Naxçıvan Muxtar Respublikası ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə 2015-ci ilin mart ayında keçirilmiş attestasiya imtahanlarında üzrlü səbəbdən iştirak etməyən, həmin imtahanlarda müəyyən olunmuş bal həddini aşmayan və yeni işə qəbul edilən müəllimlərin attestasiyası keçirilib. Ötən dövr ərzində muxtar respublikanın ayrı-ayrı rayonlarından müraciət etmiş 1142 müəllim qeydiyyata alınıb.
İmtahan Naxçıvan şəhər 4 və 14 nömrəli tam orta məktəblərdə keçirilib. İmtahanlarda müəllimlərə 80 sual təqdim edilib ki, onlardan 40-ı ixtisas, 25-i kurikulum, 10-u metodika, 5-i isə kompüter biliklərinə aid suallar olub. Sualların cavablandırılması üçün müəllimlərə 150 dəqiqə vaxt ayrılıb.
İmtahana Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi və “İstedad XXI əsr” kursunun əməkdaşlarından ibarət 51 nəfər nəzarətçi cəlb edilib.
Qeyd edək ki, həmin gün Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə də müəllimlərin işə qəbulu imtahanları keçirilib. İmtahanda müraciət etmiş 47 müəllim iştirak edib.
Ceyhun Məmmədov