23 Dekabr 2024, Bazar ertəsi

XIX əsrin sonu, XX əsrin əvvəllərində Zaqafqaziyada mühüm ictimai-mədəni hadisəyə çevrilən maarifçilik hərəkatı bu bölgədə yerləşən xalqların taleyində əhəmiyyətli dərəcədə dəyişiklik yaratdı. Həmin əsrin ilk illərindən təkəmseyrək şəkildə başlanan maarifçilik əsrin ortalarından sistemli hal almağa, sonlarında isə ədəbi-mədəni intibaha gətirib çıxardı. Bu dövrdə mətbuat, teatr ilk qədəmlərini atır, folklorun toplanması həyata keçirilir, ədəbi tənqid formalaşırdı. 

XIX əsrin 80-ci illərindən Naxçıvanda maarifçilik işinə başlayan ziyalılardan olan Eynəli bəy Sultanov həm də Tiflisdə nəşr olunan bir neçə mətbuat orqanı ilə əməkdaşlıq edirdi. Mətbuatda müxtəlif mövzular üzrə məqalələrlə çıxış edən E.Sultanovun xüsusi diqqətlə qələmə aldığı mövzulardan biri də folklorla bağlı idi.
E.Sultanov gənc yaşlarından Naxçıvanın kəndlərini, İrəvan quberniyasını gəzib-dolaşaraq Azərbaycan xalqının şifahi ədəbiyyatını toplamaqla məşğul olmuşdur. Folklor toplayıcılığından sonra onda şifahi xalq ədəbiyyatı ilə bağlı bəzi qənaətlər, nəzəri fikirlər formalaşmışdır. Tarixi keçmişimizi, mənəvi dəyərlərimizi özündə yaşadan, həmişə tədqiqə ehtiyacı olan folklor örnəklərini sistemli, ardıcıl şəkildə öyrənməklə xalqımızın tarixinin müəyyən məqamlarını, mənəvi aləmini, o cümlədən onun düşüncə tərzini bərpa etməyin mümkün olduğunu yaxşı bilən Eynəli bəy Sultan­ovun o dövrdə şifahi xalq ədəbiyyatı sahəsində fəaliyyəti ayrı-ayrı tədqiqatçıların nəzərindən yayınmamışdır.

