Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində muxtar respublikada fəaliyyət göstərən Ekoloji Tərbiyə və Texniki Yaradıcılıq mərkəzləri tərəfindən keçirilən dərnək məşğələləri üçün hazırlanmış nümunəvi tədris proqramlarının təqdimatına həsr edilmiş yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov açaraq muxtar respublikada məktəbdənkənar müəssisələrin qarşısına qoyulan vəzifələr barədə danışıb, bu müəssisələrdə nümunəvi tədris proqramlarının tətbiqinin günün tələbi olduğunu deyib. Qeyd edilib ki, gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğı təkcə orta təhsil ilə məhdudlaşmayıb, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti üçün də nümunəvi şəraitin yaradılmasına diqqət artırılıb. Uşaqların əməksevərlik ruhunda tərbiyə olunduğu və istedadlarının inkişaf etdirildiyi, eyni zamanda ekoloji problemlərin həllinə xüsusi diqqət yetirildiyi hazırkı dövrdə məktəblilərin elmi yaradıcılıq fəaliyyətinə cəlb olunmasının, ətraf mühitin qorunmasında xüsusi bacarıqlarının inkişaf etdirilməsinin böyük əhəmiyyəti vardır.
Təhsil alan gənclərdə insan-cəmiyyət-təbiət sistemində qarşılıqlı əlaqələr haqqında anlayışların, fəal vətəndaşlıq mövqeyinin və ekoloji məsuliyyətin formalaşdırılması, informasiya texnologiyaları sahəsində bacarıqların inkişaf etdirilməsi əsas vəzifələrdir. Belə tərbiyə mərkəzlərinin əsas vəzifəsi gənc nəsildə erkən yaşlarından ekoloji təfəkkürün formalaşması və yaradıcılıq potensialının aşkara çıxarılmasıdır. Məktəbdənkənar tərbiyə müəssisələrində yeni metodların və müasir təlim texnologiyalarının tətbiq olunması məktəblilərin asudə vaxtlarının səmərəli təşkilini göstərən əsas meyardır. Bəhs olunan məktəbdənkənar tərbiyə müəssisələrində təcrübəyə əsaslanan tədris prosesində yeni innovativ layihələrin və təlim texnologiyalarının tətbiqi təlim-tərbiyə işinin təkmilləşdirilməsinə şərait yaradır.
Bildirilib ki, bu işdə dərnək rəhbərlərinin üzərinə mühüm vəzifələr düşür. Dərnək rəhbərləri müasir tədris metodlarından və innovasiyalardan istifadəyə üstünlük verməli, nizam-intizama diqqət yetirməli, vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər. Hal-hazırda qarşıya çıxan problemlərdən biri də metodik vəsaitlərin çatışmazlığıdır. Yaxın vaxtlarda bu problem də aradan qaldırılacaq.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin direktoru Bahadur Fərəcov, Texniki Yaradıcılıq Mərkəzinin direktoru Sevinc Mirzəyeva, Şərur Rayon Ekoloji Tərbiyə Mərkəzinin direktoru Vaqif Cabbarov, Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin direktoru Anar Hüseynov rəhbərlik etdikləri məktəbdənkənar müəssisələrdə tədrisin vəziyyəti barədə məlumat verib, görülən işlər və qarşıda duran vəzifələr, dərnək rəhbərlərinin müasir tədris proqramlarından istifadəsinin vacibliyi barədə danışıblar.
Sonda məktəbdənkənar müəssisələrin rəhbərlərinə “Ekoloji dərnək məşğələlərinin nümunəvi tədris proqramları” və “Texniki Yaradıcılıq mərkəzlərində aparılan dərnəklərin nümunəvi tematik planı” adlı tədris vəsaitləri təqdim olunub.
Fatma Babayeva