Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına təkan verib. Bu sahədə mütəmadi olaraq həyata keçirilən tədbirlərdən biri də interaktiv dərslərin təşkilidir.
Növbəti belə interaktiv dərs yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında təşkil olunub.
“Günəş sisteminin iri cisimləri: planetlər” mövzusunda keçilən dərsdə AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyev bildirib ki, kainat bizi əhatə edən sonsuz varlıq olub, 100 milyonlarla qalaktikadan ibarətdir. Qalaktika göy cisimlərinin bir-biri ilə qarşılıqlı əlaqəyə girərək əmələ gətirdikləri sistemdir. Bu sistemlərdən biri bizim yaşadığımız Yer planetinin daxil olduğu Günəş sistemidir. Bu sistemə Günəş, onun ətrafında fırlanan 9 planet, onlarla peyk, minlərlə asteroid, komet və meteorit daxildir. Komet və meteoritlər daha kiçik səma cisimləridir.
Qeyd olunub ki, Yerə ən yaxın ulduz sayılan Günəş bizdən 150 milyon kilometr məsafədə yerləşir. Günəş 70 faiz hidrogendən, 29 faiz heliumdan ibarətdir. Saniyədə 300 min kilometr sürətlə hərəkət edən işıq şüası Günəşdən Yerə 8,3 dəqiqəyə gəlib çatır. Günəşin atmosferi 3 qatdan – fotosfer, xromosfer və Günəş tacından ibarətdir. Hər bir planetin Günəş ətrafında hərəkəti zamanı yaratdığı mərkəzdənqaçma qüvvəsi Günəşin həmin planeti özünə cəzbetmə qüvvəsinə bərabər olduğuna görə, Günəş sistemi sabit halda fəaliyyət göstərir. Günəş ətrafında fırlanan 9 planetdən 4-ü (Merkuri, Venera, Yer və Mars) yertipli planetlərdir və bu planetlərin sahələri kiçik, sıxlığı böyük olur. Yupiter, Saturn, Uran, Neptun və Pluton planetləri isə nəhəng planetlərdir. Bu planetlərin isə sahələri böyük, sıxlığı kiçik olur.
Diqqətə çatdırılıb ki, Yerin təbii peyki olan Ay Yerə ən yaxın səma cismi olub, Yerdən 384,400 kilometr məsafədədir. Ay özü işıq saçmır. O, ya bilavasitə, ya da yerdən əks olunan Günəş şüaları ilə işıqlanır. Bunun səbəbi isə Ayın Yer ətrafında və eyni zamanda Günəş ətrafında fırlanmasıdır. Yer, Ay və Günəşin fəzadakı mövqeyi və hərəkəti arasında cüzi uyğunsuzluq Günəş və Ay tutulmalarına səbəb olur. Yer kürəsi Ay və Günəş arasında olduqda Ay tutulması, Ay Yer ilə Günəş arasında olduqda isə Günəş tutulması baş verir.
Qulu Həziyev Batabat Astrofizika Rəsədxanasının fəaliyyəti barədə də şagirdlərə geniş məlumat verib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə slaydlar vasitəsilə keçirilən interaktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil müəssisəsində izlənilib.
Səbuhi Həsənov