23 Dekabr 2024, Bazar ertəsi

Adətən, müxtəlif  kitablarla bağlı yazılarıma “bu yaxınlarda filan alimin filan kitabı nəşr edilib”, – deyə başlayıram. Amma bəzi kitablarda bunu yazmaq əlimdən gəlmir. Bu, o zaman baş verir ki, haqqında bəhs etdiyim kitabın məzmunu mahiyyətindən daha böyük olur. O, əsərin nəşri deyil, məzmununun özü hadisəyə çevrilir. 

Qadir müəllim haqqında yazdığım kiçik qeydlərimdən biri belədir: “Allahının qulu, sözünün ağası olan Hacıqadir Qədirzadəyə”. Həqiqətən də, tanıdığım müddətdə ondan gördüyüm yalnız və yalnız bu olub: yaranmışı Yaradandan ötrü sevmək. İnsanın özünün seçmədiyi, Allahın ona istədiyi kimi bəxş etdiyi nəsnələrə görə kimsəni ittiham etməmək. Yaradana qul, deyəcəyi sözə isə hakim olmaq. Elə “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı yeni monoqrafiya da məhz bu düşüncənin işığında yazılıb.
Əslində, sonunu dərk etmiş insanın dünya və insan məsələsinə müdrik baxışının nəticəsidir bu əsər. Burda çətin olan əsəri yazmaq deyil, fövqəladə cəsarət və iradə tələb edən “sonu dərk etmək” hissəsidir. Çünki bizim ən böyük problemlərimizdən biri bəzi hallarda dərk etmədən öncə yazmaq istəməyimizdir. Sözün dəyərini bilən, sözünün haqqını verən, sözünün ağası olan insanlar üçün isə bu, mümkün deyil. Dərk etmədən yazmaq sözə xəyanətdir, söz isə Yaradanın insana ən böyük əmanətidir.

AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin bu əsərində bir elm var, bir də mənəviyyat var. Ya da daha dəqiq desək, mənəviyyata xidmət edən elm var. “Dünya və insan – baxışlar, düşüncələr”, “Dünya insanla dünyadır, dünyada ayrıca dünyadı insan”, “Qurani-Kərim”də dünya və insan”, “Şeyx Nizami və dünya”, “Nəsimi və dünya”, “Ruh dünyasından seçmələr”, “Mən və dünya”, “Qərib kimdir, qəribçilik nədir?”, “Qərib yolçu, yolda nələr gördün, kimlərlə qarşılaşdın?”, “Qərib yolçunun neylə söhbəti”, “İnsan dünya münasibətlərinin üç qayəsi”, “İnsan nəfsi və dünya”, “Dünya və axirət qazanmaqda səbir, riza və təvəkkülün fəziləti”, “Dünya, su, insan və mədəniyyətlər”, “Mən dərddən doğuldum, dərd məndədi, dərd mənəm”, “İnsanın özünü və ətraf aləmi dərki: təhsil və elm”, “Paklıq və halallıq dünyası, insanlıq mərtəbəsi”, “Ölüm və mən” adlı bölmələri oxuduqca bunun bir daha şahidi olursan. Bəli, bu gün israfın artdığı, sevginin və düşüncənin azaldığı dünyada insanların ruhunu qorumaq üçün mənəviyyata xidmət edən elmə ehtiyac var. Çünki yalnız maddi dünyanın sevgisi ilə alışan insanların içində bir ruh yanır. Ruhsuz insanlarla isə dünya çox sıxıcı görünür. Daxilimizdəki mənəvi ruh, milli ruh qorunmalıdır.
Əgər müəllifin yeni nəşr edilmiş birinci kitabı mənəvi dünyamızın qorunmasına, yaşadılmasına, dərkinə xidmət edirsə, ikinci kitab “Kitabi-Dədə Qorqud və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər” adlı əsər milli ruhumuzun, milli kimliyimizin ən böyük tarixi-bədii ifadəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanına, bu dastanın motivlərinin Naxçıvanımızda ictimai-etnoqrafik həyatın müxtəlif sahələrində inikasına həsr edilmişdir.
Kitaba ön söz yazmış AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin sözləri ilə ifadə etsək, “Kitabi-Dədə Qorqud” dastanının mükəmməl tədqiqatçısı, görkəmli etnoqraf, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin yeni monoqrafiyasında təkcə dastanın müqəddiməsi və müxtəlif boylarda işlənən etnoqrafik materiallara, fikir və deyimlərə, onların Naxçıvandakı izlərinə, işlədilmə formalarına diqqət yetirilməmişdir. Əsərdə həm də “Bilqamıs” dastanı ilə “Kitabi- Dədə Qorqud” dastanlarının ortaq cəhətləri, Bəkdüz Əmən haqqındakı fikir və mülahizələr araşdırılmış, dastandakı döyüşçü qadınlarla Xaraba Gilandakı Plovdağ qazıntılarında rast gəlinən izlər arasındakı fərqli və oxşar əlamətlərə diqqət yetirilmişdir.
Hələ nəşrindən öncə sətir-sətir oxuduğumuz bu əsərdə hər bir bölüm, hər bir paraqraf yeni faktlarla zəngindir. “Kitabi-Dədə Qorqud”un müqəddiməsində Nuh Peyğəmbərlə bağlı deyim və Naxçıvan paralelləri” adlanan hissədə Nuh Peyğəmbərin qızları ilə bağlı rəvayət və məsəllər, “Qambörənin oğlu Bamsı Beyrəklə bağlı boy” adlanan hissədə beşikkəsmə, göbəkkəsmə və deyikli adətləri, toy və ulu toy ilə bağlı məqamlar xüsusilə maraq doğurur. Toylarımızda işlədilən yeni ailə həyatı quran gənclərə niyə, sadəcə olaraq, “bəy” deyil, “tazə bəy” deyilməsi, bu ifadənin genezisi ilə bağlı məqamlar, əminəm ki, oxucular üçün yeni olacaqdır. “Uşun Qoca oğlu Səgrək” boyunda dastanda Əlincə qalasında məskunlaşmış Qara Təkur tərəfdarlarının kimlər olması ilə bağlı aparılan etno­qrafik araşdırmalar, bu boyda döyüşən hər iki tərəfin müxtəlif inanclı türk tayfaları olması ilə bağlı etnoqrafik faktlar geniş oxucu kütləsi üçün bir çox suallara aydınlıq gətirəcəkdir.
Tarixi sənədlər və mənbələr sübut edir ki, Naxçıvan orta əsrlər boyunca müxtəlif səhabələrin, onların övladlarının, peyğəmbər soyundan olanların üz tutduqları, sığındıqları məkanlardan biri olmuşdur. Eyni zamanda burada həm də Məhəmməd Peyğəmbərin zamanında bu ellərdən gedərək dünyanı şərəfləndirən İslam Peyğəmbərinin üzünü görən insanlar var idi. Əsərin “Peyğəmbər səhabəsi Bəkdüz Əmən” başlıqlı hissəsində müəllif çox maraqlı faktlara toxunmuşdur.
Ümumilikdə, bir daha qeyd edək ki, hər iki kitab çox maraqlı faktlarla zəngin olmaqla milli və mənəvi dəyərlər dünyamızı işıqlandıran fundamental tədqiqat əsərləridir.

 Elnur Kəlbizadə

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR