23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına təkan verib.
2014-cü il iyulun 18-də muxtar respublika Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin distant təhsilin muxtar respublikada tətbiqi üçün müvafiq qurumlara müxtəlif tapşırıqlar verməsi, tapşırıqların uğurlu icrası bu sahədə böyük nailiyyətlər qazanılmasına imkan yaradıb. Bu günə qədər müxtəlif muzeylər və tədris müəssisələri arasında keçilən interaktiv dərslər böyük maraqla qarşılanıb və effektivliyi ilə seçilib.
AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq bu tədris ilinin sonunadək bölmənin elmi əməkdaşları interaktiv dərs keçəcəklər.

Dünən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev tərəfindən “Naxçıvanın tarixi abidələri” mövzusunda interaktiv dərs keçilib.
AMEA Naxçıvan Bölməsindən keçilən və 194 təhsil müəssisəsi şagirdlərinin internet vasitəsilə elektron lövhədən izlədiyi dərs zamanı Vəli Baxşəliyev öncə muxtar respublikada tarixi abidələrin qeydə alınması və pasportlaşdırılması sahəsində həyata keçirilən işlər barədə məlumat verib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası ərazisində olan tarixi və tarixi memarlıq abidələri, arxeoloji tədqiqatlar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri sübut edir ki, Naxçıvan bəşər sivilizasiyasının ən qədim yaşayış məskənlərindən biridir. O, Naxçıvan ərazisində yayılmış Daş dövrü, Tunc dövrü və Dəmir dövrü abidələrinin xarakterik xüsusiyyətləri haqqında da şagirdlərə məlumat verib. Bildirib ki, xüsusilə son illər ərzində aparılan arxeoloji tədqiqatlar muxtar respublika ərazisində bir sıra tarixi abidələrlə bağlı faktların daha da dəqiqləşdirilməsinə və yeni abidələrin üzə çıxarılmasına imkan verib. Naxçıvan ərazisində yerləşən I Kültəpə abidəsində əvvəllər arxeoloq Osman Həbibullayev tərəfindən aparılmış tədqiqatlardan danışan AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev 2013-cü ildən sonra bu abidədə yeni tədqiqatlara başlanıldığını qeyd edib. Aparılan son tədqiqatlar sübut edir ki, I Kültəpə abidəsi bütün Cənubi Qafqazda ən qədim Neolit abidəsidir. Bundan əlavə, dərsdə şagirdlərə Şorsu, Zirincli, Uçan Ağıl, Uzunoba, Ovçular təpəsi, Ərəbyengicə, I Maxta kimi arxeoloji abidələr haqqında məlumat verilib, bu abidələrdə aparılmış tədqiqatlar, aşkar edilmiş əmək alətləri və digər maddi-mədəniyyət nümunələri şagirdlərə slayd vasitəsilə nümayiş etdirilib. Dərsdə abidələrin yaşının müəyyən edilməsi üçün aparılmış radiokarbon analizlərinin mahiyyəti və nəticələri izah edilib. Dərs zamanı Naxçıvanın ən qədim sakinlərinin ətraf regionlarla əlaqələri, köç yolları, antropoloji xüsusiyyətləri barədə də məlumatlar şagirdlərin diqqətinə çatdırılıb. Qədim tayfaların yaşayış xüsusiyyətləri, məşğuliyyətləri, həyat tərzləri, inanc sistemləri ilə bağlı aparılan araşdırmalar sübut edir ki, onlar xalqımızın ulu əcdadları olublar.
İnteraktiv dərs zamanı təqdim olunan müxtəlif fotoşəkillər və xəritələr dərsi izləyən şagirdlər tərəfindən maraqla qarşılanıb.

 Elnur Kəlbizadə

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR