Ordubad Texniki-Peşə və Sürücülük Məktəbində hərtərəfli şərait yaradılıb
İxtisaslı peşəkar kadrlara olan ehtiyac nəzərə alınaraq 1979-cu ildə Naxçıvan şəhərindəki 32 nömrəli texniki-peşə məktəbinin Ordubad şəhərində filialı yaradılır. Filial üçün şəhərin M.T.Sidqi küçəsində uyğunlaşdırılmış binada yer ayrılır. Təhsil ocağı 1980-ci ildə müstəqil şəkildə Ordubad Orta Texniki-Peşə Məktəbi kimi fəaliyyətini davam etdirməyə başlayır.
Burada əməliyyatçı-mühasib, ərzaq malları satıcısı, tikişçi-operator, elektrik qaz qaynaqçısı, meyvə-tərəvəz ustası, bənna va sair peşələr öyrədilir. Məktəbi bitirənlərin əmək fəaliyyətinə başlamaları, işlə təmin olunmaları da diqqət mərkəzində saxlanılır. Məzunlar rayonda fəaliyyət göstərən fabrik və zavodlarda, kolxoz və sovxozlarda, ictimai iaşə, müxtəlif xidmət sahələrində ixtisaslarına uyğun işlərlə təmin edilirlər. Amma bu təhsil ocağı uzun illər həm orta, həm də peşə təhsili verdiyi üçün ixtisaslı kadrların hazırlanmasında çətinliklər yaranırdı. Bu zaman gənclər seçdikləri peşələrə tam yiyələnə bilmirdilər. Üstəlik məktəbin fəaliyyət göstərdiyi bina da tam yararsız vəziyyətə düşmüşdü.
Bu il mayın 5-də isə məktəbin həyatında mühüm hadisə baş verib. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində Ordubad Texniki-Peşə və Sürücülük Məktəb Kompleksinin açılışı olub.
Açılış mərasimində çıxış edən Ali Məclisin Sədri deyib: “Bu gün muxtar respublikada gənclərə peşə təhsili vermək üçün lazımi imkanlar vardır. Hazırda muxtar respublikada yataqxanası olan peşə məktəb kompleksləri fəaliyyət göstərir. Bu məktəblərdə oxuyan gənclərə dövlətimiz tərəfindən təqaüd verilir. Bu gün Ordubad şəhərində istifadəyə verilən 522 yerlik peşə məktəbində müdavimlərin hərtərəfli təhsil alması, eləcə də məktəbin 100 yerlik yataqxanasında onların yaşayışı və qidalanması üçün lazımi şərait vardır. Muxtar respublikanın istənilən rayonundan, hətta Azərbaycanın digər bölgələrindən də müraciət edənlər bu məktəbdə təhsil ala bilərlər. Peşə məktəblərinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaqdır. Çünki peşəsi olmayan gənc gələcəkdə heç nəyə müvəffəq ola bilməz”.
Bu günlərdə məktəbdə olduq. Pedaqoji kollektivi təbrik etdik. Ordubad Texniki-Peşə və Sürücülük Məktəbinin direktoru Nicat Rzayev dedi ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin muxtar respublikada uğurla davam etdirilməsi iqtisadiyyatın sürətli inkişafına, yeni müəssisələrin və iş yerlərinin açılmasına səbəb olub. Yeni iş yerlərinin açılması isə ixtisaslı və peşəkar kadrlara olan tələbatı artırıb. Bu səbəbdən də son illər muxtar respublikada peşə təhsilinin inkişafı diqqət mərkəzində saxlanılır, peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazası ilbəil möhkəmləndirilir. Ordubad Texniki-Peşə və Sürücülük Məktəbinin yeni binada fəaliyyətə başlaması bu sahəyə qayğının davamlı xarakter aldığının göstəricisidir. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət məktəbdə 12-si elektron lövhəli olmaqla, 28 sinif otağı, 4 emalatxana, şahmat sinfi, müəllimlər, kompüter, tibb və arxiv otaqları, 2000-ə yaxın dərs vəsaiti və bədii ədəbiyyatın mövcud olduğu kitabxana, 2 bərbər otağı, bufet, idman zalı və hərbi kabinə müəllim və müdavimlərin ixtiyarına verilib. Bu təhsil ocağında qadın bərbəri, bərbər, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, xalçaçılıq, traktorçu-maşinist, qazanxana maşinisti, aşpaz köməkçisi, ofisiant, avtomobil sürücüsü, elektrik və rabitə montyoru ixtisasları tədris edilir. Bütün sinif otaqları ayrı-ayrı ixtisaslara uyğun əyani vasitələrlə təchiz olunub. Məktəbin yataqxana binasında istirahət otaqları, camaşırxana, yeməkxana, komendant otağı, əşya və ərzaq anbarları vardır.
Direktor söhbətinə davam edərək deyir ki, başqa rayonlardan gələn müdavimlər də diqqət və qayğı ilə əhatə olunublar. Onlar hər cür şəraiti olan yataqxana və gündə 3 dəfə yeməklə təmin edilirlər. Məktəbdəki ixtisaslar üzrə 150 müdavim təhsil alır. Onlar 26 istehsalat təlimi ustasından oxuduqları peşənin sirlərini öyrənirlər. Müdavimlər məktəbin təlim meydançasında əyani vərdişlərə yiyələnirlər. Onların praktik vərdişlərinin artırılması üçün minik avtomobilinin xidmətindən istifadə edilir. Kollektiv Ordubad Texniki-Peşə və Sürücülük Məktəbi üçün yaradılan şəraitə görə dövlətimizə öz dərin minnətdarlığını bildirir.
Tədris korpusu ilə ilk tanışlığımız xalça emalatxanasından başlayır. Burada müəllimə Vəfa Hacıyeva 10 nəfər müdavimə xalçaçılıq sənətinin sirlərini öyrədir. Beş dəzgah arxasında əyləşən gənc xalçaçılar milli ornamentlərdən istifadə edərək həvəslə xalça toxuyurlar.
Məktəbin sürücülük kursunda 21 oğlan və 16 qız təhsil alır. Müdavimlərin ixtiyarında ən müasir avadanlıqlarla təchiz edilmiş trinajor otağı, elektron lövhəli fənn kabinələri, təlim meydançası və “NAZ Lifan-320” markalı minik avtomobili vardır. Bu kursda dərsləri ali təhsilli nəqliyyat mütəxəssisi Coşqun Məmmədov və Sərxan Həsənli tədris edirlər.
Məktəbdə rabitə montyoru, qadın və kişi bərbəri, aşpaz, ofisiant hazırlayan kurslarda da tədrisin yüksək səviyyədə aparıldığının şahidi oluruq. Bunun üçün fənn kabinələri və emalatxanalar elektron lövhə, əyani vəsaitlər, geyim dəstləri və digər materiallarla ən yüksək səviyyədə təchiz edilib.
Məktəbə gəlmişkən müəllimlərin, valideynlərin, müdavimlərin ürək sözlərini dinlədik. Məktəbin əlaçı müdavimi Şəbnəm Vəliyeva bildirdi ki, peşə öyrəndiyi məktəbin indiki binası ali məktəblərimizin binalarından seçilmir. Bu isə onların yaxşı təhsil almasına imkan verir.
Valideyn Dünya Hüseynova deyir ki, övladlarımızın belə təhsil ocaqlarında müxtəlif peşələrə yiyələnmələri üçün yaradılan şərait muxtar respublikada gənclərə və yeniyetmələrə, nəticə etibarilə, gələcəyimizə qayğının ifadəsidir. Gənclərimiz bunu dərindən dərk etməli, layiqli mütəxəssis kimi yetişərək həyatımızın müxtəlif sahələrində öz sözlərini deməlidirlər.
Müəllim Xanım Əliyeva: – Müasir layihə əsasında yenidən qurulan, maddi-texniki bazası zənginləşdirilən məktəbdə yaradılan şərait kollektivin məsuliyyət hissini daha da artırıb. Ona görə də məktəbin kollektivi öz işini kompleksin açılışında müəllimlərlə görüşən Ali Məclis Sədrinin verdiyi tövsiyələr əsasında qurub: “Ordubad Texniki-Peşə və Sürücülük Məktəbinin müasir şəraiti vardır. Gənclər burada hərtərəfli təhsil ala biləcəklər. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, məktəbdə nizam-intizam və tələbkarlıq artmalıdır. Müasir texnologiyalar, yeni innovasiyalar gənclərə hərtərəfli öyrədilməli, peşəkar mütəxəssislər yetişdirilməlidir. Müəllimlər daim öz üzərlərində işləməli, yeni tədris metodları tətbiq olunmalıdır”.
Muxtar Məmmədov