23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” və “Kitabi-Dədə Qorqud” və Naxçıvan:qarşılaşdırmalı etnoqrafik motivlər” adlı monoqrafiyaları milli və mənəvi kimliyimizə dair uzun illər ərzində aparılmış tədqiqatların nəticəsi olmaqla ciddi elmi və eyni zamanda praktik əhəmiyyətə malikdir.
Bu fikri bölmədə yeni mono­qrafiyaların təqdimat mərasimində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev səsləndirib. Heç də təsadüfi deyildir ki, kitabların nəşrindən qısa müddət ötməsinə baxmayaraq, əsərlər maraqla qarşılanıb. Xüsusən “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı monoqrafiyanın ciddi əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyəsi ilə bu əsər “Naxçıvan” Universitetinin Elmi Şurasında Dinşünaslıq ixtisası tələbələri üçün dərslik kimi təsdiq olunub.

Nəşr edilən yeni monoqrafiyalar haqqında geniş məruzə edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev vurğulayıb ki, hər iki monoqrafiya tariximizin öyrənilməsi üçün mühüm vasitədir. Əgər birinci monoqrafiyada mənəvi mədəniyyətimizin müxtəlif aspektlərindən bəhs olunursa, “Kitabi-Dədə Qorqud” və Naxçıvan:qarşılaşdırmalı etnoqrafik motivlər” adlı monoqrafiyada Naxçıvanın qədim oğuz-türk yurdu olduğu, türk mədəniyyətinin beşiklərindən biri sayıldığı dastanın verdiyi faktlar əsasında sübut olunur.
Diqqətə çatdırılıb ki, “Dünya və insan – baxışlar, düşüncələr”, “Dünya insanla dünyadır, dünyada ayrıca dünyadı insan”, “Qurani-Kərim”də dünya və insan”, “Şeyx Nizami və dünya”, “Nəsimi və dünya”, “Ruh dünyasından seçmələr”, “Mən və dünya”, “Qərib kimdir, qəribçilik nədir?”, “Qərib yolçu, yolda nələr gördün, kimlərlə qarşılaşdın?”, “Qərib yolçunun neylə söhbəti”, “İnsan dünya münasibətlərinin üç qayəsi”, “İnsan nəfsi və dünya”, “Dünya və axirət qazanmaqda səbir, riza və təvəkkülün fəziləti”, “Dünya, su, insan və mədəniyyətlər”, “Mən dərddən doğuldum, dərd məndədi, dərd mənəm”, “İnsanın özünü və ətraf aləmi dərki: təhsil və elm”, “Paklıq və halallıq dünyası, insanlıq mərtəbəsi”, “Ölüm və mən” adlı bölmələrdən ibarət olan birinci monoqrafiya 250 ədəbiyyatdan – dini, tarixi və mədəni qaynaqlardan istifadə edilməklə ərsəyə gətirilib. İki bölüm, on altı paraqrafdan ibarət olan “Kitabi-Dədə Qorqud” və Naxçıvan:qarşılaşdırmalı etno­qrafik motivlər” adlı monoqrafiyanın yazılması zamanı isə çox nadir tədqiqat əsərlərindən, eyni zamanda dastanın müxtəlif nüsxələrindən və nəşrlərindən istifadə edilib, xeyli sayda yeni etnoqrafik materiallar tədqiqata cəlb olunub.
Təqdimat mərasimində çıxış edən institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıx­əliyev, institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, elmi işçi Elnur Kəlbizadə kitabların elmi əhəmiyyəti ilə yanaşı, həm də praktik və tərbiyəvi əhəmiyyətə malik olduğunu qeyd edib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda çıxış edən müəllif yaradıcılığına verilən dəyərə görə minnətdarlığını bildirib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR