Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada səhiyyənin inkişafına göstərilən yüksək diqqət və qayğıdan danışıb.
Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov fakültənin yaranması və inkişaf yolu haqqında məruzə ilə çıxış edib. Bildirib ki, universitetin Tibb fakültəsi 1999-cu ildə Təbiətşünaslıq fakültəsinin nəzdindəki Pediatriya ixtisasına 25 nəfərlik tələbənin qəbulu ilə fəaliyyətə başlayıb. Universitet Elmi Şurasının 3 iyun 2003-cü il tarixli qərarı ilə müstəqil Tibb fakültəsi kimi fəaliyyətini davam etdirir. Fakültənin nəzdində Təməl tibb fənləri, Tibbi klinik fənlər, Ümumi təbabət və gigiyena, Əczaçılıq və stomatologiya kafedraları fəaliyyət göstərir.
Qeyd olunub ki, yüksəkkeyfiyyətli tədrisin təşkili üçün fakültədə 6 kabinə və laboratoriya yaradılaraq lazımi avadanlıq və preparatlarla təchiz olunub. Həmçinin tələbələrin praktik biliklərinin artırılması məqsədilə onların Azərbaycan Tibb Universiteti ilə yanaşı, Türkiyə Cümhuriyyətinin bir sıra universitetlərinə yay istehsalat təcrübələrinə göndərilməsi təşkil olunur. Hazırda fakültədə 383 tələbə və 29 rezident təhsil alır ki, onlardan 77 nəfəri xarici ölkə vətəndaşıdır.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə Namazova məzunları təbrik edərək onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıblar.
Sonra məzunlar müqəddəs Hippokrat andı içiblər.
Tədbirin bədii hissəsində məzunların, eləcə də İncəsənət fakültəsinin istedadlı tələbələrinin ifasında mahnılar səsləndirilib.
Nərmin Cabbarova