şəraitə uyğunlaşmasına) başladıq. “Gəlmələr” burada çətin iqlimə uyğunlaşma prosesini keçirlər – qışda onları şaxtadan, yayda isə Günəşin yandırıcı şüalarından qorumaq lazım gəlir. Heç də əbəs deyil ki, ağacların gövdələri əhəng məhlulu ilə ağardılır. Beləcə əsasən dekorativ 68 bitki növü üçün Naxçıvan onların ikinci vətəni oldu, bu bitkilər şəhərin küçələrini də bəzəməkdədirlər.
Burada şagirdlər, bütün respublika müəssisələrinin əməkdaşları üçün ekskursiyalar keçirilir. Floranı peşəkarcasına öyrənənlər üçün isə çöllərə, hətta dağlara və səhralara birbaşa yol vardır.
– Bizə Yeni Zelandiyadan İrlandiyayadək olan ölkələrdən il ərzində orta hesabla mütəxəssislərdən ibarət 17 ekspedisiya gəlir. Təsəvvür edin, süsənin nadir növünü tapmaq və onun şəklini çəkmək, endemik, reliktiv bitkilərin arealını axtarıb tapmaq, yaxud seleksiya sahəsində təcrübə mübadiləsi aparmaq məqsədilə kimlərsə dünyanın yarısını keçməli olur, – deyə həmsöhbətimiz bildirir.
Məsələn, Şərur rayonunda becərdilmiş iri limona baxaraq heyrətlənməmək olmur. Onunla müqayisədə Ordubad limonu daha kiçikdir, lakin bu limon Ordubad armudlarına, almalarına, gavalısına xas olan ətri ilə fərqlənir. Alimlər bunun səbəbini “bitkilərin köklərinə baxmadan” müəyyən edə bilmədilər. Aydınlaşdırıldı ki, Ordubad rayonunun torpaqlarında seolitlər (yüksək qabiliyyətli ion mübadiləli təbii kristal silikatlar) daha çoxdur. Buna görə də Nəbatat bağının meyvə ağacları olan torpaq sahələrinə seolitlər əlavə etməyə başladıq – gümanımız təsdiq edildi, nəticəni artıq meyvələrin ətrindən duymaq mümkündür.
Ən ekzotik bitkilər, aborigenlər və “qonaqlar” parnikdə toplanmışdır. Onların hər birinə öz mikroiqlimi tələb olunur. Buna görə də temperatur-nəmlik rejimi əl ilə saxlanılır. Kaktuslar (burda onların 17 növü var) üçün iqlim şəraiti bir, qəhvə və sabun ağacları üçün digər qaydada olmalıdır və hətta şimal şam ağacı buranın isti iqliminə uyğunlaşmışdır.
Muxtar respublikanın bitki zənginliyini 800 növə yaxın mövcud olan dərman bitkiləri təşkil edir. Onların 130 növündən çoxu yüzilliklər boyu xalq təbabətində istifadə olunur. Alimlər dərman bitkilərinin rəsmi qeyd olunmuş dərman preparatları, balzamlar, bioloji kremlər kimi tətbiqedilmə prosesini gücləndirməyə çalışırlar. Onlar dərman bitkilərinin yayılma zonalarını müəyyənləşdirərək yabanı olan 30-dan çox dərman bitkisinin, o cümlədən Qırmızı kitaba daxil edilmiş bitkilərin bioloji ehtiyatlarını dəyərləndirmiş, dərman bitkilərinin tərkibində olan bioloji aktiv maddələri aşkarlamışlar.
Hansı tədqiqatdan söhbət gedirsə, Tariyel Talıbov mütləq bu tədqiqatların tətbiqi cəhətlərini ayırırdı. AMEA-nın Rəyasət Heyətinin keçən il yayda Naxçıvanda keçirilən səyyari iclasında dərman bitkilərinin yığılmasını və qorunmasını qaydaya salmaq üçün muxtar respublikanın dərman bitkilərinin elektron informasiya bazasını yaratmaq, həmçinin Naxçıvanda dərman bitkilərinin ilkin emalı üzrə təcrübə zavodunun yaradılması təklif olundu.
Ulduzlara kim nəzər yetirəcək?
Haradan baxırsan bax, indi tarixi bir dönəm ərəfəsindəyik: gələn il Cənubi Qafqazda Batabat dağında astrofizika müşahidə stansiyasının işə başlaması ilə əlaqədar Pulkovo rəsədxanasının və Kazan Dövlət Universitetinin əməkdaşlıq ekspedisiyasının yaranmasının yarım əsrlik tarixi tamam olur. Lakin İttifaq dağıldı və 1990-cı illəri əksər sovet alimləri kədərlə xatırlayırlar. Astrofizika müşahidə stansiyası üçün bu illər iğtişaşlı dövr kimi keçdi – 1997-ci ilədək stansiya faktiki olaraq sahibsiz qaldı, yalnız onun Şamaxı Astrofizika Rəsədxanasının balansına verilməsindən sonra oradan tapşırıqlar daxil olmağa başladı. Lakin Şamaxı hara, Naxçıvan hara? Yaxşı ki, astronomlar stansiyanın avadanlıqlarını, infrastrukturunu qoruyub saxlaya bildilər. Məhz əsl sahibkarlıq hissi ona gətirib çıxardı ki, 2002-ci ildə Azərbaycan rəhbərliyi AMEA-nın Naxçıvan Bölməsinin yaradılması və astrofizika müşahidə stansiyasının müstəqil elmi-tədqiqat müəssisəsinə – Astrofizika Rəsədxanasına çevrilməsi haqqında qərar qəbul etdi.
Rəsədxana üçün yer dəqiq seçilmişdir: dəniz səviyyəsindən 2,5 min metr hündürlükdə yerləşən və 2007-ci ildə məxsusi tikilmiş bina ilə təchiz edilmiş Batabat Astrofizika Rəsədxanasında hava yayda belə həddən çox sərin olur. Yayda Bakıda isti olanda, burada temperatur 25-27°C, qışda -15° dərəcədən aşağı olmur və bu fəsildə burada insanların iştirakı, demək olar ki, hiss olunmur. İlin əksər vaxtlarında hava bu diyarda təmiz və şəffaf olur. Ətrafda tikililərə nadir hallarda rast gəlmək mümkündür. Rəsədxananın günbəzində gecəyarısı saatlarında kəsik əmələ gəlir və “KARL seyss” firmasının istehsalı olan 60 sm diametrlik orta ulduz teleskopu öz güzgülərini səmaya yönləndirir.
Rəsədxanaya 1979-cu ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən və Moskvada təcrübə keçdikdən sonra işləməyə gələn rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyevin söylədiyi kimi, burada mütəxəssislər Günəş sisteminin kiçik obyektlərini – komet və asteroidləri öyrənir, kometlərin təhlükəsizliyi ilə məşğul olurlar.
Əvvəllər bu mövzunu daha çox xəyalpərəstlər müzakirə edirdilər, indi isə belə obyektlərin bizim planetimizlə toqquşmasının qarşısını almaq üçün real imkanlar yaranmışdır. Bu imkanlar səma “yolçusunun” diametrindən, çəkisindən, trayektoriyasından asılıdır. Məqsəd təhlükəli cismin istiqamət hərəkətini dəyişdirməyə qabil olan impuls (təkan) göndərməkdən, onun istiqamətli partlayışla dağıdılmasından ibarətdir...
Qulu Həziyev onu da bildirdi ki, Batabat Astrofizika Rəsədxanasında parlaq ulduzlar olan Protsion və Arktur öyrənilir. Onlar haqqında alınmış göstəriciləri Günəş haqqında mövcud məlumatlarla müqayisə edərək alimlər bizim işıq mənbəyinin tarixini dəqiqləşdirirlər. Beləliklə, müəyyən olunmuşdur ki, 4 milyard il bundan əvvəl Günəş daha az istilik verirdi, gənc ulduzlar bu qədər fəal deyildi, lakin zaman-zaman görünən işığın nəhəng partlayışları onlara xas olmağa başlamışdır.
Qulu Həziyev teleskopun yanına qalxır ki, onun əvvəllər əl ilə necə idarə olunduğunu bizə göstərsin. İndi teleskopun hərəkəti və müşayiətetmə prosesi tamamilə avtomatlaşdırılmışdır. Bütün idarəetmə kompüter vasitəsi ilə həyata keçirilir. Bu avtomatlaşdırmanın və idarəetmə proqramının təmin edilməsinə Moskva Dövlət Universitetinin P.K.Ştenberq adına Dövlət Astronomiya İnstitutu və Krım rəsədxanasının mütəxəssisləri kömək etdilər, – sağ olsunlar, hələ sovet dövründə Moskvada təcrübə keçərkən yaranmış əlaqələr qorunub saxlanmaqda və inkişaf etməkdədir. Moskvalı həmkarlarımız buraya, bizim dağlara gəlmiş və rəsədxana əməkdaşları ilə birlikdə sazlama işlərini yerinə yetirmişlər. Zaman dəyişir, müasir mərhələdə, sürətli internetin normaya çevrildiyi bir vaxtda Batabat Astrofizika Rəsədxanasının göstəricilərindən digər ölkələrin alimləri də istifadə edirlər. Bu yaxınlarda dünyanın ən nüfuzlu astronomik nəşrlərindən olan Oksford Universitetinin “Monthly Notices of the Royal Astronomical Society” jurnalında Batabat Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, dosent Azad Məmmədlinin və MDU P.K.Ştenberq adına Dövlət Astronomiya İnstitutunun böyük elmi əməkdaşı Səfər Həsənovun məqaləsi dərc olunmuşdur. Məqalədə onlar passiv hərəkət edən cismin mərkəzi sınaq ulduzu cisminin yaxınlaşması zamanı fəza hərəkəti haqqında məsələni araşdırmışlar...
Yeraltı təkanları dinləyərək
Keçən ilin sonlarından AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun seysmoloji xidmətindən onlarla dünya mərkəzlərinə respublika ərazisində tektonik hadisələr haqqında məlumatlar daxil olmağa başlamışdır. Bu onun hesabına baş vermişdir ki, alimlər ən müasir avadanlıqları və Kinemetriks (ABŞ) şirkətinin seysmoloji cihazlarının iş prinsiplərini lazımınca mənimsəmişdilər.
İndi institutun mühəndis və alimləri təkcə kompleks seysmoloji, geofiziki, geokimyəvi və geodinamik tədqiqatlar aparmır, həm də onlayn rejimində alınmış məlumatları və göstəriciləri Bakıya, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə ötürürlər.
– Bu, zəlzələnin daha yaxşı proqnozlaşdırılmasına kömək edirmi?
– Suala cavabında əvvəllər fizika müəllimi işləmiş, hazırda isə Seysmoloji xidmət mərkəzinin müdiri İlkin Vəlibəyov izah edir ki, hələlik insanlar zəlzələlərin baş verməsinin qabaqcadan proqnozlaşdırılmasına nail olmayıblar, baxmayaraq ki, bütün dünya tədqiqatçıları bu məqsəd üçün çoxdan öz güclərini birləşdirmişlər.
– Yeni avadanlıqlar nə dərəcədə həssasdırlar – ağırtonnajlı Kamaz 20 metr məsafədə getdikdə cihazlar onun hərəkətini yeraltı təkan kimi qəbul edə bilərlərmi?
– Proqram təminatının köməyi ilə tektonik hadisələri antropogen təsirlərdən əla şəkildə fərqləndirmək mümkündür, texnika bu gün həddən artıq dəqiq şəkildə baş verən sapmaların dərinliyini, istiqamətini və haradan qaynaqlandığını göstərə bilir.
– Bu diyarda axırıncı zəlzələ çoxdanmı olmuşdur? – sualını verərkən yeraltı təkanların ən azı beş il əvvəl olduğu ümidində idik.
– Bu gün saat 7:43 dəqiqədə Türkiyə ilə İran sərhədində zəlzələ baş vermişdir. Hiss etmədinizmi? Bundan iki həftə əvvəl isə Azərbaycanla İran sərhədində yeraltı təkanlar olmuşdur. Hər iki halda təkanlar 3 bal gücündə olmuşdur. Əlbəttə, insanlar 3 bal gücündəki titrəmələri hiss etmir, bunu yalnız cihazlar qeydə alır. Lakin istənilən titrəmələr yollar və tikililər üçün heç də təhlükəsiz deyillər, buna görə də bizim respublikamızda iki mərtəbədən artıq binaların tikintisi zamanı inşa layihəsinə seysmoloqların rəylərinin alınıb əlavə edilməsi tələb edilir. Seysmoloqlar əmin olmalıdırlar ki, inşaat zamanı binaların doqquz bal gücündə zəlzələyə davamlılığı üçün tədbirlər nəzərdə tutulmuşdur.
