Dərs ilinin başa çatdığı yay dövründə məktəblilərin asudə vaxtlarının səmərəli keçməsində məktəbdənkənar tərbiyə müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan Babək Rayon Ekoloji Tərbiyə Mərkəzinin dərnəklərində aparılan məşğələlərdən reportaj hazırlamaq üçün rayona üz tutduq. Qeyd edək ki, ekoloji tərbiyə mərkəzinin əsas məqsədi şagirdlərə ekoloji biliklər verməklə təbiəti mühafizə, təbii sərvətlərdən səmərəli istifadə olunması və bu sərvətlərin qorunaraq gələcək nəsillərə çatdırılmasının dövlətimizin prioritet məsələlərindən biri olmasını aşılamaq, bugünkü məktəblilərin təbiətə məhəbbət ruhunda formalaşdırılmasına nail olmaqdır.
Öyrəndik ki, bu məktəbdənkənar tərbiyə müəssisəsində 26 adda dərnək fəaliyyət göstərir. Cədvəl üzrə məşğələlərdə iştirak etmək, dərnəklərdə ekoloji tərbiyənin necə aşılanması ilə tanış olmaq istədik. Əvvəlcə Babək Rayon Ekoloji Tərbiyə Mərkəzində olduq. Mərkəzin direktoru Ramiz Babayevdən mərkəzin neçənci ildən fəaliyyət göstərdiyini soruşduq. Direktor rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətə başladığı ildən xəbərsizdir. Öyrəndik ki, Fauna və ekologiya dərnəyinin rəhbəri elə Ramiz müəllimdir. Həmin gün dərnəyin məşğələsi olsa da, dərnək aparılmırdı. Kənd təsərrüfatı və ekologiya dərnəyi Babək qəsəbə 2 nömrəli tam orta məktəbdə təşkil edilib. Lakin dərnək rəhbəri Süsənbər Əsgərova nə özü yerində idi, nə də dərnək üzvləri. Eyni vəziyyətin Şəkərabad kənd tam orta məktəbində də şahidi olduq. Burada Heyvanşünaslıq və ekologiya dərnəyinin müəllimi Vaqif Məhərrəmov və şagirdləri yerində yox idi.
Növbəti günlərdə başqa məktəblərdə də təşkil olunmuş dərnək məşğələlərində iştirak etmək istədik. Yarımca kənd tam orta məktəbində Əhali və ətraf mühit üzrə Kifayət Səfərovanın, Hacıvar kənd tam orta məktəbində Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri üzrə Telli Rəhimovanın məşğələlərinin cədvəldə yalnız adıdır.
Kərimbəyli kənd tam orta məktəbində isə məlum oldu ki, Gülçülük və ailə dərnəyi üzrə Ceyran Əzimova ötən ildən bu yana heç bir məşğələ keçməyib. Kültəpə kənd tam orta məktəbində Heyvanşünaslıq dərnəyi üzrə Elşad Məmmədov da məktəbdə heç bir məşğələ aparmır.
Ümumiyyətlə, bir neçə gün ərzində müşahidələr apardığımız məktəblərdə nə müəllim gördük, nə də dərnək üzvü. “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunan 2016-cı ildə mərkəzin müəllimlərinin öz işlərinə belə biganə yanaşmalarına nə ad vermək olar?
Müşahidələrimizi Kəngərli Rayon Ekoloji Tərbiyə Mərkəzində aparmağa davam etdik. Cədvəldə mərkəzin adının səhv yazılması təəssüf doğurur. İlk olaraq Xok kəndindəki Əbülfəz Bayramovun Meşəçiliyin əsasları dərnəyinə üz tutduq. Məşğələdə iştirak etmək istədik. Təəssüf ki, burada da heç bir məşğələ aparılmırdı. Böyükdüz kəndində Vaqif Babayev tərəfindən Azərbaycan torpaqlarının ekologiyası dərnəyinin cədvəllə müəyyən edilmiş məşğələsi keçirilməli olan otaq boş idi.
Müşahidələrimizdən belə qənaətə gəlirik ki, cədvəl formal olaraq tutulub. Müəllimlərin cədvəldə adı var, özləri isə məşğələ keçmirlər.
Dərnək rəhbərləri uşaqlara məşğələlərdə təbiətimizi sevdirməyi, ekologiyamızı qorumağı, kənd təsərrüfatı ilə məşğul olmağın üstünlüklərini izah etmək kimi vacib məsələləri yerinə yetirməyə borcludurlar. Birinci ona görə ki, əməkhaqqı alırlar. İkinci bir tərəfdən bu vəzifələri yerinə yetirmək onların ziyalılıq borcudur. Unutmaq olmaz ki, ekoloji tərbiyəyə hələ kiçik yaşlardan başlanılmalıdır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxış formalaşdırmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq lazımdır. Kiçik yaşlardan buna diqqət yetirilməzsə, uşaqda təbiətə, fauna və floraya qarşı laqeydlik, hətta qəddarlıq, rəhmsizlik hissləri baş qaldıra bilər. Təbiətə qarşı qəddarlıq təbiət gözəlliklərinə laqeydlikdən, ətraf aləmə qeyri-həssas münasibətdən, bir sözlə, uşaq qəlbində xeyirxahlıq hisslərinin kütləşməsindən başlanır. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda ekoloji maarifləndirmə işi diqqətdə saxlanılan məsələlərdən biridir. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən aksiyalarda yüzlərlə gənc fəal iştirak edib. Muxtar respublikada bu sahəyə önəm verildiyi bir zamanda ekoloji tərbiyə mərkəzlərinin işlərini belə yarıtmaz səviyyədə qurmaları düşündürücüdür.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu gün uşaqların ekoloji tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Məhz bu baxımdan ekoloji tərbiyə mərkəzlərinin üzərinə mühüm vəzifələr düşür. Qalır ki, həmin vəzifələri yerinə yetirəsən. Artıq dərs ili başa çatmaqdadır. Yeni dərs ilində mərkəzlərdə məşğələlərin yüksək səviyyədə keçirilməsini arzu edirik!
Sara Əzimova