Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2016-cı il üzrə iş planına uyğun olaraq “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi və etnoqrafik atlasının hazırlanması nəzərdə tutulub. Bununla bağlı olaraq AMEA-nın Naxçıvan Bölməsində tədbir keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanında ifadə olunan çoxsaylı toponimlərin Naxçıvan ərazisində qeydə alınması bu regionun qədim Oğuz yurdu olduğunu bir daha təsdiqləyir. Ona görə də atlasda “Kitabi-Dədə Qorqud” dastanının Naxçıvanla bağlılığı dərindən araşdırılır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının inzibati ərazisinə daxil olan 87 kəndə ekspedisiya təşkil olunub. 200-ə yaxın informatordan məlumatlar toplanıb. 100-dən artıq informatorun şəxsi məlumatları isə artıq elektronlaşdırılıb. Bundan başqa, ekspedisiya zamanı “Kitabi-Dədə Qorqud” dastanında adıçəkilən bir çox məişət əşyalarının rəsmləri çəkilib və haqlarında məlumatlar toplanılıb. Həmin məlumatlar atlasda yerləşdirilir.
Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və başqaları mövzu ətrafında çıxış edərək fikirlərini bölüşüblər.
Hazırda atlasın hazırlanması istiqamətində işlər davam etdirilir. Atlas ilin sonuna qədər nəşr olunacaq.
Xəbərlər şöbəsi