Xoşbəxtlikdən son illərdə Azərbaycanda belə güclü tektonik təkanlar müşahidə edilməmişdir. Məhz 1902-ci ildə Şamaxıda 6.9 bal gücündə zəlzələ olmuşdur və minlərlə insan həyatını itirmişdir. Yeraltı təkanlar Azərbaycanda neft emalı sənayesinin yaradılması ilə məşğul olan Nobel qardaşlarını ölkəmizin ərazisində ilk üç seysmoloji stansiyanın təcili təşkil olunmasına və cihazlar vasitəsi ilə seysmoloji müşahidə aparılmasına məcbur etdi. İndi peyk rabitəsi ilə birləşdirilmiş belə stansiyaların sayı 35-dir və bir neçə, o cümlədən Xəzər dənizinin dibində neft platformalarının fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə stansiyaların seysmoloji avadanlıqlarla təchiz edilməsi planlaşdırılır.
Daş dövründən salam
...Naxçıvanın qədim torpağında insanlar hələ Daş dövründə yaşayıblar. Arxeoloji ekspedisiyaların tapıntılarının toplandığı muzeydə bizim bələdçimiz AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev idi.
– Respublikamızın tarixinə və mədəniyyətinə maraq çox böyükdür, il ərzində 10-dək arxeoloji ekspedisiya fəaliyyət göstərir. 2006-cı ildən Azərbaycan-Amerika və Azərbaycan-Fransa ekspedisiyası işləyir. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası yaradılmışdır. Yeri gəlmişkən, ekspedisiyaların bütün tapıntıları respublikada saxlanılır, – alim bunu söylədi və bizim diqqətimizi onlardan birinə – Oğlanqala yaşayış sahəsinin yaxınlığında aşkar edilmiş, eramızdan əvvəl VIII-VII əsrlərə aid olan mixi yazılı keramika (saxsı) nümunəsinə yönəltdi. Bildirdi ki, bu yazı Urartu və Assuriya yazılarından fərqlənir.
Azərbaycan-Amerika ekspedisiyası bu obyekti öyrənərək müəyyən etdi ki, Şərur rayonunun ərazisində, mərkəzi Oğlanqalada olmaqla güclü şəhər-dövlət mövcud olmuş və Etiuni konfederasiyası ilə birlikdə Urartuya qarşı mübarizə aparmışdır. Ekspedisiyanın fəaliyyəti ABŞ-ın Pensilvaniya Universiteti tərəfindən yaradılmış saytda www.oğlanqala.net işıqlandırılır. Onun üzvləri Naxçıvan arxeoloji abidələrinin GPS qeydiyyatına başlamışlar.
Muzeydə ayrıca guşə son illərdə Babək rayonunun Kültəpə kəndində tədqiqat aparan Fransa-Azərbaycan ekspedisiyasının səhra işlərinə həsr olunmuşdur. Ekspedisiyanın göstəricilərinə görə, Fələstindən Suriyayadək geniş ərazidə yayılmış Kür-Araz mədəniyyəti məhz Naxçıvanda formalaşmışdır. Kültəpə ətrafında 50-dən artıq abidə qeydiyyata alınmış və xəritə üzərinə keçirilmişdir. Onlardan 3-ü Neolit dövrünə, 20-dən çoxu isə Eneolit dövrünə aiddir.
Vəli Baxşəliyev bizi Babək rayonunun Cəhri kəndi yaxınlığında tapılmış XVIII əsr əyirici dəzgahının yanına gətirdi və bu dəzgahda insanların necə yun əyirdiklərini nümayiş etdirdi, sanki özü bu işlərin şahidi olmuşdur.
Bölmə alimləri Naxçıvan Dövlət Universitetinin əməkdaşları ilə birgə 1200-dən çox tarix və mədəniyyət abidəsi aşkarlamış və öyrənmişlər. Axtarışların nəticələri onlarla monoqrafiyada, yüzlərlə məqalə və profil saytlarında şərh edilmişdir. Vəli Baxşəliyevin rəqəmlərlə möhkəmləndirilmiş söhbəti bizi inandırdı ki, respublika ərazisində arxeoloji tədqiqatlar sistemli xarakter daşıyır, regionun, Azərbaycanın və bütövlükdə Qafqazın tarixini tamamlayır və zənginləşdirir.
Aydındır ki, tarixi-mədəni irsin tədqiqi ilə yanaşı, onun qorunub saxlanması üçün də tədbirlər görülür. Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksi, Culfa rayonundakı Xanəgah Türbə Kompleksi, Naxçıvan şəhərindəki Xan sarayı, Ordubad rayonundakı Buzxana və bu kimi abidələr üzərində təmir-bərpa işləri aparılmışdır. Bu işlər Naxçıvanın əyilməzlik simvoluna çevrilmiş Culfa rayonundakı Əlincəqalada da aparılmışdır.
– Bəs rusiyalı alimlərlə əməkdaşlıq nə vəziyyətdədir? Axı XIX əsrin 70-ci illərində bu torpağın arxeoloji abidələri rus tədqiqatçılarını özünə cəlb edirdi…
– Rusiya Elmlər Akademiyasının Sankt-Peterburqdakı Maddi Mədəniyyətlər Tarixi İnstitutu ilə elmi informasiya mübadiləsi səviyyəsində sıx əlaqə saxlayırıq, – deyə Vəli Baxşəliyev aydınlaşdırdı və sözünə davam etdi: – Bu əlaqələri daha da canlandırmaq, onları maddiləşdirmək və birgə ekspedisiyalar keçirmək niyyətindəyik. Gördüyünüz kimi, bizim fəaliyyət sahəmiz çox genişdir.
Tədqiq olunanlar nəşr edilmişdir
...AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin binasının muzeylə qonşu olan otağında bizə əvvəlcə elə gəldi ki, kitabxana yerləşdirilmişdir. Əslində isə bu, bölmə əməkdaşları tərəfindən dərc edilmiş nəşrlərin sərgisidir. Müxtəlif cildli kitablar, broşürlər və jurnalların düzüldüyü rəflər, həqiqətən, kitabxananı xatırladır. Yalnız ötən ildə bölmə alimləri tərəfindən 18 kitab, 740-dan çox məqalə (onlardan 22-si beynəlxalq jurnallarda), 19 monoqrafiya və üçcildlik “Naxçıvan tarixi” işıq üzü görmüşdür.
Bu “kitabxananın” bütöv bir rəflərində təvazökarlıqdan susmağı üstün bilən Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin əsərləri sərgilənir. Yalnız jurnalistlərin təkidli xahişindən sonra akademik kollektiv nəşrlərdə öz töhfəsi haqqında məlumat verdi. Məlum oldu ki, təkcə 2015-ci ildə onun 1 monoqrafiyası, 1 kitabı, 25 məqaləsi və elmi rəhbərliyi altında “Naxçıvan tarixi” çap olunmuşdur, həm də o, üçcildliyin giriş məqalələrinin və fəsillərin dördünün müəllifidir.
Səfərimizə yekun vuraraq biz qərara gəldik ki, “Naxçıvanın iqlimi”, sadəcə, özünün kontinentallığı ilə seçilmir. “Naxçıvanın iqlimi” həm də muxtar respublika alimlərinin əhval-ruhiyyəsini və həyat tərzini müəyyən edən əsas açar anlayışdır. Bir tərəfdən siyasi kataklizmlər nəticəsində muxtar respublika Azərbaycandan təcrid olunmuş, digər tərəfdən bu ərazi görünməyən, lakin möhkəm tellərlə Azərbaycanla bağlıdır. Bu bağ – xalqın dərin köklü genetik əlaqəsidir. Bu əlaqələr hava yolu, internet şəbəkəsi və əlbəttə ki, sərhəd bilməyən elmi kommunikasiya vasitəsilə həyata keçirilir.
Yelizaveta Panorina,
Arkadiy Sosnov
“Poisk” (“Axtarış”) qəzeti,
№ 51, 23 dekabr 2016-cı il