Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində Azərbaycanda ilk dəfə olaraq “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə həyata keçirilib. Həmin proqram-layihə çərçivəsində Naxçıvandan olan 6 tələbə Çinin “Huawei” şirkətində istehsalat təcrübəsi keçəcək.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində müsabiqədən keçib Çinə istehsalat təcrübəsinə göndəriləcək tələbələrlə görüş olub.
Görüşdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin bir sıra ixtisasları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Müvafiq ixtisaslarda təhsil alan tələbələrlə görüşlər keçirilir, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün köməklik göstərilir.
Tərəfdaş şirkət barədə məlumat verən Rövşən Məmmədov qeyd edib ki, nazirlik dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı şirkətlərdən olan Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə uzun illərdir, uğurlu əməkdaşlıq edir. Qeyd olunub ki, ötən ilin sentyabr ayında “Naxçıvan” Universitetində İnformasiya Texnologiyaları Mərkəzi yaradılıb. Mərkəzdə “Huawei” şirkətinin istehsalı olan avadanlıqlar, yeni nəsil çeviricilər və şəbəkə avadanlıqları qurulub.
Vurğulanıb ki, “Huawei” şirkətinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq treninq proqramı həyata keçirilib və bu proqrama Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universiteti qatılıb. Bildirilib ki, ikihəftəlik proqram çərçivəsində tələbələr əvvəlcə Pekinə gedərək Çin mədəniyyəti ilə tanış olacaqlar. Daha sonra onlara “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən ofisində müasir texnologiyaların öyrənilməsi və istehsal üzrə təlimlər keçiriləcək.
Sonda tələbələrə uğurlar arzulanıb və onlara hədiyyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti