15 İyun – Milli Qurtuluş Günü münasibətilə muxtar respublikanın təhsil müəssisələri ilə Heydər Əliyev Muzeyi arasında interaktiv əlaqə yaradılıb, “Qurtuluş Günü mənim həyatımda” mövzusunda dərs keçilib.
200 ümumtəhsil, orta ixtisas və peşə məktəblərinin, Heydər Əliyev adına Hərbi Liseyin qoşulduğu dərsdə Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev bildirib ki, tarixin ən sərt dolanbaclarından, çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız həm də müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.
Bildirilib ki, xalqımız ulu öndər Heydər Əliyevin adı ilə bağlı əlamətdar hadisənin – Milli Qurtuluş Gününün 23-cü ildönümünü böyük təntənə ilə qeyd edir. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan 1993-cü ilin iyun ayına qədərki müddətdə böhranlar, xaos və çaxnaşmalarla qarşılaşmışdı. AXC-Müsavat iqtidarının hakimiyyəti dövründə idarəetmədə müşayiət olunan kobud səhvlər, yaranmış ağır sosial-iqtisadi gərginlik və hakimiyyət davası ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Cəbhədəki məğlubiyyətlər, torpaqların itirilməsi yeni-yeni faciələrin baş verməsinə səbəb olurdu. Gəncədə 1993-cü ilin iyun ayında baş verən hadisələr vəziyyəti daha da ağırlaşdırmışdı.
Məhz belə bir vaxtda, xalqın çətin günündə onu bu bəlalardan xilas edə biləcək tarixi bir şəxsiyyətin, müdrik siyasi xadimin hakimiyyətə gəlişi labüd idi. Vəziyyətdən çıxış arayan Azərbaycan xalqı haqlı olaraq nicat yolunu ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Xalqının çağırışına biganə qala bilməyən ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı insanların qəlbində artıq sönmüş müstəqillik arzularını yenidən alovlandırdı.
Vurğulanıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın istək və tələbi ilə 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı və 6 gün sonra – iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi xalqımızın ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamının göstəricisi idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir şanlı gün yazdı. 15 iyun tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi.
Vurğulanıb ki, ötən dövr ərzində ölkəmizin bütün sahələrdə nail olduğu inkişafı Naxçıvan Muxtar Respublikasının timsalında bütün çalarları ilə görmək olar. Milli Qurtuluşun işığında böyük və şərəfli yol keçən qədim diyarımızda cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların, dövlət proqramlarının həyata keçirilməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası bu gün ən müasir məmləkətə çevrilib. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada Milli Qurtuluşun bəhrələri görünməsin.
Məktəblər, səhiyyə ocaqları, mədəniyyət müəssisələri üçün müasir layihələr əsasında yeni binalar inşa olunur, onların maddi-texniki bazaları gücləndirilir.Yeni istehsal və emal müəssisələrinin, iş yerlərinin yaradılması, insanların məşğulluğunun təmin olunması son 23 ildə cahanşümul uğurlar əldə edilməsinə imkan verib.
Bildirilib ki, həyata keçirilən tədbirlər ən ucqar dağ və sərhəd kəndlərini də ağuşuna alıb. Bununla da, belə ünvanlarda yaşayan insanlar Milli Qurtuluşun bəhrələrini öz həyatlarında görür, ulu öndər Heydər Əliyevin bu gün də uğurla davam etdirilən dövlətçilik siyasətini, quruculuq missiyasını müdafiə edir, ümummilli liderin yoluna sədaqət göstərirlər. Çünki bugünkü firavan həyatımızın təməli məhz görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulub.
Sonra Ramil Orucəliyev şagird və tələbələrə Heydər Əliyev Muzeyi barədə ətraflı məlumat verib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına və tədrisin səmərəliliyinin daha da artırılmasına hərtərəfli şərait yaradıb.
Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada distant tədrisin tətbiqi keyfiyyətcə özünün yeni mərhələsinə qədəm qoyub. Xüsusilə muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin yaradılması şagird və tələbələrin həmin muzeylərlə tanışlığının təmin olunmasına öz töhfəsini verir.
Muxtar Məmmədov