Məlum olduğu kimi, yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə müşavirə keçirilib. Yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən iclasda həmin müşavirədə qarşıya qoyulan vəzifələr müzakirə olunub.
Naxçıvan Dövlət Texniki Kollecində keçirilən iclasda təhsil naziri Məmməd Qəribov çıxış edərək bildirib ki, muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı diqqət mərkəzində saxlanılır. Hazırda 170-dən çox ümumtəhsil məktəbində hər cür şəraitə malik idman zalları vardır, bütün ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. 8 şahmat məktəbinin hamısı yeni binalarda fəaliyyət göstərir, şahmatın tədrisi məqsədilə təhsil müəssisələrinə 325 ədəd elektron tədris vəsaiti və 4000-dən çox kitab verilib. Bu gün ümumtəhsil məktəblərində fiziki tərbiyə dərsləri 343 ali, 37 orta ixtisas təhsilli olmaqla, ümumilikdə, 380 ixtisaslı müəllim tərəfindən, şahmat fənni isə sertifikat almış 437 müəllim tərəfindən tədris edilir.
2016-cı ildə ali və orta ixtisas məktəblərinin bədən tərbiyəsi və idman ixtisaslarına qəbul üçün sənəd verənlərdən Naxçıvan Dövlət Universitetinə 76, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına 28 nəfər olmaqla, 104 məzun qəbul olunub. Bu isə gələcəkdə ümumtəhsil məktəblərinin ixtisaslı fiziki tərbiyə müəllimləri ilə tam təmin olunması üçün stimul yaradır. Böyüməkdə olan gənc nəslin fiziki sağlamlığının artırılmasında əsas rol oynayan Uşaq-gənclər idman məktəblərinin fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində görülmüş işlər nəticəsində nazirliyin tabeliyində fəaliyyət göstərən 8 Uşaq-gənclər idman məktəbinin 375 qrupuna 11 idman növü üzrə 4966 üzv qəbul edilib. Onlara idmanın sirləri 189-u ali təhsilli olmaqla, 226 məşqçi-müəllim tərəfindən öyrədilir.
Müşavirədən irəli gələn vəzifələr haqqında danışan Məmməd Qəribov bildirib ki, müşavirədə ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisi səviyyəsinin yaxşılaşdırılması və idmanın kütləviliyinə nail olunması ilə bağlı muxtar respublika Təhsil Nazirliyi qarşısında çox ciddi vəzifələr qoyulub. Həmin vəzifələrin yerinə yetirilməsi məqsədilə tədbirlər planı tərtib edilib. Şagirdlərin fiziki tərbiyəyə marağının artırılması və idmanın təbliğ edilməsi məqsədilə idman, şahmat və ümumtəhsil məktəblərinin foyelərində “Məktəbimizin idman uğurları” adlı sərgilər təşkil ediləcəkdir.
Məmməd Qəribov deyib ki, istər Uşaq-gənclər idman məktəblərində, istərsə də ümumtəhsil məktəblərində fiziki tərbiyə dərsləri və idman məşğələlərinin tədrisinə, idman qurğuları və idman zallarından səmərəli istifadə olunmasına ciddi yanaşmayan məktəb rəhbərləri, fiziki tərbiyə müəllimləri vardır. Bir sıra idman müəllimlərinin və şagirdlərin dərslərdə idman formaları geyinmədikləri, fənn müəllimlərinin öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədikləri aşkara çıxarılıb. Bəzi məktəblərdə fiziki tərbiyə dərslərinin tədrisində və mövcud idman normativlərinin istər fiziki tərbiyə müəllimləri, istərsə də şagirdlər tərəfindən tam şəkildə yerinə yetirilməsində nöqsanlara yol verilir. Qeyd edilən nöqsanlar fiziki tərbiyə dərslərinin keyfiyyətli tədrisinə mənfi təsir göstərir. Təhsil şöbələri şahmat və idmanın inkişafı sahəsində tədbirləri daha da genişləndirməli, fiziki tərbiyə dərslərinin keyfiyyətli tədrisinə və şagirdlərin fiziki hazırlıq göstəricilərinin yüksəldilməsinə, ümumtəhsil məktəblərində idman tədbirlərinin keçirilməsinə, məktəblərarası və siniflərarası idman yarışlarının təşkilinə, şahmat dərslərinin və dərnəklərin tədrisinə diqqəti artırmalı, mövcud nöqsanların aradan qaldırılması üçün ciddi səy göstərməlidirlər.
Sonra Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədovun, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Əli Vəliyevin, Naxçıvan şəhərindəki Şahmat Mərkəzinin direktoru Emin Hacıyevin, Babək Rayon Uşaq-gənclər idman məktəbinin direktoru Emin Hüseynovun, Ordubad rayon Düylün kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Gülxar Həsənovanın, Culfa rayon Əbrəqunus kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Afrəddin Cəfərovun çıxışları olub.
Səbuhi Hüseynov