Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2015-2016-cı tədris ilində keçirilən respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov əldə edilən nailiyyətlərin muxtar respublikada təhsil sahəsinə göstərilən diqqət və qayğının bəhrəsi olduğunu deyib, qaliblərə yeni-yeni nailiyyətlər arzulayıb. Bütün bu uğurların qazanılmasında ümumi təhsil müəssisələrində çalışan peşəkar müəllimlərin əməyi olduğunu xüsusi olaraq qeyd edən təhsil naziri istedadlı şagirdlərin hazırlanmasında onlara daha böyük müvəffəqiyyətlər diləyib. Təhsil naziri şagirdləri, onların fənn müəllimlərini və valideynlərini təbrik edib, daha parlaq nəticələrin əldə olunması üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyini vurğulayıb.
Müxtəlif fənlər üzrə ən yaxşıların üzə çıxarılması, istedadlı şagirdlərin daha da həvəsləndirilməsi, onların potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən fənn olimpiadalarının böyük əhəmiyyətə malik olduğunu, müasir dünyada təhsilin önəmini xatırladan təhsil naziri onu da qeyd edib ki, şagirdlərin müvafiq fənlər üzrə biliklərinin daha da möhkəmlənməsinə səbəb olan bu olimpiadalara marağın ilbəil artması təhsil sahəsində uğurla həyata keçirilən islahatların səmərəli olmasının göstəricisidir.
Tədbirdə respublika fənn olimpiadasının qaliblərinə medallar, ölkə miqyasında keçirilən “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa yazı müsabiqəsinin respublika mərhələsinin qaliblərinə isə diplom və qiymətli hədiyyələr təqdim edilib.
Məlumat üçün bildirək ki, fənn olimpiadalarının rayon (şəhər) turunda muxtar respublika üzrə 890 şagird iştirak edib, 351 şagird olimpiadaların yarımfinal turunda iştirak etmək hüququ qazanıb. 8 fənn üzrə keçirilən bu turun iştirakçıları arasından 45 şagird fənn olimpiadalarının final mərhələsinə vəsiqə əldə edib. Aprelin 23-də keçirilən final mərhələsində muxtar respublikanın ümumtəhsil müəssisələrini təmsil edən 45 şagirddən 14-ü texniki, 31 nəfər isə humanitar fənlər üzrə biliklərini sınayıb, həmin şagirdlərdən 26 nəfər fənn olimpiadalarının qalibi olub, onlardan 4-ü qızıl, 11-i gümüş, 11 nəfəri isə bürünc medala layiq görülüb.
Xatırladaq ki, 3 mərhələdə keçirilmiş respublika fənn olimpiadalarının birinci mərhələsində 27 min 500, ikinci mərhələsində 4 min 174, final mərhələsində isə 694 şagird iştirak edib. Texniki fənlər üzrə 128, humanitar fənlər üzrə isə 132 nəfər qalib olub.
Səbuhi Hüseynov