AMEA Naxçıvan Bölməsinin Nəbatat bağı bitkilər və ağacların qorunduğu unikal bir məkandır. Nəbatat bağında bitkilərin biomüxtəlifliyinin öyrənilməsi və toxum genofondunun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür, geniş elmi-tədqiqat işləri aparılır.
Qeyd edək ki, hər hansı bir ölkəyə, şəhərə səyahət edərkən internet üzərindən oranın gəzməli-görməli yerlərini müəyyən edirik. Rusiya, Gürcüstan, Türkiyə, Yunanıstan, Fransa kimi ölkələrin gəzməli-görməli yerləri arasında Nəbatat bağları özünəməxsus yer tutur.
Məlumat üçün bildirək ki, Nəbatat bağlarının ən qədim nümunələrinə Çində və Aralıq dənizi sahili ölkələrində rast gəlinib. Bu bağlarda meyvə ağacları, tərəvəzlər, dərman istehsalında lazım olan bitkilər becərilib və onlardan istifadə edilib.
Naxçıvan Muxtar Respublikası zəngin bitki örtüyü, heyvanlar aləmi və təbii sərvətlərə malik olan diyardır. Bu baxımdan burada Nəbatat bağının yaradılması əhəmiyyətli və mühüm addımdır. Nəbatat bağının yaradılması məqsədilə 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşəbbüsü və Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı ilə 10 hektar torpaq sahəsi ayrılıb, bu sahə su ilə təchiz edilib və nəticədə, belə bir gözəl məkan yaradılıb. Həmin torpaq sahəsi Babək rayonunun Şıxmahmud kəndi yaxınlığındadır.
Bəs bu gün həmin ünvanda fəaliyyət necə qurulub? Burada hansı işlər həyata keçirilir?
Bu suallara cavab tapmaq üçün AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayevlə görüşüb həmsöhbət olduq.
Teyyub müəllim bildirdi ki, Nəbatat bağının yaradılmasında əsas məqsəd insanların Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıq dənizi ölkələrinin, Cənub-Şərqi Asiyanın, Orta Asiyanın, Uzaq Şərqin, Qafqazın zəngin flora nümunələri ilə tanış edilməsidir. Bağın nadir bitkilər kolleksiyası sahəsində Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Qırmızı kitablarına daxil edilmiş bəzi bitki növləri mövcuddur. Burada ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri, həmçinin meyvə genofondu bağı yaradılıb. Bu da yerli və məhsuldar toxum sortlarının bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, hazırda Nəbatat bağının sahəsi 13,2 hektar, muxtar respublika üzrə balansında olan torpaqların sahəsi isə 80 hektardan artıqdır. Nəbatat bağında “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxana quraşdırılıb. İstilikxana tam avtomatlaşdırılmış iqlim-nəzarət, istilik, havalandırma və suvarma sistemləri ilə təchiz edilib. Müasir texnologiyaların tətbiqi bitkilərin normal inkişafına imkan verir. Burada sitrus, Hind-Çin, Afrika, Avstraliya, Ərəbistan və digər bu kimi mənşəli bitkilər olmaqla, 10 bölmə yaradılıb və 100-ə yaxın bitki əkilib. Artıq bu bitki növlərinin bəziləri muxtar respublikanın iqlim şəraitinə uyğunlaşdırılıb və açıq havada çoxaldılmasına başlanılıb. Təcrübə sahələrində Naxçıvan Dövlət Universitetinin Biologiya və Coğrafiya ixtisaslarının tələbələrinin iştirakı ilə açıq dərslər keçilir.
Teyyub müəllim bildirdi ki, orta məktəb şagirdlərinin, xüsusilə bu sahədə mütəxəssis olmaq istəyənlərin Nəbatat bağı ilə tanışlığı təşkil olunur. Bu həm onların ixtisaslarını yaxşı bilmək baxımından faydalıdır, həm də fərqli bitkilərlə yanaşı, Naxçıvanımızın bitkilər aləmi ilə tanışlıqlarına şərait yaradır.
Teyyub Paşayev Nəbatat bağında aparılan elmi-tədqiqat işləri barədə də məlumat verdi:
– Çalışırıq ki, yeni bitki növləri gətirək və Nəbatat bağını daha da zənginləşdirək. Naxçıvanın yaşıllaşdırılmasında yeni dekorativ ağac və kollar, efiryağlı və çiçəkli bitkilər tətbiq olunur. Nəbatat bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından xeyli sayda ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanıb. Gürcüstanın Batumi Nəbatat bağından 36 sayda ağac və kol bitkisi gətirilib. Nəbatat bağında respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılır.
Teyyub müəllimlə Nəbatat bağını gəzirik. Buranın əsrarəngiz yaşıllığı könlümüzü oxşayır. Müxtəlif ölkələrin təbiətinə xas bir çox bitki və ağac növləri ilə tanışlıq bizdə xoş ovqat yaradır. Buradakı kofe ağacı, aqava, səhra bitkiləri, yunan qozu və sair bu kimi nümunələr göz oxşayır. Bununla birlikdə Azərbaycan florasına aid bir çox bitki və ağac növləri ilə də tanış oluruq. Bağda yerli meyvə genofonduna daxil olan müxtəlif növ alma, armud, üzüm, ərik sortları yetişdirilir və qorunur. Yabanı armud növlərinin yayılma zonaları dəqiqləşdirilib, bioloji məhsuldarlığı tədqiq edilib, Naxçıvan Muxtar Respublikası florası üçün yeni növlər verilib, bəzi növlər Nəbatat bağına köçürülərək biomorfoloji xüsusiyyətləri izlənilməyə başlanılıb.
Son illər Nəbatat bağında yeni inzibati bina istifadəyə verilib. Burada işçilər üçün lazımi şərait yaradılıb.
İyunun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Nəbatat bağına gəlib, burada görülən işlərlə maraqlanıb. Bu diqqət Nəbatat bağının muxtar respublika üçün əhəmiyyətini bir daha sübut edir. Ali Məclisin Sədri Nəbatat bağının fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində bir sıra tapşırıqlar verib.
Nəbatat bağının muxtar respublikada tətbiq olunan muzey günlərinin qrafikinə salınması, müxtəlif təşkilatların kollektivlərinin bura ilə tanışlığı onun həm də bir muzey kimi qorunub saxlanılması, zənginləşdirilməsi baxımından əhəmiyyətli olduğunu göstərir.
Qeyd edək ki, Nəbatat bağı təbiət gözəlliklərini duymaq, belə gözəlliklərin qədrini bilməklə yanaşı, şagirdlərdə və tələbələrdə təbiət elmlərinə marağın artırılması, Bioresurslar İnstitutunun elmi fəaliyyətinin tanıdılması, bu istiqamətdə tədbirlərin keçirilməsi, alimlərin təcrübəsindən yararlanmaq kimi maraqdoğuran digər fəaliyyətlərin reallaşdırılması üçün də son dərəcə əhəmiyyətlidir.
Nərgiz İsmayılova