O təkcə folklorun toplanması ilə kifayətlənmirdi, topladığı xalq ədəbiyyatı nümunələrini mətbuat orqanlarında çap etdirir, bir çoxunu isə rus dilinə tərcümə edərək nəşrinə çalışır, bu zaman digər xalqlar üçün həmin folklor nümunələrinin izahını da verməyi yaddan çıxarmırdı. Eynəli bəy Sultanov izahlarında da diqqətli idi. Hətta 1926-cı ildə “Dan ulduzu” jurnalında nəşr etdirdiyi “El ədəbiyyatı” məqaləsində yazırdı ki, nə qədər ki biz Azərbaycan türklərinin el ədəbiyyatını toplamaq, qaydaya salmaq və onu yaxşı öyrənib, ondan istifadə etmək işi mütəxəssislərin əlində deyil, bu iş nə tərəqqi edəcək, nə də ondan bir xeyir görəcəyik.
Görkəmli ədib folklorun bir elm səviyyəsində – folklorşünaslıq elmi səviyyəsində öyrənilməsi üçün bu işin mütəxəssislərin əlində olmasının vacibliyini qeyd edir və bildirirdi ki, xalq yaradıcılığının, şifahi ədəbiyyatın toplanıb qaydaya salınması və öyrənilib istifadə edilməsi öz peşəkarının əlində olmadıqca bu işin inkişafına ümid bəsləmək olmaz.
Maarifçi-ədib xalq ədəbiyyatı nümunələrini toplayarkən ona qayğı ilə yanaşmağı, ehtiyatlı olmağı, materialı orijinalda olduğu kimi saxlamağı və heç bir əlavəyə yol verməməyi tövsiyə edirdi.
Folklorun toplanması zamanı hər hansı bir sözün, hətta hər hansı bir hərfin deyildiyi qaydada yazıya alınma­ması xalq təfəkkürünün dərin qatlarına ziyan vura bilər, fikrin düzgün anlaşılmamasına gətirib çıxarar. Bizə elə gəlir ki, hansı dövrdə toplayıcılıq fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, toplayıcı söyləyicinin hər kəlməsini olduğu kimi qeydə almalı və qeydə aldığı materiallarda, nümunələrdə istər fonetik, istərsə də leksik redaktəyə yol vermə­məlidir. E.Sultanov uzaqgörən ziyalı kimi bunları yaxşı bilirdi və bu düşüncə ilə də bir folklorşünas kimi öz fikirlərini irəli sürürdü: “Bu iş ancaq xam materialları toplamaqdan ibarət olasıdır və heç kəsin ixtiyarı olmamalıdır ki, toplanan materialları özü bəyəndiyi təhərə salsın. Bu materialları işlətmək və onlardan istifadə etmək gələcəkdəki alimlərin və mütəxəssislərin vəzifəsidir”.
Eynəli bəy Sultanov yuxarıda adıçəkilən məqaləsinin davamında folklorşünaslıq elmi üçün vacib olan digər məsələlərə diqqəti çəkirdi: “Bu işin tərəqqisi, yaxud xeyri ancaq yaxın, ya uzaq gələcəkdə gözlənilir; hələlikdən isə bu iş ədəbiyyatın tarixinə və qanunlarına bələd olmayan şəxslərin əlindədir. El ədəbiyyatını toplamaq və onu öyrənmək böyük və ağır bir vəzifədir; hər adamın işi deyil”.
Burada onu da nəzərə almaq lazımdır ki, E.Sultanov birdən-birə yuxarıdakı qənaətlərə gəlməmişdir. Bir müddət toplayıcılıqla məşğul olan görkəmli ziyalı bu işin əsl mahiyyətinin nədən ibarət olduğunu yaxşı dərk etmişdir. Məhz buna görə də özü üçün bu qənaətə gəlmişdir ki, toplayıcılıq hər kəsin bacaracağı bir iş deyil. Hətta E.Sultanov yaxşı bilirdi ki, folklor – xalq yaradıcılığı təkcə bədii söz və söz oyunundan ibarət deyil. Ulu əcdadlarımız öz söz xəzinələrində aşkarlandıqca göz qamaşdıracaq daş-qaşları hifz etmişlər. Elə daş-qaşlar ki onlar ədəbiyyatımızla yanaşı, tariximizdən, etnoqrafiyamızdan, adət-ənənələrimizdən və yaşayış tərzimizdən xəbər verir.
Eynəli bəy Sultanov folklor nümunələrini toplayarkən, onları nəşr etdirərkən və nəşr etdiyi məqalələrində öz fikirlərini bildirərkən heç də bir folklorşünas olduğu üçün, ya da bu iddiada olduğu üçün bunları etmirdi, o, sadəcə olaraq, xalqını maarifləndirməyi qarşısına məqsəd qoymuş bir ziyalı kimi öz düşüncələrini oxucularla bölüşürdü. Bu baxımdan qeyd etdiyimiz fikirlərində də E.Sultanovun bir maarifpərvər ziyalı kimi bu işə girişdiyi aydınca hiss olunur. Folklor nümunələrindən bəhs edən məqalələrində onun yürütdüyü fikirlər bu gün də öz aktuallığını qoruyur. Bu da bizə imkan verir ki, E.Sultanovu maarifçi-ziyalı, yazıçı, publisist olmaqla yanaşı, folklorşünas kimi də təqdim edək.
Görkəmli ədibin folklorşünaslıq görüşlərindən bəhs edərkən bir məqama toxunmağı da vacib sayırıq. Belə ki, o, məqalələrinin birində Azərbaycan atalar sözlərini rusdilli oxuculara çatdırır və bu zaman bəzi anlaşılmaz ifadələr, həmçinin atalar sözlərinin, sadəcə, yarandığı dildə anlaşılacaq olan məqamları haqqında da qeydlər verirdi: “Mənim təqdim etdiyim materialın etnoqrafik baxımdan maraqlılığı məsələsinə gəlincə deməliyəm ki, azərbaycanlıların atalar sözləri daxili mənası ilə yanaşı, rus oxucusu üçün az məlum olan tərəfini, öz xalqının xarici cəhətini də çox gözəl və doğru təsvir edir”.
Bu cür bitkin qənaətə gəlmək üçün uzun müddət folklorşünaslıq fəaliyyəti ilə məşğul olmaq, eləcə də atalar sözlərini yaxşı öyrənmək, onların qruplaşması sistemini bilmək lazımdır. Buna dayanaraq fikrimizin davamı kimi E.Sultanovun folklor nümunələrindən bəhs edən məqalələrindəki hər bir cümləni folklorşünaslıq elmi üçün bitkin qənaət kimi nəzərə almalıyıq.
Folklor nümunələrinə ciddi diqqət yetirən E.Sultanov göstərirdi ki, onlar xalqın gündəlik həyatına bu və ya digər baxışı ifadə edirlər: “Mənim topladığım Azərbaycan atalar sözlərində bir sıra hallarda həmin xalqın həyata bu və ya digər baxışını səciyyələndirən tam müdrik fikirlər silsiləsinə təsadüf olunur”.
Folkloru dərindən öyrənən fədakar ziyalının bu sahədəki fəaliyyəti dövrünün digər qabaqcıl ziyalılarına da böyük təsir göstərmiş, onların bu xeyirxah işə maraq göstərmələrinə səbəb olmuşdur. Eynəli bəy Sultan­ovun nəcib fəaliyyəti Firidun bəy Köçərlinin diqqətini cəlb etmiş, buna görə də onlar ardıcıl surətdə (1886-cı ildən 1913-cü ilə qədər) məktublaşmış, fikir mübadiləsi aparmışlar.
Bu məktublaşmalar heç də təsadüfi xarakter daşımırdı. Ədəbiyyat tariximizdə xüsusi yeri olan Firidun bəy Köçərli yaxşı bilirdi ki, E.Sultanov xalqımızın qəlbinə yol tapan, onun sevinc və kədərini tərənnüm edən ustad aşıqlarımızın əsərləri ilə yanaşı, atalar sözü və məsəlləri, sayaçı sözlərini müntəzəm olaraq toplamış, qaydaya salmışdır.
Görkəmli publisist şifahi xalq yaradıcılığını yalnız azərbaycanlı oxucular arasında deyil, rusdilli oxucular arasında da təbliğ edirdi. Ardıcıl olaraq “Novoye obozreniye”nin, “Kafkaz”ın və rus dilində nəşr olunan digər mətbuat orqanlarının səhifələrində rusdilli oxucuları Azərbaycan xalqının tarixi, etnoqrafiyası, çox­əsrlik mədəni-mənəvi irsi – folkloru ilə tanış edən məqalələrlə çıxış edirdi. “Xalq müdrikliyi nümunələri” adlı məqaləsini də görkəmli publisist məhz bu niyyətlə qələmə almışdı. Həmin məqalədə yazıçı tərəfindən çoxlu atalar sözü və zərbi-məsəl misal gətirilmişdir.
Onun atalar sözləri barəsində də özünəməxsus görüşləri, düşüncələri vardır. Hələ müasir folklorşünaslıq elminin atalar sözləri ilə bağlı tərtib olunmuş kitablarında bölgülər aparılmamışdan əvvəl E.Sultanov bu barədə öz öncüllüyünü ortaya qoymuşdur. Topladığı şifahi xalq ədəbiyyatı nümunələrini rusdilli mətbuat orqanlarında nəşr etdirərkən o, rus oxucularına xalq ədəbiyyatının bu zəngin fikirlərlə dolu janrı haqqında da ətraflı məlumat verməyə çalışır, atalar sözlərini qruplaşdırırdı. “Azərbaycan xalq hikmətinin nümunələri” adlı məqaləsində görkəmli ziyalı atalar sözlərini 6 qrupa bölür: kəndli həyatına aid, qadınlara aid, bəy və xanlara aid, heyvanlara aid və hüquq xarakter daşıyanlar.
Eynəli bəy Sultanovun bəzi folklorşünaslıq görüşləri onun həqiqi bir ziyalı olmaqla yanaşı, elmi əsaslara dayanan, elmi əhəmiyyəti ilə bu gün də seçilən, folklorşünaslıq elmi üçün önəmli ziyalı olduğunu da ortaya qoyur. Bu mənada, E.Sultanov həqiqi bir folklorşünas idi. Həm də ilk Azərbaycan folklorşünaslarından biri. Buna görə də təkcə Eynəli bəy Sultanov deyil, o dövrdə bu cür fədakar fəaliyyətlə məşğul olan, folklorun toplanması işində milli mövqedə dayanaraq canıyananlıq göstərən hər bir ziyalını tədqiqata cəlb etməli, öyrənməliyik.

Onun folklorşünaslıq elmi üçün əhəmiyyətli fəaliyyəti ilə yanaşı, ayrı-ayrı məqalələrindəki fikirlərini incələyəndən sonra nəticə olaraq bu qənaətə gəlirsən ki, folklor materiallarını toplayıb yazıya almış Eynəli bəy Sultanov, sözün bütün mənalarında, milli folklorşünaslığın ilk cəfakeş yaradıcılarından biri kimi xatırlanmalıdır. Folklorşünaslıq elmində bu gün də müzakirə və mübahisə mövzusu olan, qəbul edilmiş əsas nəzəri və praktik metodların, prinsiplərin bir çoxuna Eynəli bəy Sultanovun fəaliyyətində, məqalələrində rast gəlməyimiz onun folklorşünaslıq irsinin öyrənilməsinin mühüm əhəmiyyət daşıdığını ortaya qoyur.

Elxan MƏMMƏDOV
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR