23 Dekabr 2024, Bazar ertəsi

Peşə təhsilli insanlar müasir dövrdə istənilən ölkə üçün ən mühüm kapitaldır. Çünki həyatımızın müxtəlif sahələrində çalışan çoxsaylı işçi kollektivlərinin əsasını məhz bu cür insanlar təşkil edir. Təcrübə də sübut edir ki, peşə təhsilinə yiyələnmədən iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən sənaye və kənd təsərrüfatını, tikinti və nəqliyyat sektorunu, yüzlərlə məişət xidməti sahələrini inkişaf etdirmək mümkün deyil. Unutmaq olmaz ki, kökü iqtisadi amilə bağlı istənilən sahənin inkişafı ali təhsilli kadrlarla yanaşı, həm də müxtəlif peşə təhsili almış ixtisaslı kadrlardan asılıdır. Bu baxımdan inkişaf etmiş ölkələrdə peşə təhsilinə yönəldilən investisiyaların həcmi ciddi rəqəmlərlə ifadə olunur. Ölkəmizdə də peşə təhsilinin inkişafı özünəməxsus yol keçib. 

Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə atılan addımlar texniki peşə təhsilində ciddi nailiyyətlər qazanılmasına imkan verib, eyni zamanda peşə təhsili şəbəkəsinin genişləndirilməsinə nail olunub. Belə ki, hazır­da muxtar respublikada Naxçıvan, Şərur və Ordubad texniki peşə və sürücülük məktəbləri, Naxçıvan Şəhər Peşə Liseyi, Regional Peşə-Tədris Mərkəzi kimi peşə təhsili verən müəssisələr fəaliyyət göstərir. Bu yazıda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə məktəblərindən bəhs edəcəyik.

Əvvəlcə qeyd edək ki, adıçəkilən nazirliyin tabeliyində olan Naxçıvan, Şərur və Ordubad texniki peşə və sürücülük məktəbləri və Naxçıvan Şəhər Peşə Liseyi muxtar respublikada aparılan quruculuq tədbirlərindən öz payını alaraq müasir tələblərə cavab verən yeni binalarda fəaliyyət göstərir.
İlk üz tutduğumuz ünvan Naxçıvan Şəhər Peşə Liseyi oldu. Liseydə təhsil üçün hərtərəfli şərait yaradılıb. Müdavimlər burada müxtəlif peşələr üzrə təhsil alırlar. Burada olarkən öyrəndik ki, 2016-cı ildə liseydə illik qruplarda qadın bərbəri, manikürçü peşəsi üzrə 12, traktorçu-maşinist üzrə 9, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru üzrə 9, elektrik qaz qaynaqçısı üzrə 8, arıçı peşəsi üzrə 8 nəfər olmaqla, 46 müdavim, aylıq qruplarda isə traktorçu-maşinist peşəsi üzrə 17, bərbər manikürçü peşəsi üzrə 18, qazanxana maşinisti peşəsi üzrə 83, dayə peşəsi üzrə isə 30 müdavim olmaqla, ümumilikdə, 194 müdavim təhsilini başa vurmaqla müvafiq təhsil sənədlərini alıb. Liseyin müasir tələblərə cavab verən maddi-texniki bazaya malik olması müdavimlərə mənimsədikləri peşəyə praktik baxımdan yiyələnməsi üçün geniş imkanlar açır. Liseyi ötən il bitirmiş müdavimlərdən bir neçəsi ilə işlədikləri müəssisələrdə görüşüb söhbət etdik.

Fazil Qulamov 2016-cı ildə Naxçıvan Şəhər Peşə Liseyində qazanxana maşinisti peşəsinə yiyələnib. Onun dediklərindən: “2016-cı ildə Naxçıvan Şəhər Peşə Liseyindən məzun oldum. Qrupumuzda bu peşə üzrə təhsil alanlar çox idi. Qeyd edim ki, qazanxanada işləmək üçün əvvəlcədən təcrübəm olsa da, bu sahə üzrə təhsil almağım mənə çox şey öyrətdi. Müəllimlərimiz sağ olsunlar, öz bilik və təcrübələrini bizə yetərincə öyrətməyə çalışırdılar. Hazırda Naxşıvan şəhər 14 nömrəli tam orta məktəbdə qazanxana maşinisti vəzifəsində işləyirəm. Çalışıram ki, öyrəndiklərimi gündəlik işimdə lazımınca tətbiq edim. Biz peşə sahiblərinə yaradılan şəraitə görə dövlətimizə minnətdaram”.
Digər həmsöhbətimiz Nuranə Həsənova ilə Naxçıvan şəhərindəki 5 nömrəli uşaq bağçasında görüşdük. 2016-cı ildə peşə liseyində dayə peşəsinə yiyələnən müsahibimiz bildirdi ki, liseydə oxuduğu müddətdə hərtərəfli qayğı ilə təmin olunublar. Kurslarda onlara gələcəyimiz olan uşaqlarla necə işləməyin incəlikləri öyrədilib, dayə peşəsinin sadə bir peşə olmadığı diqqətə çatdırılıb. Gələcəyimiz olan azyaşlı uşaqlarla işləmək dayədən səbir, gülərüzlülük, nəvaziş və mehribanlıq tələb edir. Uşaqlarla işləməyin maraqlı olduğunu deyən Nuranə Həsənova onu da bildirdi ki, dayə peşəsinə yiyələnmək həm də uşaq psixologiyasını düzgün qavramaqdan keçir. Nəzərə alaq ki, bəzən uşaqlar valideynlərindən daha çox bizimlə təmasda olurlar. Onların həyata ilk baxışı bağçalarda formalaşır. Buna görə də dayələrimizin hərtərəfli hazırlığı valideyn kimi hər birimizi maraqlandırır. Sevinirik ki, bu gün peşə təhsili müəssisələrində dayə peşəsi üzrə lazımi təhsil verilir və belə bir şəraitin yaradılmasına görə dövlətimizə minnətdaram.
Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi isə nəinki muxtar respublikamızda, hətta ölkəmizdə yüksək şəraitə və maddi-texniki təchizata malik olan məktəblərdən biridir. Məktəbdə 4 elektron lövhəli sinif, 2 metodik kabinə, 2 avtotrenajor sinfi var. Sinif otaqları lazımi avadanlıqlarla təchiz edilib, kompüterlər internetə qoşulub. Yaradılan şərait məktəbdə təhsil alan müdavimlərin sürücülük və texniki peşələrə yiyələnməsinə, yol hərəkəti qaydalarının dərindən mənimsənilməsinə imkan verir. Təbii ki, belə təhsil şəraiti nəqliyyat vasitələrindən düzgün istifadəyə və yol hərəkətinin təhlükəsizliyinə təminatdır. İki mərtəbədən ibarət olan binada 23 sinif otağı vardır. Binanın birinci mərtəbəsində sənədlərin qəbulu otağı, tibb məntəqəsi, anbar, iş otaqları, kombayn və traktorların quruluşu, avtomobillərin quruluşu və istismarı, təcrübə-məşğələ və avtotrenajor sinifləri yerləşir. Sinif otaqlarında nəzəri dərslərin keçilməsi üçün yüksək şərait yaradılıb, məlumat stendləri, müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri qoyulub. Sözsüz ki, bütün bunlar keçilən dərslərin praktik olaraq daha yaxşı mənimsənilməsini, kənd təsərrüfatı texnikaları üzrə bacarıqlı mütəxəssislərin hazırlanmasını şərtləndirən başlıca amillərdir. Sürücülük peşəsinə yiyələnmək istəyənlər avtotrenajor siniflərində avtomobillərin idarə olunmasını praktik olaraq mənimsəyirlər. Avtotrenajorlardan biri yük, digəri isə minik maşını tiplidir. Bu avtotrenajorlar ölkəmizdə ilk dəfə olaraq Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində tətbiq olunub. Avtomobil ilə eyni sistemə malik kabinədən ibarət olan avtotrenajorlarda müxtəlif yol şəraitinə və sürət həddinə uyğun təlimlər keçirilir və sürmənin nəticələri avtomatik olaraq kompüter idarəetmə sisteminə göndərilir. Təlimlərin səmərəli təşkili və müdavimlərin yüksək səviyyədə hazırlanması gələcəkdə baş verə biləcək yol-nəqliyyat hadisələrinin ilkin mərhələdə qarşısının alınması və avtonəqliyyat vasitələrindən düzgün istifadə baxımından əhəmiyyətlidir. Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin yataqxanası və yürüş-təlim meydançası da müasir tələblər səviyyəsindədir. Məktəb kompleksində yataqxana binasının yaradılması təhsil alanların rahatlığı baxımından əhəmiyyətlidir. Bu, tədrisin keyfiyyətinin yüksəldilməsinə və davamiyyətin təmin olunmasına imkan verir. Təlim meydançasında yol hərəkəti qaydalarına və müxtəlif yol nişanlarının tələblərinə əməl etməklə avtomobillərin idarə edilməsi praktik olaraq öyrədilir, müdavimlər əyani sürmə vərdişlərinə yiyələnirlər. 2016-cı ildə məktəbdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilmiş “BC” kateqoriyalı sürücülük qruplarında 294, “B”, “BC”, “D” və “E” kateqoriyalı sürücülük qruplarında isə 1206 müdavim olmaqla, ümumilikdə, 1500 müdavim təhsil alıb.
Şərur Texniki Peşə və Sürücülük Məktəbi də ötən ili uğurla başa vurub. 2016-cı ildə burada təkcə sürücülük deyil, digər texniki peşələr üzrə də kurslar təşkil olunub. Məktəbdə olarkən öyrəndik ki, burada Şərur rayonu ilə yanaşı, Sədərək və Kəngərli rayonlarından gəlmiş müdavimlər də təhsil alır. Ötən il məktəbi “B” kateqoriyalı sürücü peşəsi üzrə 337 müdavim, xalçaçı qrupu üzrə 10, kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru qrupu üzrə 17, bağban qrupu üzrə 11, əməliyyatçı mühasib qrupu üzrə 20, dərzi qrupu üzrə 23, qazanxana maşinisti kursu üzrə 83, kompüter istifadəçisi kursu üzrə 15, bərbər kursu üzrə 13, bərbər manikürçü kursu üzrə 17, ixtisasartırma kurslarından dayə kursu üzrə 20, gözətçi kursu üzrə 20 nəfər olmaqla, ümumilikdə, 586 müdavim bitirib.
Məktəbdən məzun olan müdavimlərdən biri Kosacan kənd sakini 16 yaşlı İsmayıl Tağıyevdir. Hazırda Şərur rayonunun Arbatan kəndindəki xidmət mərkəzində dərzi işləyir. Onun dediklərindən: “Dərzi peşəsinə uşaq yaşlarından marağım vardı. Ona görə də bu sahə üzrə təhsil almağa qərar verdim. Şərur Texniki Peşə və Sürücülük Məktəbi ilə əlaqə saxladım, sonra sənədlərimi hazırlayıb burada oxumağa başladım. Məktəbdə bizi yaxşı öyrətdilər. Qrupumuzda rayonumuzun müxtəlif kəndlərindən, Şərur şəhərindən olan müdavimlər vardı. Kursu bitirdikdən sonra Arbatan kəndində yeni kənd və xidmət mərkəzi istifadəyə verildi. Mən də xidmət mərkəzində işlə təmin olundum. Burada mənim üçün yer ayrılıb. Sevinirəm ki, bu kursu bitirdim, dərzi peşəsi ilə bağlı müəyyən biliklər əldə etdim. İndi həm Arbatan kəndindən, həm də öz kəndimizdən müştərilər müraciət edirlər. Kimisi paltar tikdirir, kimisi evdə əşyalar üçün örtüklər sifariş edir. Bu sahədə hələlik tam təcrübə qazanmasam da, bu peşəyə hər zaman insanların ehtiyacı olduğunu düşünürəm. Dövlətimizə minnətdaram ki, həm təhsil almağımız, həm də işləməyimiz üçün lazımi şərait yaradıb”.
Röyal Ələkbərov isə Kürkənd sakinidir. O, ötən il adıçəkilən məktəbdə bərbər peşəsi üzrə təhsil alıb. Hazırda kənddəki xidmət mərkəzində bərbər kimi fəaliyyət göstərir: “Bir müddət həvəskar bərbər kimi fəaliyyət göstərmişəm. Ötən il isə Şərur şəhərindəki texniki peşə və sürücülük məktəbində bərbər kurslarına yazıldım. Bu işin incəliklərini öyrəndik. Oxuduğumuz müddətdə də öz işimizi praktik olaraq yerinə yetirdik. Bunun üçün məktəbimizdə hərtərəfli şərait vardı. İndi isə kəndimizdəki xidmət mərkəzində çalışıram. Kəndimizdə yaradılmış bu şəraitə görə dövlətimizə minnətdaram”.
Şərur Texniki Peşə və Sürücülük Məktəbində olarkən öyrəndik ki, müxtəlif peşələr üçün məktəbə müraciət edənlər də az deyil. Məsələn, hazırda sürücülük peşəsi üzrə 641 nəfər, rabitə montyoru peşəsi üzrə 35 nəfər, qazanxana maşinisti peşəsi üzrə 15 nəfər, traktorçu-maşinist peşəsi üzrə 23 nəfər, aşpaz köməkçisi peşəsi üzrə 17 nəfər və digər peşələr üzrə onlarla müraciətlər qəbul olunub. Bu baxımdan il ərzində müxtəlif peşələr üzrə kursların təşkili təmin olunacaqdır.
Ordubad Texniki Peşə və Sürücülük Məktəb Kompleksi də muxtar respublikamızda öz dəst-xətti ilə seçilən peşə təhsili müəssisələrindəndir. 2016-cı il mayın 5-də istifadəyə verilən məktəbdə mükəmməl peşə təhsili üçün hərtərəfli şərait yaradılıb. Əsasən Ordubad və Culfa rayonlarından məktəbə müraciət edənlər burada müxtəlif peşələrə yiyələnə bilirlər. Məktəbin direktoru Nicat Rzayev bizimlə söhbətində bildirdi ki, ötən il məktəbi sürücü, çörək və qənnadı məmulatları ustası, biçici, əməliyyatçı mühasib, qazanxana maşinisti, bədii tikmə ustası, turizm agenti, xalçaçı və digər peşələr üzrə, ümumilikdə, 588 nəfər bitirib. Müsahibimiz məktəbi bitirmiş məzunlardan əksəriyyətinin öz peşəsi üzrə işlədiyini dedi. Həmin məzunlardan hazırda Ordubad Rayon Texniki Yaradıcılıq Mərkəzində “Bacarıqlı əllər” dərnəyinin müəllimi, xalçaçı Vəcihə Tağıyeva, Ordubad Rayon Rabitə İdarəsində rabitə montyoru olaraq işləyən Səməd Əsədov bizimlə söhbətlərində məktəbdə onlar üçün yaradılmış şəraitdən razılıqla danışdılar, muxtar respublikamızda bu sahəyə göstərilən dövlət qayğısını minnətdarlıqla dilə gətirdilər.
Biz isə, öz növbəmizdə, bizimlə həmsöhbət olan bütün müsahiblərimizə işlərində uğurlar arzulayıb, olduğumuz peşə təhsili müəssisələrinin ötənilki nəticələrini oxucularımızla bölüşməyə çalışdıq. Ümumi gəldiyimiz qənaət isə belə oldu ki, peşə təhsili müəssisələrinə göstərilən dövlət qayğısı bu gün muxtar respublikamızda peşə təhsilli kadrlara olan ehtiyacın ödənilməsinə mühüm töhfə verir. Daxili bazarın tələblərinə uyğun hazırlanan bu kadrlar həm də regionumuzun dayanıqlı inkişafına şərait yaradır.
Bu mənada, peşə təhsili artıq müasir dövrdə günün tələbinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Peşəkar kadrlar yalnız ali və orta ixtisas təhsili müəssisələrində hazırlanmır. Bu məsələdə peşə təhsilinin düzgün təşkili də mühüm əhəmiyyətə malikdir. Muxtar respublikanın sosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırıb. Bu səbəbdən son illər peşə təhsilinin məzmunu tamamilə yeniləşib, peşə tədrisi müəssisələrinin maddi-texniki bazası gücləndirilib. İqtisadiyyatın çoxşaxəli inkişafı, yeni peşə və sənət sahələrinin yaranması özü ilə bərabər, ixtisaslı kadrlara olan tələbatı da artırır. Artıq müasir dövrdə peşə təhsili günün tələbinə çevrilib”.

­ Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR